BolgeXeber.Com » Analitika » Oqtay Şirəliyevin səhiyyəsində korrupsiya rüzgarı

Oqtay Şirəliyevin səhiyyəsində korrupsiya rüzgarı

27-06-2013, 18:40
Oxunub: 4 390 Xətaidəki 7 saylı poliklinikada arayış alveri: Bağlı şöbələrin adından arayışları kim, hansı əsasla verir?

Qəzetimizin ötən sayından Xətai rayonundakı 7 saylı poliklinikanın rəhbəri Şəlalə Səfərova ilə bağlı özəl mənbənin verdiyi ilginc məlumatları diqqətinizə çatdırmışdıq. Bugünlərdə yenidən redaksiyamızla təmasa keçən mənbə baş həkimlə bağlı daha bir neçə məqama aydınlıq gətirib.

Rentgen şöbəsi bağlanıb, rentgen möhürü isə işləməkdədir

Mənbənin bildirdiyinə görə, Ş.Səfərovanın yol verdiyi qanunsuzlqulardan biri də təxminən 10 aydır ki, bağlı olan rentgen şöbəsinin möhürü ilə vətəndaşlara saxta arayışlar verməsidir: “Ş.Səfərova poliklinika əsaslı təmirə bağlanandan və 6 saylı poliklinikaya köçürüləndən sonra da arayış alverindən imtina etməmiş, əksinə bu yöndəki fəaliyyətini bir qədər də intensivləşdirmişdir. Lakin baş həkimin qanunsuz əməllərində diqqət çəkən ən mühüm məqam onun rəsmi şəkildə qapadılan şöbələrin adından da vətəndaşlara arayış verməsi ilə bağlıdır. Ş.Səfərova təxminən 10 ay ərzində müayinə üçün müraciət edən vətəndaşlara 7 saylı poliklinikanın rentgen şöbəsinin möhürü ilə arayışlar verib ki, əslində bu şöbə arayış verilən tarixdə mövcud olmayıb. Olmayan, fəaliyyət göstərməyən bir şöbənin adından arayışlar verən və bu arayışlara 7 saylı poliklinikanın rentgen şöbəsinin möhürünü vuran Ş.Səfərova, bununla da vətəndaşın adəçəkiən poliklinikanın rentgen şöbəsindən keçdiyini təsdiqləyir. Halbuki, verilən arayışların tarixi ilə rentgen şöbəsinin bağlanması tarixini müqayisə etsək görərik ki, əslində arayış verilən tarixdə rentgen şöbəsinin fəaliyyətinə xitam verilib”.

Şəlalə Səfərova ekstrasensdirmi?

Bilgili qaynağın məlumatına görə, vətəndaşları rentgen müayinəsindən keçirmədən onlara bununla bağlı müvafiq arayışlar verən Ş.Səfərova, faktiki olaraq həkim deyil, ekstrasens mövqeyindən çıxış edir: “Yəqin hər kəs razılaşar ki, hansısa həkim müayinə üçün ona müraciət edən vətəndaşı rentgen aparatından keçirmədən onun sağlam olduğu ilə bağlı arayış verirsə və bu arayışa rentgen şöbəsinin möhürünü vurursa, deməli, bu insanda rentgen aparatını əvəz edən qeyri-adi bacarıq və qabiliyyət olmalıdır. Başqa sözlə desək, həmin şəxsdə müəyyən ekstrasenslik qabiliyyəti olmalıdır ki, vətəndaşı rentgendən keçirmədən ona bu barədə müvafiq arayış versin. Lakin Ş.Səfərovanın belə bir addım atdığını nəzərə alsaq, söyləyə bilərik ki, hörmətli baş həkimdə kifayət qədər güclü ekstrasesnlik qabiuliyyəti mövcuddur. Çünki bu cür qabiliyyət olmadan onlarla insana rentgen şöbəsi adından arayış vermək mümkün deyil. Bu baxımdan hesab edirik ki, Ş.Səfərovanın ekstrasenslik qabiliyyətinin Azərbaycan respublikasının Səhiyyə Nazirliyi tərəfindən məxsusi olaraq araşdırılmasına ehtiyac var. Əgər deyilənlər öz təsdiqini taparsa, yəni Ş.Səfərovanın estrasens olduğu isbatlanarsa, o zaman gələcəkdə onun rəhbərlik etdiyi poliklinikaya rentgen aparatı qoymağa ehtiyac qalmayacaq. Belə ki, vətəndaşların üzünə və daha sonra cibinə nəzər salan Ş.Səfərova dərhal şəxsi nəzərləri ilə rentgendən keçirərək lazımi arayışı verəcəkdir. 7 saylı poliklinikaya veriləcək rentgen aparatını isə baş həkimi ekstrasens olmayan başqa xəstəxanalara vermək olar ki, bu da dövlət büdcəsi üçün ciddi qənaət deməkdir”.

Şəlalə Səfərovanın mətbuat qorxusuzluğu

Mənbənin bildirdiyinə görə, bugünə qədər ölkə mətbuatında Ş.Səfərovanın “aktivliyi” ilə bağlı bir neçə məqalə dərc olunsa da, baş həkim bu yazıların heç birinə əhəmiyyət verməyib: “Bu vaxta qədər 7 saylı poliklinikanın baş həkimi Ş.Səfərova ilə bağlı ölkə mətbuatında bir sıra məqalə dərc olunsa da, baş həkim bu yazılara və orada səsləndirilən ittihamlara qeyri-ciddi yanaşıb. Ş.Səfərovanın özünün dediyinə görə, bu yazılardan sonra onunla görüşən himayədarları mətbuatın hazırda hörmətsiz durumda olduğunu qeyd edərək ona “belə boş şeylərə” əhəmiyyət verməməyi tövsiyyə etmiş, baş həkimə “sükanı belə saxla” təlimatını vermişdir. “Yuxarıların” bu mövqeyindən daha da ürəklənən Ş.Səfərova bundan sonra daha da cəsarətlənmiş və mətbuatda onun haqqında dərc olunan tənqidi yazılara əhəmiyyət verməyin vaxt itkisindən başqa bir şey olmadığını düşünmüşdür. Baş həkim bu gün də hesab edir ki, önəmli olan “yuxarıların” razılığıdır və əgər “yuxarıda” hər şey yaxşıdırsa, demək nədənsə narahat olmağa dəyməz”.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

P.S.Gələn saylarımızda sizi Şəlalə Səfərovanın konkret kimlər tərəfindən himayə olunduğu ilə bağlı ilginc məlumatlar verəcək, habelə baş həkimin qanunsuz arayışlarının bəzilərinin surətini qəzetimizdə çap edəcəyik.