BolgeXeber.Com » Analitika » Yadigar Sadıqovu tutduran şəxs barədə ŞOK FAKTLAR

Yadigar Sadıqovu tutduran şəxs barədə ŞOK FAKTLAR

11-07-2013, 15:30
Oxunub: 4 641 "Mən özüm də Qarabağ döyüşlərinin iştirakçısıyam. Həmin adamla bağlı Lənkəran batalyonuna sorğu göndərmişəm. Onu hələ tanıyan olmayıb".
Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqov iyulun 27-də özünü II qrup Qarabağ əlili olaraq təqdim edən Kərimov Rəşid Fərman oğlunun polis idarəsinə şikayəti əsasında həbs edilib. O, iddiasında bildirib ki, Y.Sadıqovun iyunun 25-də onu döyüb təhqir edib. İyunun 27-də dindirilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə çağırılan Y.Sadıqova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

"Bizim yol" qəzeti 2008-ci il iyulun 7-də olmuş məhkəmə prosesi haqda məlumat verərək yazıb: Şirvan Apellyasiya Məhkəməsində Lənkəran rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli hökumundən məhkumlar Kərimov Rəşid Fərman oğlunun vəkili Rövşən Qasımovun, Əliyev Xalid Bayram oğlunun və Əliyev Valid Bayram oğlunun vəili Novruz Hacızadənin verdiyi apellyasiya şikayətlərinə baxıb.

Qəzet qeyd edir ki, Xalid Əliyev və Rəşid Kərimov CM-nin 221.3-cü (xuliqanlıq) maddəsi ilə və Valid Əliyev isə CM-nin 221.2.1-ci maddəsi ilə məhkum olunublar.

Yəqin, diqqətli oxucu Y.Sadıqovdan şikayət edən Rəşid Kərimovla 2008-ci ildə özü xuliqanlıq maddəsi ilə ittiham olunan və 1 il barəsində həbs qətimkan tədbiri seçilən Rəşid Kərimovun eyni adam olduğunu anladı. (Bu işlə bağlı məhkəmə qətnaməsi "Bizim Yol"un redaksiyasında var).

2008-ci ildə baş vermiş hadisədə Rəşid Kərimov Xalid Əliyevə bıçaqla xəsarət yetirib. Hadisənin təfərrüatlarını bizə X.Əliyevin özü danışdı: "O, məni bıçaqladı. Rəşid haqqında yaxşı söz deyə bilmərəm. Xalamın evində kirayə qalmaq istəyirdi. Xalam bilənədəki o, narkotik istifadəçidi buna razı olmadı. Konflikt də onun üstündə yaranmışdı. Mən ora gələndə qardaşımın üstünə bıçaq çıxarıb söyüş söyürdü. Mən də onu vurmuşam. Bizi qrup halında xuliqanlığa görə həbs etdilər. O, adam günü bu gün də narkotik istifadəçisidir. Polislərin öz adamıdı".

R.Kərimovun Qarabağda döyüşməsi və əlliliyi ilə bağlı X.Əliyev onu dedi ki, Rəşidi əlil kimi tanımır: "Qarabağda döyüşməyib. Sürücü olub. Lazım olan yerlərdə əlil olur, lazım olmayan yerdə kənardan dayanıb baxsanız, görərsiniz çəliksiz yeriyir".

"Bizim yol"un əməkdaşı həmin hadisə zamanı Xalid və Valid Əliyevlərin vəkili olmuş Novruz Hacızadə ilə əlaqə saxlayıb. Hadisəni xırdalıqlarına qədər xatırlamasa da, o, Yadigar bəyi müdafiə etməyə hazır olduğunu söyləyib: "O hadisə 5 il bundan əvvəl olub. Bəzi məsələlər yadımdan çıxıb. Yadigar bəyin həbsi onun siyasi baxışları ilə əlaqəli ola bilər. Polisin özünün də metodları var. Rəşid Kərimov onların agenti ola bilər. Yadigar bəyin qohumlarına deyin, mən onu müdafiə edə bilərəm".

Anonim qalmaq istədiklərini deyən Lənkəran batalyonunun döyüşçüləri birmənalı olaraq Rəşid Kərimovu tanımadıqlarını deyiblər. Bu fikirləri hüquq müdafiəçisi Rafiq Cəlilov da bir müddət öncə mətbuatda səsləndirmişdi: "Mən özüm də Qarabağ döyüşlərinin iştirakçısıyam. Həmin adamla bağlı Lənkəran batalyonuna sorğu göndərmişəm. Onu hələ tanıyan olmayıb".

Rəşid Kərimovun əlilliyi ilə də bağlı maraqlı açıqlamalar olub. Onun bəzən çəliklə gəzdiyini deyənlər olsa da, Lənkəran ziyalılarından olan İltifat Rəhimzadənin sözlərinə görə, R.Kərimovun əl barmaqlarında problem var.

R.Kərimovun üzvü olduğu Lənkəran Qarabağ Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Əbülfət Əliyev isə «Rəşid Kərimov döyüşən olmasaydı dövlət tərəfindən ona təqaüd verilməzdi" dedi: "Onun əlilliyinə gəlincə, mən məhkəmə deyiləm ki, kiminsə müzakirəsinə təsdiq verim. Siz dövlətin ərazisindəki qəzetdə işləyirsiniz. Siz dövlətin yolunda sağlamlığını fəda etmiş bir insan haqda məzhəkəli mövqeylə çıxış edib, məndən məlumat almaq istəyirsiniz. Mən kiməm ki? Onu Hərbi Komissarlıqdan soruşun. Rəşidin yaralanmasıyla bağlı dövlət ona rəsmi sənəd verib".

Hazırda Hollandiyada olan Lənkəran batalyonunun komandiri olmuş Ələkrəm Hümbətov Rəşid Kərimov adlı adamın onun batalyonunda olmasını xatırlamadığını bildirib: "Mənim nə elə bir sürücüm, nə də əsgərim olduğunu xatırlamıram. Mənim sürücülərimdən biri Bayıl həbsxanasında vəfat edib. Digəri sağdı. Rəşid Kərimov adlı adamı isə tanımıram. Bununla bağlı bəyanat da vermişəm".