BolgeXeber.Com » Analitika » Elşad Abdullayev yeni video yaydı

Elşad Abdullayev yeni video yaydı

24-07-2013, 09:50
Oxunub: 5 599 Mahir Abdullayev MTN-in hospitalında saxlanıb?Arzu Kazımovun qaynı istintaqa ilginc ifadə verib
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni video təqdim edilib. Videolentdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və Elsevər Abdullayevlə özünü gənc parlamentarilər qrupunun üzvü kimi təqdim edən Tural (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxsin arasında gedən söhbət öz əksini tapıb. Tural qeyd edir ki, əmisi polkovnik Kərimov Milli Təhlükəsizlik Nazirliyində Tibb İdarənin rəisi vəzifəsində işləyir. Turalın sözlərinə görə, Mahir Abdullayev MTN-in hospitalında saxlanılır. Onun sözlərinə görə, Mahir Abdullayevə digər xəstələrdən daha yaxşı xidmət edilir. Tural qeyd edir ki, M. Abdullayevin hansı səbəblər üzündən həbs edildiyi bilinmir. Söhbət əsnasında Tural qeyd edir ki, gənc parlamentarilər qrupunda ermənilərlə iş üzrə bölməyə rəhbərlik edir. Ümumiyyətlə, bu prosesə MTN-in Barat adlı nümayəndəsi rəhbərlik edir.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə daxil olan məlumata görə, videolent hazırda Fransada mühacir həyatı yaşayan E. Abdullayev tərəfindən komitəyə göndərilib. Komitə həmçinin bəyan edir ki, videolent Baş Prokurorluğa təqdim ediləcək.

Hüseyn Səfərov: “Elşad Abdullayev qardaşını falçılarla axtarırdı”

Bu arada “Təzadlar” qəzeti Arzu Kazımovun qaynı Hüseyn Səfərovun ifadəsini təqdim edib. 3 dekabr 2012-ci ildə Baş Prokurorluqda aparılan dindirmə zamanı şahid ilginc nüanslara toxunub. Şahid öncə A.Kazımov və E.Abdullayevlə münasibətlərinə toxunub: “Kazımov Arzu Firudin oğlu mənim bacım İradənin həyat yoldaşıdır. O, bizimlə qohumluq əlaqələri yaradana qədər mən Arzunu tanımamışam. Mənim nə bacım İradə ilə, nə də Arzu ilə heç bir münasibətim yoxdur. Qohum olmağımıza baxmayaraq bizim ailələrimiz arasında ailə-məişət zəminində soyuqluq var, ümumiyyətlə, gediş-gəlişimiz yoxdur. Arzu Kazımovla qohumluq əlaqələrindən başqa mənim heç bir əlaqəm yoxdur və olmayıb.
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Abdullayev Elşad İslam oğlunu 2000-ci ildən tanıyıram. O, mənimlə həmin il Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında keçirilən iclaslardan birində tanış olmuşdu. Onunla həmin iclasda yaranan münasibətlərimiz sonradan yaxın dostluğa çevrildi. Elşadla arada bir görüşüb söhbətləşirdik. Elşad Abdullayevin yeznəm Arzu Kazımovla necə və kimin hesabına tanış olmasını sonradan bilmişəm. Belə ki, 2004-cü ilin, səhv eləmirəmsə, yaz ayları idi. Elşad Abdullayevin qardaşı Mahirin itkin düşməsini eşitmişdim, lakin təfərrüatı ilə bu barədə heç nə bilmirdim, heç indi də bilmirəm. Elşad mənim mobil telefonuma zəng vurdu. Telefon danışığı zamanı Arzunun mənim yeznəm olub olmadığını soruşdu. Mən də dedim ki, yeznəmdi. Ardınca onun Arzunu haradan tanıması ilə maraqlananda Elşad mənimlə Arzunun Bakı şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən ofisindən danışdığını bildirdi və məni ora dəvət etdi. Arzu ilə aramda olan soyuq münasibəti Elşadın bilməməsi xatirinə qalxıb Arzunun ofisinə getdim. Orada Arzu ilə salamlaşmadan Elşadla başqa bir otaqda əyləşib təxminən 15-20 dəqiqə ərzində söhbət etdik. Ondan Arzunu haradan tanıması ilə maraqlananda Elşad Arzunun çox yaxşı insan olduğunu söyləyib yeznəmin Elşadın qardaşı Mahirin tapılmasına kömək etdiyini söylədi. Doğrusu, əvvəl mən heç nə başa düşmədim. İlk əvvəl Elşaddan yeznəm Arzunu necə tanıdığını soruşdum. O, Arzunu bir falçının hesabına tapdığını dedi. Sonradan öyrəndim ki, həmin falçı dediyi qadın üzdən görmədiyim, qiyabi tanıdığım Rövşanədir. Heç nə başa düşməyib Elşaddan Arzunun ona necə kömək edəcəyini soruşurdum. Mən elə zənn edirdim ki, Arzu Elşadın qardaşı Mahiri kriminal aləmin avtoritetləri hesabına tapdırır. Lakin fikrimdə yanılmışdım. Elşadın danışdıqları əsasında mənə məlum oldu ki, Arzu yaxın münasibətlərdə olduğu o zaman daxili işlər nazirinin müavini işləyən, general rütbəli Zahid Dünyamalıyevi Elşad Abdullayevlə tanış edib və həmin general Mahir Abdullayevin tapılmasında Arzunun sözü ilə qanun çərçivəsində Elşada kömək etməli idi. Bu dediklərimdən başqa mən Mahir Abdullayevin axtarışı və tapılması barədə heç bir məlumata malik deyiləm, bu işlərdə kimin necə iştirak etməsindən mənim xəbərim yoxdur. Heç vaxt bu məsələ ilə maraqlanmamışam. Elşad Abdullayevlə mənim münasibətim sırf dostluğa, yoldaşlığa əsaslanıb. Onunla mənim aramda heç bir biznes, siyasi və ya başqa əlaqələr olmayıb. Dostluğumuzun məzmunu isə hərdənbir görüşməkdən, əsas etibarilə ABU-nun həyətində görüşməkdən ibarət idi. Elşad çox vaxt məni ABU-nun idman kompleksinə çağırırdı və mən orada müxtəlif yarışlara baxırdım.
Elşad Abdullayevin ABU-dakı xidməti iş otağında təxminən 3-4 dəfə olmuşam. Bu səfərlərimdən birində Elşad məndən xahiş edirdi ki, Arzuya təsir göstərim. Belə ki, onun dediyinə görə, Arzu Elşadın itmiş qardaşı Mahiri bir-iki günə gətirəcəyinə söz verməsinə baxmayaraq gətirməmişdir. Mən də o söhbət zamanı Elşada bildirdim ki, mənim Arzu ilə heç bir əlaqəm yoxdu, heç evinə də gedib gəlmirəm".

Sual:
- Elşad Abdullayev ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ilin əvvəllərində Arzu Kazımovla sonuncunun ofisində görüşərkən Arzu Kazımov ona Mahir Abdullayevin qaytarılmasına görə əlavə 1 milyon dollar pul lazım olduğunu bildirmiş, o, yenə də pul əldə etmək üçün qohumlarına müraciət edərək 2 ay müddətində 1.200.000 dollar toplayaraq, 200.000 ABŞ dollarını evində saxlayıb, 1 milyon dolları götürüb 05 mart 2004-cü il tarixdə köməkçisi Şamil, qardaşı İsmayıl və Eldənizlə birgə Arzu Kazımovun ailə üzvləri ilə birlikdə yaşadığı evin blokunun qarşısına gəlmiş, həmin vaxt Zaur Kazımov aşağı düşərək onu evə aparmışdır. Evdə Zaur Kazımov, Arzunun arvadı İradə, siz Hüseyn Səfərov, qardaşı Nizami, doktor Hüsaməddin və Moskvada yaşayan Arzunun yaxın münasibətdə olduğu Elçin adlı şəxslər olmuş, Arzu onun əlindən çantasını alaraq, o biri otağa aparmış, yan otaqda 2 saat ərzində Hüsamədin, Zaur Kazımov və siz pulu sayıb qurtardıqdan sonra Arzu Kazımov ona hər şeyin öz qaydasında olduğunu, narahat olmamağı və tezliklə Mahirin evə qayıdacağını bildirmişdir. Bu barədə nə göstərə bilərsiniz?

Cavab:
- Bunlar həqiqətə uyğun deyil. Birincisi ona görə ki, qohum olmağımıza baxmayaraq mən 10 ildir ki, Arzu Kazımovun evinə düz-əməlli getmirdim. Yalnız 3-4 ildən bir barışdığımız vaxtlarda təxminən bir ay ərzində 1-2 dəfə, onda da ailə üzvlərimlə birlikdə getmişəm. Lakin başqa adamla, o cümlədən Elşad və ya qeyrisi ilə mən Arzugildə olmamışam. Bir də Arzu tutulan gün onların evində olmuşam. Ona görə də mənim Arzugildə olub Elşadın gətirdiyi pulu saymağım tam yalandır. Mən nə Arzu üçün, nə də Elşad üçün pul sayan deyiləm. Elşadın belə deməyini ancaq onun başına hava gəlməsi ilə əsaslandıra bilərəm.

Sual:
- Sizə Elşad Abdullayev tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən 01 ədəd “Verbatim” adlı, DVD-R formatlı 4.7 gb (120 min) həcmli diskə yazılmış ümumi uzunluğu 01 saat 30 dəqiqə olan sizinlə Elşad Abdullayev arasında aşağıdakı məzmunda aparılan söhbət barədə video yazı təqdim olunur:
(Onlar salamlaşdıqdan sonra stullarda qarşı-qarşıya əyləşirlər və...):

Hüseyn Səfərov: ... icazəsini almışam. Sənin bircə dənə məktubunla kimə istəyirsən, lap yoldan ötənə zaloqsuz-zadsız 5000 dollar kredit verim. ... əgər istəyirsənsə inkişaf getsin, o prorektorların var e onlara bir dənə sənin imzanla məktub verilir zaloqsuz zadsız onlara da 3000 dollarlıq kredit verirəm. Qalvnı buxalterin var e, ona 2000 dollar. Bir də təhsil haqqını ödəyə bilməyən tələbələrinə də sənin məktubunla bir illik, il yarımlıq kredit verirəm ki, təhsil haqlarını ödəsinlər. Nə istəyirsən bundan artıq.

Elşad Abdullayev: "Allah sənin canını sağ eləsin. İdarən hardadı indi?"

Hüseyn Səfərov: Amerika səfirliyinin arxasında, 350 kvadrat yerdir.

Elşad Abdullayev: ... Nə qədər səlahiyyətim olacaq orda?

Hüseyn Səfərov: Nə qədər istəyirsən.

Elşad Abdullayev: 1 milyon, yeznəyə bir az pul bıraxaq.

Hüseyn Səfərov: Mənə onun nə dəxli var, məni oralara qatma, mən əvvəldən dedim ki,....

Elşad Abdullayev: Aramızda olan münasibəti kişi heç nəyə dəyişməz. Sən mənim canım denən ki, Elşad müəllim deyir ki, ona bir az pul buraxaq. Bu nə cür yeznədi əəə?

Hüseyn Səfərov: Məni ona qatma, mən yenə də deyirəm kişinin bir sifəti olar...

Elşad Abdullayev: O, sizin nəslin adına qara ləkə gətirir. Kişi sözünün yiyəsi olar.

Hüseyn Səfərov: O məsələnin axırı nə oldu?

Elşad Abdullayev: ...Heç nə qalıb elə helə

Hüseyn Səfərov: Bə nə olacaq, nə görsənir?

Elşad Abdullayev: Allah deyib durmuşuq

Elşad Abdullayevlə Hüseyn Səfərov arasında 01 saat 30 dəqiqə ərzində davam edən söhbət, digər müxtəlif mövzularla yanaşı, Arzu Kazımovun boynuna götürdüyü işi yerinə yetirməməsi və sözünün üstündə durmaması ilə bağlı məzmunda da davam edir. Belə ki, Hüseyn Səfərov maşın satmaqdan tutmuş yeznəsinin işə düzəlməsinə kimi müxtəlif mövzularda söhbətlər etməsinə baxmayaraq hər dəfə Elşad Abdullayev sözünü kəsməklə Hüseyn Səfərovdan xahiş edərək bacısı İradə ilə danışıb Arzu Kazımova təsir göstərməyi, sonuncunun söz verdiyi işi yerinə yetirməsini təmin etməyi eynilə yenə də təkrarlayır və bu məqsədlə Hüseyn Səfərovdan kömək istəyir.
Arzunun nəyə görə Elşaddan pul aldığını mən bilməmişəm, Elşadın həmin danışıqlarından sonra bilmişəm ki, hər şey Mahirin axtarılıb tapılması ilə bağlıdır. Elşada nə qədər desəm də ki, mənim Arzu və onun ailə üzvləri ilə əlaqəm yoxdur. O qulaq asmır və eyni şeyi deyə-deyə dururdu. Ona görə də onun əl çəkmədiyini görüb başımdan eləmək və Arzu barədə söhbəti dəf etmək üçün yalandan deyirdim ki, İradə ilə danışaram. Digər tərəfdən, elə o vaxt çəkilən videoyazıdan görünür ki, mənim Arzunun Elşaddan pul almasından və bu pulun məbləğindən xəbərim olmayıb. Hətta Elşaddan bu məbləği mənə deməsini istəsəm də o, bunu mənə demirdi. Digər tərəfdən, Elşad həmin söhbətində təhrikedici suallar verməyə çalışırdı ki, məni də hansısa çirkli söhbətlərinə qatsın və o bunu mənim Arzu ilə münasibətlərimizin pis olmasını bilə-bilə edirdi. Lakin o da, mən də bilirik ki, Arzu ilə mən bircə dəfə də olsun Elşadla birlikdə bir yerdə oturmamışıq".

Sevinc TELMANQIZI