BolgeXeber.Com » Analitika » Təhsil nazirinin müavini dirəniş göstərir

Təhsil nazirinin müavini dirəniş göstərir

10-07-2013, 11:15
Oxunub: 4 809 Qulu Novruzov himayəçilərinə arxalanıb istefaya getmir; Mikayıl Cabbarov çıxardığı kadrları işlə təmin edəcəyinə vəd verir...
Təhsil naziri Mikayıl Cabbarov kadr islahatlarının fərqli üslubunu kəşf edib. Nazir heç kəsi özündən incik və narazı salmamaq xəttini seçib. Bu janrdan istifadə edən M.Cabbarov vəzifəsindən kənarlaşdırdığı kadrlara xoş vədlər verir.
Onları inandırır ki, yeni yüksək bir posta təyinat ala biləcəklər. Hər nə qədər inandırıcı görünməsə də, nazir sabiqləri arxayın edib ki, onlar vəzifəsiz qalmayacaqlar. Odur ki, Misir Mərdanovun işdən çıxarılan kadrları bu gün-sabah şad xəbər alacaqlarını gözləyirlər. Bu haqda “Yeni Müsavat”ı məlumatlandıran qaynağımız bildirib ki, xüsusilə nazirliyin maliyyə şöbəsinin müdiri Şahrza Əliyev işdən çıxarılarkən ona yeni vəzifə veriləcəyi vəd olunub. Amma verilən vədlərə əməl olunub-olunmayacağı sual altındadır.
Ş.Əliyev özü də mətbuata açıqlamasında nazir tərəfindən işlə təmin olunacağı barədə vəd verildiyini təsdiqləyib.
O, “Mikayıl müəllim məni yeni işlə təmin edəcəyini bildirib. Başqa yerlərdən də mənə təkliflər gəlib. Lakin işlədiyim müddətdə işim ağır olub. Sentyabr ayına kimi dincəlmək istəyirəm. Ondan sonra mənə edilən təklifləri dəyərləndirəcəm” deyə bildirib.
Mənbə iddia edir ki, aparılan kadr islahatına qarşı dirəniş göstərən əsas şəxs nazir müavini Qulu Novruzovdur: “Onun vəzifəsindən kənarlaşdırılması xəbəri yayılsa da, hələ ki bu barədə rəsmi məlumat yoxdu. Ona istefa ərizəsi yazdıra bilsələr də, nazir müavinləri prezidentin sərəncamı ilə işə təyin olunub, işdən çıxarıldıqlarından nazir hələ onu istefaya göndərə bilməyib. Nazir müavini kifayət qədər müqavimət göstərir. Əslində çoxdan digər kadrlar kimi işindən uzaqlaşdırılmışdı.
Görünür, hakimiyyətin ən yuxarı eşelonunda onun himayəçiləri var. Odur ki, arxasındakı dayaqlara güvənib təkidlə işini davam etdirir. Hətta Şeyx kimi nüfuzlu bir adamın Şahrza Əliyev üçün xahişi nəzərə alınmadı. Sonunda nazir adamı vəzifəsindən kənarlaşdırdı. Qulu Novruzov isə hələlik dirəniş göstərməkdə davam edir".

E.SALAMOĞLU