BolgeXeber.Com » Analitika » Nazir milyarder Fərhad Əhmədovu himayə edir

Nazir milyarder Fərhad Əhmədovu himayə edir

27-06-2013, 16:50
Oxunub: 3 997 Hüquqları pozulmuş səhmdarlar Vergilər Nazirliyinin qarşısında piketə hazırlaşırlar; “Aznar” QSC-nin sahibi Fərhad Əhmədov böyük məbləğləri vergidən yayındırmaqda ittiham edilir

“Teymur Əhmədov adına AzNar”" QSC-nin bir qrup səhmdarı (Şahin Əlizadə, Bəşir Bayramov, Vəzir Rəcəbov) mətbuat konfransı keçirərək, bu qurumun İdarə Heyətini gəlirləri gizləməkdə, Vergilər Nazirliyini isə buna hamilik etməkdə ittiham ediblər. Səhmdar Şahin Əlizadənin sözlərinə görə, onlara son 3 il üçün maliyyə hesabatları verilmir. “2009-cu ildə meyvə şirələrinin istehsalına xərclər (üzüm, alma və s.) 2 milyon 898 min 632 manat təşkil edib.
Məhsul satışından QSC-yə 1 milyon 700 min 953 manat daxil olub. Müəssisənin ziyanı guya 1 milyon 439 min 781 manat təşkil edib. Müəssisənin müəmmalı zərərli fəaliyyəti bu günə qədər davam edir. 2012-ci ildə keçirilmiş ümumi yığıncaqda bildirilib ki, 2011-ci il üçün dəyən ziyan 1 milyon manatdan çox olub”.
Səhmdar Vəzir Rəcəbov qeyd edib ki, “AzNar” QSC-nin məhsulunun 90 faizi ixracata gedir. “Alıcı ”AzNar" QSC-nin nəzarət paketinin sahibi, əslən azərbaycanlı olan Rusiya milyarderi Fərhad Əhmədova məxsus olan “Grante” MMC-dir". Yəni açıq-aşkar şirə satışından daxilolmaların çox az bir qismi gəlirlərə daxil edilir. “AzNar” QSC-nin Əhmədov tərəfindən təyin edilmiş idarə heyəti bu əməlləri ilə vergi ödənişindən yayınır, səhmdarlar isə dividentlərdən məhrum olur".
Səhmdarlar cəmiyyətin vergidən yayınmasını təfsilatı ilə şərh edirlər: “Rusiyada təbii nar şirəsi ölkənin manatın məzənnəsi ilə 8,32 manata satılır. Ancaq QSC-də təbii nar şirəsinin bir butulkasının maya dəyəri cəmi 2,6 manata başa gəlir. Yəni məhsul maya dəyərindən 3,2 dəfə baha qiymətinə satılır. Rusiyada manatın məzənnəsi ilə 3,05 manata satılan alma şirəsinin bir butulkasının maya dəyəri 1,6 manata başa gəlir. Yəni maya dəyərindən 2 dəfə baha qiymətə satılır. Cəmiyyətin istehsal gücü milyonlarla ölçüldüyünə görə söhbət milyonların dövlət büdcəsindən yayındırılması, səhmdarların isə dividentdən məhrum edilməsi deməkdir”.
Səhmdarlar iddia edir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, Vergilər Nazirliyi şikayətlərə obyektiv baxmaqdan yayınır. Bununla əlaqədar olaraq, səhmdarlar Prezident Administrasiyasına müraciət etməyə və Vergilər Nazirliyi önündə piket keçirməyə hazırlaşırlar. Onlar hüquqlarının pozulması ilə barışmayacaqlarını, sona qədər mübarizə aparacaqlarını vurğulayırlar.
Səhmdar Bəşir Bayramov qeyd edib ki, QSC nizamnaməsinə zidd olaraq, idarə heyəti ümumi toplantılardan əvvəl və sonra səhmdarlara illik maliyyə hesabatları təqdim etməkdən imtina edir. Buna görə də səhmdarlar şirkətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam məlumat ala bilmir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən "Turan"a bildiriblər ki, səhmdarların nazirliyin strukturunun fəaliyyətindən narazılığı araşdırılacaq.
Teymur Əhmədov adına “AzNar” QSC keçən əsrin 90-cı illərin sonunda özəlləşdirilən Göyçay Konserv ASC-nin hüquqi varisidir. Rusiyalı milyarder Fərhad Əhmədov sovetlər ittifaqı dövründə Göyçay Konserv Zavodunun direktoru olmuş Teymur Əhmədovun oğludur. O səhmdar cəmiyyətində nəzarət paketinin yiyəsinə çevriləndən sonra cəmiyyətin adını dəyişdirib. Cəmiyyət Teymur Əhmədov adına “AzNar” QSC kimi təkrar qeydiyyatdan keçib.musavat.com