BolgeXeber.Com » Analitika » Mikayıl Cabbarovun kadr dəyişikliyinin pərdəarxası məqamları

Mikayıl Cabbarovun kadr dəyişikliyinin pərdəarxası məqamları

1-07-2013, 08:50
Oxunub: 5 981 Təhsil naziri Mikayıl Cabbarov vəzifəyə təyin olunandan bəri xeyli kadrı işdən çıxarıb. Yeni nazirin bu davranışı kənardan təhsil sistemində kadr islahatı kimi dəyərləndirilsə də əslində bu prosesi bəzi ciddi ekspertlər saraydaxili intriqanın təzahürü kimi yozurlar. M.Cabbarov şərti olaraq Bakı qruplaşması kimi təqdim olunan klanın, hakimiyyətdəki ikinci soy ad kimi təqdim olunan Paşayevlərin nümayəndəsi sayılır.


Onun nazir postuna təqdimatının da hakimiyyətdəki bu qruplaşma tərəfindən verildiyi deyilir. Danılmaz faktdır ki, Azərbaycanın təhsil sistemi ən regionçu sistemdir. Və təəssüf ki, təhsil sistemi bu statusunu hələ də qoruyub saxlamaqdadır. Bunun da əsasını keçmiş nazir Misir Mərdanov qoyub. İndi görünür Bakı klanı təhsil sahəsində bir regionçuluğu dağıdıb yerində başqa bir regionçuluq qurmağa çalışır...
***
Təhsil sistemində gedən proseslərlə bağlı redaksiyamıza vaxtaşırı özəl məlumatlar daxil olur. Hərçənd ki, hər gələn məlumatı da çap etmək olmur. Bunun da müxtəlif səbəbləri olur. Amma elə xəbər də var ki, onu ictimai əhəmiyyətinə görə tirajlamamaq qaçılmazdır. İndi təqdim edəcəyimiz xəbər də o kateqoriyadandır.
Təhsil Nazirliyindəki mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, nazir Mikayıl Cabbarov iyunun 29-da öz müavini Qulu Novruzova istefa ərizəsi yazdırıb. Bunun səbəbləri haqda mənbə detallı bilgi verməsə də bildirir ki, hər halda bu addımı M.Cabbarov “yuxarılar”ın icazəsi olmadan atmayıb. Qaynağımız bildirir ki, bəlkə də Q.Novruzovun istefa ərizəsini yazmasını məhz “yuxarılar” “tövsiyə” edib...
Mənbə bunun səbəbini bu cür izah edir ki, Q.Novruzov əslən naxçıvanlıdır. Bir qədər də dəqiqləşdirsək, o, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəndir. Mənbə bildirir ki, nazirlik kluarlarında dolaşan söz-söhbətlərə görə, Q.Novruzovun “vurulmasına” səbəb onun elə naxçıvanlı olmasıdır. Təhsil Nazirliyi Bakı klanının tam və birmənalı nəzarətinə keçəndən sonra (bəzi iddialara görə, 2008-ci ildən sonra Təhsil Nazirliyi Bakı qruplaşmasının - Paşayevlərin - patronajlığına verilibmiş-red.) bu sistemdəki Naxçıvan və Qərbi Azərbaycan kökənli kadrların kütləvi şəkildə vurulacağı gözlənilən idi.
Mənbə onu da bildirdi ki, nazir müavinlərinin işə qəbulu və işdən azad edilməsi ölkə prezidentinin fərmanları əsasında baş verir. Görünür hakimiyyətdəki Naxçıvan klanını incik salmamaq üçün Qulu Novruzovu prezident fərmanı ilə işdən çıxarmağı məqsədə uyğun saymayıblar. Ona istefa ərizəsi yazdıraraq guya vəzifədən könüllü getməsi haqda görüntü yaradırlar.
Xatırladaq ki, may ayının əvvəllərində Təhsil Nazirliyinin maliyyə idarəsinin rəisi Şahrza Əliyev də eyni metodla işdən çıxarılmışdı. Ona da istefa ərizəsi yazdırıb vəzifədən almışdılar.
Qulu Novruzovun karyerasının ulduzu 2011-ci ildə parlamışdı. Həmin il sentyabrın 14-də təhsil nazirinin üç müavini eyni gündə vəzifədən azad edildilər. Boş qalan nazir müavini postuna irəli çəkilənlərdən biri də Q.Novruzov oldu.
Dünən bazar günü olduğundan xəbəri Təhsil Nazirliyi ilə dəqiqləşdirə bilmədik. Buna baxmayaraq bu mövzuda nazirlik rəsmilərinin, həmçinin Qulu Novruzovun özünün hər hansı rəyi olarsa, məmnuniyyətlə çap etməyə hazırıq.musavat.com