RTŞ müdiri bağça müdirinə “atıb”
3-07-2013, 15:45
Oxunub: 7 204
Abşeron Təhsil Şöbəsində şok rüşvət qalmaqal
Bir müddət əvvəl ölkənin Təhsil Nazirliyinin rəhbərliyində baş vermiş dəyişiklik bu sahədə həyata keçirilən islahatların nəhayət ki, çoxdan gözlənilən nəticələr verəcəyinə böyük ümidlər yaratdı. Lakin zaman keçdikcə bu ümidlər də bir-bir boşa çıxırlar.
Təhsil sistemi respublika üzrə rüşvətxorluq və korrupsiyanın daha çox yer aldığı sahələrin siyahısında hələ də ilk yerlərdən birini, bəlkə də birincisini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında isə bu gün yenə də illərdən bəri rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edir. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək.
Bu gün isə ölkə təhsilində müşahidə olunan durum artıq elə bir kritik vəziyyətə çatıb ki, hətta bu sistemin daxilində yer almış bir çox məmur və qulluqçuların özləri belə korrupsiya mexanizminin dişli çarxları arasında qalaraq, bir anda əzilmiş, hüquqları pozulmuş tərəfə çevrilirlər. Bu günlərdə redaksiyamıza təqdim olunmuş növbəti şikayət ərizəsinin müəllifi də belə bir haqsızlığın qurbanı olub.
Bakı şəhər sakini Arzu Calal qızı Məmmədova öz ərizəsində bildirir ki, o, 2007-ci ilin oktyabr ayında işə düzəlmək məqsədilə Abşeron Rayon Təhsil Şöbəsinə müraciət edib. Şöbənin müdiri Nadir Ağayev Arzu xanımı qəbul edərək ona Abşeron rayonu 1 saylı uşaq bağçasının müdiri vəzifəsini təklif etmişdir. Lakin bu təyinatın müqabilində RTŞ müdiri A.Məmmədovadan 5000 (beş min) manat məbləğində rüşvət istəyib. Arzu xanım başqa yolla işə düzəlməyin mümkün olmayacağına əmin olduğundan, həmin məbləği düzəldərək N.Ağayevə verib.
Daha sonra A.Məmmədova ərizədə göstərir ki, o, düz 1 il 9 ay həmin bağçada müdir işləyib. Bu müddət keçdikdən sonra isə RTŞ müdiri Arzu xanımı yanına çağıraraq ona yeni bir “sərfəli” təklif edib. Bu dəfə Nadir Ağayev A.Məmmədovanı 8000 (səkkiz min) manat ödəmək şərtilə, daha “prestijli” sayılan 23 saylı bağçaya müdir keçirmək istədiyini bildirib.
Arzu xanım iddia edir ki, RTŞ müdirinin təklifini rədd etmək, öz xahişi ilə işdən azad olunmaq barədə ərizə imzalamağa bərabər bir hərəkət hesab oluna bilər. Buna görə də A.Məmmədova yenidən tələb olunan məbləği taparaq Nadir müəllimə verib.
Bundan sonra yeni təyinat da uğurla baş tutur. Beləcə 2011-ci ilə qədər Arzu xanımın əmək fəaliyyəti normal şəkildə davam edib. Həm də şikayətçı ərizəsində qeyd edir ki, işlədiyi bütün müddət ərzində hər ay RTŞ müdirinə 100 manat və şöbənin metodisti Samirə Məmmədovaya 50 manat olmaqla aylıq haqq ödəyib.
2011-ci ildə bağçada əsaslı təmir işləri başlayıb. Bir müddət sonra isə N.Ağayev Arzu xanımı növbəti dəfə yanına çağıraraq, ondan rəhbərlik etdiyi bağçaya bir nəfəri əvəzedici tərbiyəçi vəzifəsinə işə götürməsini tələb edib. Həmin vaxt 6 qrupu olan 23 saylı bağçada artıq 12 tərbiyəçi və 1 əvəzedici tərbiyəçi çalışıb. Yəni müəssisədə vakant vəzifə olmayıb. Elə bu səbəbdən də A.Məmmədova RTŞ müdirinin təklifini rədd etməli olur. Bundan əsəbiləşən Nadir müəllim isə, Arzu Məmmədovanın sözlərinə görə, onu təhqir edir və otağından qovur. Bu insident təbii ki, münasibətlərə böyük zərbə vurur.
A.Məmmədova bildirir ki, qaydalara əsasən il ərzində fəaliyyəti təftiş olunmuş bağçalar ilin sonunda yalnız Təhsil şurasının qərarına əsasən yenidən yoxlanıla bilərlər. Lakin Abşeron RTŞ-nin müdiri Nadir Ağayev şəxsi qərəzi səbəbindən hələ təmir işləri bitməmiş 23 saylı bağçanın fəaliyyətini təkrar yoxlamağa göstəriş verir. Həm də bu yoxlama əslində təftiş etmək səlahiyyəti olmayan metodist Samirə Məmmədovaya həvalə olunur. S.Məmmədova isə yoxlama nəticəsində qruplarda uşaqların sayının normadan artıq olduğunu “aşkar edir”.
Maraqlıdır ki, Arzu xanım da bağçada bu qayda pozuntusunun yer aldığını inkar etmir. Lakin A.Məmmədovanın iddiasına görə nəzərdə tutulan saydan artıq uşaqların bağçaya yerləşdirilməsi bilavasitə RTŞ müdirinin öz göstərişi ilə həyata keçirilib. Amma bu dəlil artıq Arzu xanımın “qələmini qırmış” N.Ağayev üçün arqument ola bilməzdi. Buna baxmayaraq A.Məmmədova tez bir zamanda yol verdiyi “nöqsana” görə işdən azad olunur.
Bundan sonra Arzu xanım RTŞ müdirindən, aldığı 13 min manatı geri qaytarmağı tələb edir. Vəziyyətin gərginləşdiyini görən Nadir müəllim, bir müddət A.Məmmədovanı Güzdək qəsəbəsində yeni işə təyinat barədə vədlərlə aldadır. Lakin sonradan mövqeylərini bir qədər də sərtləşdirən RTŞ müdiri Arzu xanıma nə iş, nə də pul ala bilməyəcəyini aşkar bəyan edir. A.Məmmədova qeyd edir ki, hətta son danışıqları zamanı Nadir Ağayev ona aldığı bütün pulları guya ki, Abşeron RİH-nin şöbə müdiri İradə xanıma verdiyini soyləyir və bütün iradlarını da həmin ünvana yönəltməyi tövsiyyə edir.
Amma Arzu Məmmədova bu problemin araşdırılması və həlli üçün müraciət etməyə tamamilə başqa ünvanlar seçir. Belə ki, bu gün Arzu Calal qızı Məmmədova mətbuat vasitəsilə bu məsələnin Respublika Prokurorluğunun diqqətini cəlb edə biləcəyinə çox ümid bəsləyir.
Öz növbəmizdə qeyd etmək istəyirik ki, bu material bütünlüklə A.Məmmədovanın bizə yazılı formada təqdim etdiyi məlumatlar əsasında hazırlanmışdır. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də Nadir müəllim zənglərimizə cavab vermədi. Redaksiyamıza müraciət olunacağı təqdirdə Abşeron RTŞ-nin rəhbərliyinin məsələyə münasibətini də dərc etməyə hazırıq. (bizimdövr)
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman