BolgeXeber.Com » Analitika » Gənclərin yeni alın yazısı: "Yetim", "Avara", "FBİ"...

Gənclərin yeni alın yazısı: "Yetim", "Avara", "FBİ"...

6-07-2013, 11:20
Oxunub: 5 454 "FBİ”, “YETİM”, “AĞƏLİ”, “KASIB”, “AVARA”, “AVTOŞ”... Bu sözlər artıq gənclərin “alın yazısına” çevrilib. Daha doğrusu, başlarına qoyduqları yeni beyzbolların üzərinə həkk olunub. Və artıq onlara hər yerdə rastlamaq olur. Bu beyzbollar məsələsi sosial şəbəkələrin də müzakirə mövzusuna çevrilib. Bu cür baş geyimindən istifadə edənlərə münasibət birmənalı deyil. Kimisi bunu normal, kimiləri də anormal hesab edirlər.

Metronun “28 May” stansiyasının keçidində yerləşən ticarət mərkəzinə baş çəkdik. Papaq satılan dükanın satıcısı deyir ki, gənclərin bu cür beyzbollara üstünlük verməsinin əsas şərtlərindən biri, məhz üzərinə yazılan sözlərdir: “Həm də onların qiyməti ucuzdur - 5 manat. Qabaqlar bu kepkaların üzərinə hansısa firmanın adı həkk olunuru, məsələn, “NİKE” “Adidas” və sair. Yaxud futbol komandlarının adı olurdu. İndi beyzbolların üstünə Azərbaycan dilində sözlər yazılıb. Həmin sözlərin mənasını anladıqlarından, gənclər də özləri istədikləri yazısı olan beyzbollara üstünlük verirlər”.

Satıcı bildirir ki, həmin beyzbollar Çin istehsalıdır: “Üzərindəki “YETİM”, “AĞƏLİ” və “KASIB” kimi sözlər kepkaya Azərbaycanda yazılır. Harada yazıldığını dəqiq bilmirəm, biz həmin kepkaları “Binə” Ticarət Mərkəzindən alırıq”.

Satıcı ilə söhbətimiz zamanı sözügedən beyzbollardan almaq istəyən bir müştəri də gəldi. O “KASIB” yazılan geyimi axtarırdı: “Nə zamandı bu kepka ilə maraqlanırdım. “KASIB” yazısını seçməyimə gəlincə, kasıbam də (gülür -red). Avtomobilim yoxdu ki, “AVTOŞ”u, yetim, yeraz, talış deyiləm ki, ona uyğun kepkanı alım. Dediklərimi qəzetə yazacağınızı dediniz, o zaman bir məlumat da verim ki, bəlkə də, kimlərsə bilmir. “AĞƏLİ” Gəncə bölgəsinin, “YETİM” Şirvan və Sumqayıt şəhərlərinin “kliçka”larıdır”.

Bu sözləri deyəndən sonra papağın pulunu verib mağazanı tərk edən həmsöhbətimizin fikirlərinə kənardan qulaq asan başqa bir müştəri də söhbətə qoşuldu: “Burada məsələ o deyil ki, mən insanların seçiminə qarışım. Məsələ orasındadır ki, niyə məhz “FBİ”, “YETİM” kepkaları? Bezmirlər bu qədər şablon olmaqdan? Üstündə başqa yazılar yazılan kepka alıb geyinsələr, nə olar ki? Fərqli görünsələr nə olar ki? Yəni gəncliyimiz bu cür olmamalıdı. Bu cür kiçik şeyləri bir-birindən ayırd etməyi bacarmalıdı. Şablon şeylər etməyin yersiz, mənasız olduğunu anlamalıdırlar. Beyinlərinə həkk olunub ki, dostumda nədirsə, məndə də ondan olmalıdır, mən başqa cür görünə bilmərəm. Ya da burada başqa bir variant da var, amma bir az absurddur. Bəlkə də, o kepkanı taxan bəziləri özünü, həqiqətən, FBİ agenti sanır, kepkanı geyinməklə qız tutacaqlarını düşünürlər”.

Bu cür yeni dəbə etiraz edən həmsöhbətimiz rastlaşdığı digər məqama da toxundu: “Bir parkda, bir yerdə toplaşıb dururlar, yanlarından keçənlərdən kimsə bunlardan fərqli geyinibsə, yaxud başqa tip papaq qoyubsa, ona lağ edirlər. Gənclərin beyinlərinə, düşüncələrinə təsir etmək lazımdır. Ona görə də bunun üçün hamımız çalışmalıyıq, məsələni qırğın-dava ilə yox, söhbətlə, maarifləndirmə ilə yoluna qoymaq lazımdır. Onlara alternativ yollar - kitab oxumaq, maariflənmək təbliğ olunmalıdır”.milli.az