BolgeXeber.Com » Analitika » Sumqayıtdakı saat

Sumqayıtdakı saat

10-07-2013, 09:50
Oxunub: 4 816 Sumqayıtdan həmkarımız İmran Kərimli yazır ki, orda mərkəzi parkda bir saat quraşdırıblar və bu saat bir ildir - qoyulandan bəri yanlış işləyir. Ya 45 dəqiqə dala qalırmış, ya da 45 dəqiqə qabağa qaçırmış, dəqiq yadımda qalmayıbdır. Əslində ölkəmizdəki bu qədər analoqu olmayan inkişafın sayəsində saat 45 dəqiqə enə də verə bilərdi.
Bəzi saatlarımız isə çox bic saatlardır, yarısı yerin altındadır. Misal olaraq Bakı icra hakimiyyətinin müdiri Hacıbəla əkənin (gerçək adı Hacıbaladır, ancaq nə qədər eyni şeyi yazmaq olar, dedim heç olmazsa qəzetdə dəyişiklik olsun, insanlarımızın üzü gülsün) paytaxtımızın “Hyatt” hoteli tərəflərində yamaca yapışdırdığı saatı göstərə bilərik. Bu saatın yarıdan çoxu yerin altındadır, bilinmir orda əqrəblər nə zibil qaynadırlar, Azərbaycan orda üzü hayana gedir. Tərtəmiz mistikadır, pir kimi saatdır. Həmid Herisçinin yeri məlum. O torpaq saatının əqrəbindən çıxış edərək xalqımızla yaxşıca məzələnmək olar.
Gör hara gəldik... İmran Kərimli bizi işə salıbdır. Bu saat (yenə saat?) məni çox narahat edir ki, Sumqayıt icra hakimiyyətinin kolxoz sədri, məşhur paxlavaçı Eldar Əzizovun ora qoyduğu saat nə üçün 45 dəqiqə yanlış işləyir. Sumqayıtlılar həmin saata baxıb zəmanəni qarışdırırlar. Hərçənd, İmran Kərimli məktubunda problemin fəlsəfi tərəflərinə də toxunaraq yazır ki, Sumqayıtda heç bir iş düz deyil, saat düz olsa nə dəyişəcək və sairə.
Tamamilə yanlış yanaşmadır. Hələ heç kimin bir zad qanmadığı fəlsəfənin görkəmli nümayəndələrindən biri İmmanuil Kant deyilənə görə çox dəqiq adam imiş. Yalan olmasın, bütün Almaniya saatı İmmanuil müəllimin hesabına öyrənirmiş. Oturub gözləyirmişlər, əgər İmmanuil müəllim əlində əsa gəzməyə çıxıbsa, demək səhər saat 9-dur. O cümlədən arvadını döyürsə, demək axşam yeməyinin vaxtıdır. Kantın uşaqları burnu fırtıqlı evdən çıxıb “ay dədə” deyib bayıra qaçırsa, nahar vaxtıdır. Təxminən bu şəkildə. Nəticədə bütün Almaniya saatı öyrənib, dəqiqliyi dillərdə dastan olan camaata çevriliblər. İndi əgər Eldar Əzizov sumqayıtlılara saatla bağlı düzgün nümunə göstərməsə, insanlar təqvimi qarışdırsa, biz necə “Mersedes” maşını buraxa bilərik? Şair demişkən, “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq saatsazlıqdan”.
Açığı, mən qorxuram o saatın yanlış işləməsi Eldar müəllimin şirniyyatçılıq fəaliyyətinə mənfi təsir edə, 24 dekabrda bişirdiyi 50 metrlik tortu avqustun 2-də düzəldə, kremini də çox vura, xalq yeyib qarın ağrısına düşə, sosial siyasətimizə zərbə dəyə, ermənilər ağzını əyə, dağlarda qurdum dəyə, gəldim sizi görməyə...
Yazını İmran bəydən böyük bir sitatla bitirirəm:
“Elə isə icra başçısı, niyə özünə rəva bilməyəni sumqayıtlılara rəva görür?! Biz görmüşük ki, adətən bütün dünyada bu tipli, qüllədəki saatlar şəhərdə ən dəqiq işləyən saatlar olur. Ancaq Sumqayıtda, gördüyünüz kimi bütün dünyanın əksinə olaraq şəhərin ən əsas, ən dəqiq saatı sayıla biləcək saatı, ən səhv işləyəndir. Biz belə başa düşürük ki, ya bu saat təcili təmir olunmalıdır, ya da üstü bağlanmalıdır ki, işləməməsi bilinsin. Hər halda saatı düzəltmək üçün vəsait və mütəxəssis tapmaq icra hakimiyyəti üçün elə də çətin iş deyil. Ancaq bir tərəfdən buna təəccüblənməyə də dəyməz, çünki saat da ola bilsin elə ”icra hakimiyyəti" kimi səhv işləyir. Parkda istirahət edən sumqayıtlıların biri isə mənə dedi ki, rəhmətliyin oğlu, Sumqayıtda hansı idarə düz işləyir ki, saat da düz olsun....Nəyi qoyub nəyi axtarırsan... Bu sahibkarların “evini yıxmaq” deyil ki..."
Eldar Əzizova xəbərdarlıq edirəm ki, biz bu məsələni diqqətdə saxlayacağıq. Ya o saatı düzəlt, ya da istefa ver!
musavat.com