BolgeXeber.Com » Analitika » Əhməd Əhmədzadənin bulanıq tenderləri-FOTOLAR

Əhməd Əhmədzadənin bulanıq tenderləri-FOTOLAR

28-06-2013, 12:20
Oxunub: 5 240 “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişləri ilə alınan texnikanın sayı gizlədilir

“Meliorasiya və Su Təsərrüfatı” ASC xüsusi texnika (buldozer, ekskavator, traktor və s.), nasos stansiyaları, elektrik avadanlığı alınması üçün tender elan edib. Tender 35 lot üzrə keçirilib və 15 şirkət qalib olub. Bu barədə “Turan” məlumat yayıb.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, müqavilələrin ümumi qiyməti 32,5 milyon manat olub. ASC-nin əsas tədarükçüləri “Grand Motors”, “Ramma”, “AS Texnika”, “Kaskad-3”, “ART Proje”, “Cavidan-N”, “İmprotex Trucks Buses”, “Hidromaş servis” müəssisələri, Gəncə Avtomobil Zavodu və başqalarıdır. Amma alınan texnikanın miqdarı barədə məlumat verilmir. ASC-nin saytında xüsusi texnika parkı barədə informasiya yoxdur.
Bundan başqa, tenderlərdə qanunvericiliyə əməl edilməsi də şübhəlidir. Tender qanunvericiliyinə görə, iştirakçı şirkətlərin ən azı 5 illik təcrübəsi olmalıdır. Ancaq sadalanan şirkətlərin əksəriyyətinin internet resursu belə yoxdur. Böyük ehtimalla bu şirkətlərin çoxu elə tenderdə “qalib gəlmək” üçün yaradılıb.
Bu, Azərbaycan təcrübəsində çox geniş yayılmış bir metoddur. Şirkət təsis edilir, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir, tenderə buraxılır. Sonda 3-4 ay öncə təsis edilən şirkət tenderdə iştirak edən, ən azı 7-8 il təcrübəsi olan müəssisələrə “qalib” gəlir. Elə bu səbəbdən də normal şirkətlər belə tenderlərə maraq göstərmir. Çünki belə tenderlərin qalibi öncədən bəlli olur. Praktikada hətta belə hallar da baş verib ki, eyni işə görə daha az vəsait tələb edən şirkət tenderdə “uduzub” və daha çox vəsaitə iddia edən şirkət “qalib gəlib”. Böyük ehtimalla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərində də tip şirkətlər “qalib gəlib”.
Onu da qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC ən çox büdcəsi olan iri dövlət müəssisələri kateqoriyasına daxildir. 2013-cü ildə ASC-yə 233 milyon manat vəsait ayrılıb. Bundan başqa, dövlət büdcəsinin investisiya proqramı çərçivəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə yüz milyonlarla manat dövlət sərmayəsi yatırılıb. Təkcə 2005-2012-ci illərdə müəssisəyə 760 milyon 850 min manat (təxminən 1 milyard dollar) dövlət sərmayəsi yatırılıb. 2005- cildə 12 milyon 149 min manat, 2006-cı ildə 18 milyon 423 min manat, 2007-ci ildə 71 milyon 703 manat, 2008-ci ildə 87 milyon manat, 2009-cu ildə 88 milyon 57 min manat, 2010-cu ildə 132 milyon 405 min manat, 2011-ci ildə 192 milyon 980 min manat və 2012-ci ildə 290 milyon manat (mənbə: Dövlət investisiyalarının bölüşdürülməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamları-red.).
Virtualaz.org xəbər verir ki, 2013-cü ildə dövlət investisiya proqramından ASC-yə nə qədər vəsaitin ayrılması ilə bağlı hələ də məlumat yoxdur. Nazirlər Kabineti əslində ictimaiyyətə çoxdan açıqlamalı olduğu bu məlumatı “kommersiya sirri” kimi ciddi-cəhdlə qapalı saxlamağa çalışır.
Bundan başqa, “Meliorasiya və Su Təsərrüfatı” ASC beynəlxalq maliyyə institutlarından 600 milyon dollara yaxın kredit alıb (mənbə: Maliyyə Nazirliyinin məlumatları-red.). Meliorasiya sisteminə xarici kreditlərlə birlikdə 1,6 milyard dollar vəsaitin xərclənməsinə baxmayaraq bu sahədə hələ də müsbət irəliləyiş yoxdur.
2010-cu ilin Kür daşqınları göstərdi ki, ASC pulları çox səmərəsiz xərcləyir. Əslində bu Kür daşqınlarına elə müəssisənin yarıtmaz fəaliyyətinin səbəb olması barədə iddialar var. Məsələ bundadır ki, mütəxəssislər daşqınların belə fəlakətli miqyas almasında Kürün deltasının (çayın dənizlə qovuşduğu hissə) təmizlənməməsi əhəmiyyətli rol oynamışdı. Meliorasiya ekspertlərinin bildirdiyinə görə, deltanın təmizlənməsi xərcləri 1 milyon manatdan yuxarı deyil. Ancaq ASC 1,6 milyard dolların 0,01 faizini də bu məqsəd üçün xərcləməkdə xəsislik edib. Nəticədə bir Kür daşqınları bir neçə iri yaşayış massivində böyük dağıntılara səbəb olub və üstündən 3 il keçməsinə baxmayaraq daşqınların nəticələrini aradan qaldırmaq mümkün olmayıb. Belə çıxır ki, 1,6 milyard dollarının əhəmiyyətli kəsimi göyə, daha doğrusu, ciblərə sovrulub. Buna baxmayaraq ASC İdarə Heyətinin sədri Əhməd Əhmədzadə nəinki yarıtmaz fəaliyyətə görə cəzalandırılmadı, əksinə, yenə də müəssisəyə böyük məbləğli dövlət sərmayələrinin qoyuluşu davam etdirilib. Əgər 2010-cu ildə ASC-yə 132 milyon manat dövlət sərmayəsi yatırılmışdırsa, 2011-ci ildə bu rəqəm 192 milyon manata, 2012-ci ildə isə 290 milyon manata çatıb. Yəni 2010-cu illə müqayisədə dövlət investisiyalarının həcmi iki dəfədən çox artıb. Yəqin ki, korrupsiyanın səviyyəsi də investisiyaların artım tempinə uyğunlaşdırılıb.
Bolgexeber.com