BolgeXeber.Com » Analitika » Misir Mərdanov haqda şok iddia

Misir Mərdanov haqda şok iddia

12-07-2013, 09:20
Oxunub: 4 176 Sabiq təhsil nazirinin ölkədən çıxışına qeyri-rəsmi qadağanın olması haqda məlumat var; bu praktikadan Rusiyada da geniş istifadə edilir
Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “Azadlıq” radiosuna verdiyi müsahibədə bir sıra məqamlara toxunub və özünün Bakıya nə vaxt qayıda bilməsi ilə bağlı danışıb.
Hakimiyyət daxilində regional qruplaşmaların mübarizəsi ilə bağlı danışan sabiq eks-spiker deyib ki, bürokratik aparatın (məmurların-red.) azı 30 faizi açıq bildirməsə də, iqtidardan narazıdır: “Əldə olunan pulun təxminən 15 faizinə həmin narazı qüvvələr nəzarət edir. Amma onlar uzun müddətdir cah-cəlal içərisində yaşasalar da, qorxu içərisindədirlər. O qorxudan xilas olub bir az da normal, insan kimi həyat sürmək istəyirlər”.
Bundan sonra R.Quiliyev sensasion məlumat açıqlayıb. Sitat: “Məsələn, Misir Mərdanovu işdən çıxarıblar. Hazırda onun bütün hüquqları məhdudlaşdırılıb, heç yana gedə bilməz. Bir vəzifə veriblər, qalmalıdır orda. Sanki Azərbaycan böyük bir həbsxanadır. Bax, həmin 30 faiz narazı bürokrat bu cür yaşamaq istəmir”.
Jurnalistin “keçmiş təhsil naziri Misir Mərdanovla bağlı dediklərinizdə hansısa məlumatlarınıza istinad edirsiniz, yoxsa ümumi ab-havanı çatdırmaq üçün onun adını misal kimi çəkirsiniz” sualına R.Quliyev “dəqiq sizə deyirəm ki, o, Azərbaycandan heç yana çıxa bilməz” deyə, əminliklə vurğulayıb.
R.Quliyev uzun illərdir ki, ölkədən kənarda yaşasa da, Azərbaycanda, xüsusilə də hakimiyyət daxilində baş verənlərdən xəbərsiz adam deyil. Onun məmur aparatının 30 faizinin hakimiyyətdən narazı olması barədə iddiası ilə işimiz yox. Amma güman ki, R.Quliyevin “qorxudan xilas olub bir az da normal, insan kimi həyat sürmək istəyirlər” deməsi və buna misal olaraq sabiq təhsil nazirinin adını çəkməsi müxalifətçilik şüurundan deyil, informasiyanın yaratdığı əminlikdən qaynaqlanır.
Uzun illər hakimiyyətdə post tutmuş və təbii ki, varlanmış məmurların işdən çıxarılandan sonra nəzarətə alınması praktikası yeni deyil. R.Quliyevin özü də vaxtilə bu taleyi yaşayıb. Onun Bakıda qalması hakimiyyət üçün təhlükə olduğundan parlament sədrliyindən birbaşa “müalicəyə göndərilməsindən” 17 il keçib. Çox pullanaraq “yolunu çaşmış” bəzi sabiq nazirlər isə kabinetlərində həbs edilərək həbsxanaya göndəriliblər. Qalanları ikinci-üçüncü dərəcəli vəzifələrdə işləyirlər ki, bu da R.Quliyevin iddia etdiyi kimi, nəzarət üçündür. Yalnız sabiqlərin çox az bir hissəsi bağlarında oturub nəvə-nəticələri ilə başlarını qatırlar.
Yeri gəlmişkən, yaxın qonşumuz olan Rusiyada Vladimr Putinin hakimiyyətə gəlməsindən sonra bu praktikadan geniş istifadə edilib. Putin hakimiyyətinin ilk illərində oliqarx-məmurların “əl-ayağını yığmağa” başlayanda nəzarətlərində külli miqdarda vəsait olan narazılar ölkə xaricində toplaşaraq Kreml sahibinə güclü müxalifət qurur, ölkə içində çalxalanma yaratmaq üçün pul xərcləyirdilər. Putin varlıların ölkədən qovmaq taktikasının yanlış olduğunu tezliklə anladı və taktikanı dəyişdi. Ya onları hələ də həbsxanada sürünən neft maqnatı Xodorkovski kimi zərərsizləşdirdi, ya da ölkədə aşağı ranqlı məmur ordusuna qoşaraq nəzarətdə saxladı. Bu, demək olar ki, keçmiş SSRİ respublikalarında məmurlara tətbiq edilən geniş yayılmış nəzarət praktikasıdır.
Təəssüf ki, R.Quliyevin iddiası ilə bağlı keçmiş təhsil naziri, indi isə Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru işləyən M.Mərdanovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
O, sabah Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləcək
musavat.com