BolgeXeber.Com » Analitika » 3257 torpaq mülkiyyətçisinin pulu neçə mənimsənildi ?- Video

3257 torpaq mülkiyyətçisinin pulu neçə mənimsənildi ?- Video

8-07-2013, 14:40
Oxunub: 6 734 Kilometri 3 milyona başa gələn su kəməri hələ də tənqid hədəfindədir

Yayın gəlməsi ilə paytaxt ənənəvi su problemini yaşamağa başladı. Suyun verilməsində fasilələr yarandı, xüsusilə də Suraxanı, Xətai, Nizami rayonlarında, Bakıətrafı kənd və qəsəbələrdə əhali suya həsrət qaldı.

“Azərsu” ASC isə həmişə olduğu kimi bu dəfə də yaranan problemləri təmir işləri ilə əlaqələndirdi. Qurumun mətbuata verdiyi açıqlamada qeyd olundu ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün təmir işləri aparılır.

Lakin Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən sonra paytaxtın içməli suya olan tələbatı tam ödənilməli idi. Ən azı layihə buna hesablanmışdı. Layihəyə əsasən, kəmər istifadəyə verilməzdən əvvəl qəzalı xətlər yenilənməli, su boruları dəyişdirilməli idi. Amma suyun verilməsində yaranan fasilələr və qrafikin dəyişdirilməsi kəmərin işə yaramadığını təsdiqləyir.

Yeri gəlmişkən, “Azərsu” hər 1 kilometri 3 milyon manata başa gələn sözügedən kəmər vasitəsilə paytaxtın içməli suya olan tələbatının 75 faiz ödənildiyini açıqlayır.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən maliyyələşən layihədə tikinti işlərinə 480 milyon manat sərf olunması nəzərdə tutulsa da 780 milyon manat xərcləndi. Üstəlik, tikinti işləri 14 aya deyil, 45 aya başa gəldi.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri haqqında ən çox yazılan və tənqid edilən layihələr sırasında birinci yerdədir (2007-ci ilin martından 2010-cu ilin dekabrınadək kəmərin çəkilişi ilə bağlı ölkə mətbuatında 500-dən çox məlumat, yazı dərc edilib). Elə “Azərsu” ASC də kəmərin çəkilişindən sonra məhkəməyə verilən qurumlar sırasında “liderliyi” əldən vermir.

Kəmərin çəkilişi zamanı baş verən nöqsanlar kifayət qədər işıqlandırıldığından araşdırmamızı “Azərsu”nun məhkəməyə verilməsinə zəmin yaradan məsələlərə sərf edəcəyik.

3257 torpaq mülkiyyətçisinin pulu mənimsənildi?


2010-cu il, dekabrın 29-da kəmərin rəsmi açılışı oldu. Lakin kəmərin təsirinə məruz qalan 4000-ə yaxın ailəyə (16 mindən çox mülkiyyətçiyə) dəymiş ziyan hələ də ödənilməyib. Bu isə ümumilikdə 1 milyon manatdan artıq vəsait edir. Halbuki layihələndirmədə istifadə ediləcək torpaqlar üçün kompensasiya ödənilməsi nəzərdə tutulmuşdu. Doğrudur, “Azərsu” indiyədək hesabatı açıqlamayıb və ictimaiyyət kompensasiya üçün nə qədər vəsait ayrıldığından xəbərsizdir. Artıq 20 mülkiyyətçi məhkəməyə müraciət edib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi məhkəmələrdə “Azərsu” ASC-yə, rayon icra hakimiyyətlərinə və layihənin inşasını həyata keçirən “Turan Hazınedaroğlu İnşaat və Ticarət” şirkətinə qarşı mülki işlərin məhkəmə monitorinqini aparıb. Təşkilatın sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, ümumilikdə 1 milyona yaxın vəsaitdən söhbət gedir və bu kifayət qədər böyük rəqəmdir. Amma üstündən 3 il keçməsinə baxmayaraq maliyyə vəsaitinin şəffaf xərclənilməsi məsələsinə diqqət ayrılmır, cavabdeh şəxslər cəzalandırılmır: ““Azərsu” bu vəsaitin ödənilməməsi üçün bütün vasitələrdən istifadə edərək məhkəmə proseslərinə mane olmağa çalışır. Məsələn, Oğuz rayon sakinləri Şövkət Babayev və Eyvaz Hüseynov “Azərsu” , Oğuz Rayon İcra Hakimiyyəti, eləcə də “Turan Hazinedaroğlu İnşaat və Ticarət” şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb. AR Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı, həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 11 ay müddətdir ki, bu mülki işə baxılaraq qətnamə qəbul edilməyib. Müxtəlif bəhanələrlə bu məhkəmə işinin vaxtı uzadılır, məhkəmə iclasları vaxtında başlamır və ya əsassız olaraq təxirə salınır”.

Hacıməhəmməd Qucayev, Xalidə Qucayeva və Bayram Vəzirovun “Azərsu” ASC-yə qarşı “Mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar: kompensasiyanın, əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ötən ilin sonunda məhkəməyə təqdim olunub. Lakin iddia ərizəsinə baxılması 6 aydır gecikdirilir: “6 aydan çoxdur müxtəlif bəhanələrlə bu məhkəmə işinin vaxtı uzadılır, məhkəmə iclasları təxirə salınır. Yaşarət Bəyov adlı mülkiyyətçi də “Azərsu” nu məhkəməyə verənlər sırasındadır. 10 aydır ki, bu mülki işə baxılaraq qətnamə qəbul edilmir. Halbuki müddət 3 aydır. Həmçinin mülkiyyətçi Mahir Qarayevin iddia ərizəsinə baxılmasın prosedurunda da pozuntu aşkarlanıb. Belə ki, bu ərizə də 10 aydır məhkəmədə gözləyir. Aydın Mehdiyevin və Eyvaz Həsənəliyev iddiaları da əsasız olaraq geri qaytarılıb”.

Mülkiyyətçilərin vəkili Azər Quliyev isə daha bir məqama toxunur: “İddia üçün tələb olunan sənədlər hazırlanaraq məhkəməyə təqdim edilir. Amma bir müddətdən sonra sənədlərin yetərli olmadığı əsas gətirilərək iddia geri qaytarılır. Məlum olur ki, sənədlər oğurlanır, yəni prosesin uzadılması üçün sənədlərdən biri götürülür. Bu hadisəyə tez-tez rast gəlirəm”.

Vəkil deyir ki, məhkəməyə müraciət edən mülkiyyətçilərər gec-tez kompensasiya ödəniləcəyini deyir: “Dəymiş zərərin ödənilməsində isə problemlər yaranır”.

Qeyd edək ki, su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. Kəmərin çəkilişi zamanı 975,99 hektar torpaq sahəsindən istifadə edilib. Söhbət yararlı əkin sahələrindən gedir.

İqtisadçı Nübar Seyidova hesab edir ki, bütün dünyada dövlət və qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən layihələr zamanı kompensasiya ilə yanaşı dəymiş zərər də ödənilir. Kəmərin çəkilişi zamanı gəlir mütləq nəzərə alınmalıdır.

“Azərsu” isə nəinki zərəri ödəmək istəmir, hətta cavabdehlik daşımadığını da deyir. Qurumun məhkəməyə təqdim etdiyi sənəddə göstərilir ki, ASC kompensasiya ödəməyə cavabdeh deyil, buna görə də mülkiyyətçilərə dəymiş ziyanın ödənilməsindən imtina edir.

Dövlət Neft Fondu da məsuliyyəti “Azərsu”nun üzərinə atır. Fonda ünvanlanmış müraciətə cavab olaraq bildirirlər ki, “Azərsu” kompensasiya üçün hesabat təqdim etməyib və buna görə də əlavə vəsait ayrılmayıb.

Maliyyə Nazirliyi də dövlət büdcəsindən torpaq mülkiyyətçilərinə kompensasiya ödənilməsinə üçün vəsait ayrılmadığını deyib.

Məhkəmələrə təzyiq edilir


Mirvari Qəhrəmanlı məhkəmələrə təzyiq göstərildiyini deyir: “Hakimlər mübahisələr üzrə iddiaların geri qaytarılması üçün onlara Ali Məhkəmədən göstəriş verildiyini etiraf edirlər. Bu səbəbdən Yasamal Rayon Məhkəməsində 1 ildə artıq davam edən iclaslar var”.

"Azərsu" ASC layihə icraçısı kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 152.1, 157.9, 247.2, 247.3; Torpaq Məcəlləsinin 111-ci maddələrinin; Nazirlər Kabinetinin “4 aprel, 2009-cu il tarixli 54 saylı qərarının” tələblərini pozur.


Mirvari Qəhrəmanlı 70 nəfərin “Azərsu”ya qarşı iddia ərizəsinin hazırlanmasına yardım etdiklıərini deyib: “3 ailənin iddiası Ali Məhkəmədə təmin edilib və onlara çatacaq məbləğ “Azərsu”nun bank hesabına həbs qoyulmaqla ödənilib. Bir ailənin iddiası Bakı Apelyasiya Məhkəməsi tərəfindən araşdırılaraq təmin edilib. Hazırda 11 ailənin iddia ərizəsi Yasamal Rayon Məhkəməsində,bir ailənin iddia ərizəsi isə Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.

Sonda M.Qəhrəmanlı qeyd edir ki, 4 min ailənin gəlir itkisinə səbəb olan 1 milyardlıq kəmər hələ neçə illər müzakirə mövzusu olacaq. Ən azından “Azərsu” ilə digər dövlət qurumlarının hesabatları “üst-üstə” düşənədək şəffaflıq tələb ediləcək.