BolgeXeber.Com » Analitika » Mənim odumda yan, Əli Həsənov!

Mənim odumda yan, Əli Həsənov!

25-07-2013, 09:35
Oxunub: 6 083 Bizim jurnalist cameəmiz öz yubileyini təntənəli şəkildə qeyd etdi. Və həmin təntənəli bayram günü mən yenə də İvan Petroviç Pavlovu və onun həzm prosesinin fiziolgiyasına həsr olunmuş elmi əsərini xatırladım.

Məlum olduğu kimi, böyük alim olan İvan Petroviç həyatının 35 ilini həzm prosesinin insanın funksional sinir sisteminin fəaliyyətinə təsirini öyrənməyə həsr edib.

Gərək ki, jurnalist də insandır. Və Pavlovun bu nəzəri fikirləri indi Azərbaycanda da qalib gəlmiş sayıla bilər. Bu nəticəyə jurnalistlərin başının üstündə neft buruqları ilə yanaşı hökumət çətirinin də olması uğrundakı isterik və tarixi mübarizəsinin nəticələrindən sonra gəlirsən. Bu epik mənzərə içimi o qədər tərpətdi ki, mən jurnalist ordusunu güzgüyə baxmağa və orada özünün kələ-kötür, küt, mənəvi və əxlaqi cəhətdən cilalanmamış sifətini görməyə çağırdım. O sifəti ki, həzm prosesinin pozulmasından yana baş vermiş gücənmədən artıq yorulub.

Mən hamıya məlum olan faktları yazmışam. Jurnalistikanın aşınıb getməsindən, deqradasiyaya uğramasından, mənəvi cəhətdən çökməsindən, dəyərlərin ucuzlaşmasından danışmışam. Həmkarlarımı yalnız oxucu naminə yazıb-yaratmağa çağırmışam. Kim hakimiyyətə xidmət etmək istəyirsə, xidmət eləsin. Daha xidmətçilik eləməsin. Yalnız ona görə yox ki, adam bundan iyrənir. Həm də ona görə ki, bu, qeyri-peşəkarlıqdır.

Mən yazmışdım ki, kütləvi informasiya vasitəsi adına sırınan makulatura, nəhəng qəzet tayaları profanasiyadır. Çünki bütün bu qəzetlər öz səhifələrində yalnız prezidentin nitq və çıxışlarını, hökumətin fəaliyyətinin xronikasını dərc edirlər. Bunları isə televiziya ekranlarından və informasiya saytlarından onsuz da görür və oxuyuruq. Qəzet nəşri isə xərc aparan bahalı işdir. Öz səhifələrində yalnız prezidentin eyni çıxışlarını dərc edən yüzlərlə qəzetin nəşri nəyə və kimə lazımdır?

Bu fikirlərim KİV sahəsində yaranana və hamını narahat etməli olan vəziyyətə dair səmimi, tikansız tənqidlər idi. Mən jurnalistləri bizim mətbuatın ən başlıca problemi - intellekt və yaxşı zövq kasadlığı, ənənəvi janrların ölüb getməsi, yaradıcılığın təbliğatçılığa çevrilməsi kimi ağrılı məsələlər ətrafında diskussiya açmağa çağırmışam.

Bəs siz nə düşünürsünüz? Hakimiyyət, daha doğrusu, bu boz-bayağı təbliğatçılığa məsul olan şəxslər mənim bu tənqidlərimə necə cavab verdilər? Hədsiz qəzəb, dəhşətli kin-küdurət və nifrət atəşi ilə. Bu gün özünü rəhmətlik Əlimərdan bəy Topçubaşov tərəfindən hələ ötən əsrin əvvəllərində - çar dövründə təsis olunmuş “Kaspi” qəzetinin (bu qəzet çarizm zülmətini yarıb keçən parlaq işıq idi) baş redaktoru kimi təqdim edən hansısa bir “onurğasız” jurnalist özünün sarı vərəqələrində cəfəngiyyat dolu sərsəm fikirlərini qusub. O, mənim konseptual tənqidlərimə necə cavab versə yaxşıdır?! O, hansı dəlillərimi qəbul, hansılarını inkar etdi? Bu adam mənim vərdişlərimi, xarakterimi, rəğbət və nifrət bəslədiyim şeyləri müzakirəyə çıxardı. Özünü saxlaya bilməyib qarğışa keçdi: “Görüm səni yenə həbsə düşəsən”.

Hə, bu “onurğasız” məni bir də Hötenin Mefistofeli, Cavidin İblisi və Lermontovun Demonu ilə əlüstü müqayisə edib. Bu jurnalist “qırığı” üstəlik onu da deyib ki, mən növbəti dəfə türməyə düşsəm, Xədicə İsmayılovanın mikrofonu bu dəfə mənə kömək etməyəcək...

Qəribədir, həyatda bir dəfə də rastlaşmadığım, üzünü də görmədiyim bir adamda mənə qarşı bu qədər nifrət haradandır? Təmizini deyim ki, kifir adamlarla ünsiyyətdə olmaq, söhbət etmək mənə çətindir. Belə adamlarla dostluq edə və səmimi münasibətlər saxlaya bilmirəm. Çopurlarla dolu eybəcər sifətlər yaddaşımda nədənsə uzun müddət qalır. Lakin bu soxulcan mənim yaddaşımda nədənsə heç qalmayıb. Görünür, ona görə ki, mən bu adamla həyatda heç vaxt üzləşməmişəm və onu şəxsən tanımıram. Belə çıxır ki, məni “vurmağı” yenə sifariş ediblər. Bəs kim edib?

Bir vaxtlar Əlimərdan bəy Topçubaşova məxsus olmuş “Kaspi” qəzeti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mülkiyyətinə keçib. Bu qəzetin baş redaktoru onun həyat yoldaşıdır. Buna heç inanmaq istəməzdim ki, pis iy verən bu çirkin və doğrudan-doğruya kəmsavad jurnalistin dili ilə həmin o qüdrətli Əli Həsənov danışıb. Axı Həsənov həmişə plüralizmdən, dözümlülükdən və tənqidin vacib olmasından danışır, elə deyilmi?! Yox, mən bunu hətta yatıb yuxumda da görə bilmərəm ki, Əli Həsənov kimi kübar və ziyalı bir adam Pavlovun itini açıb mənim üstümə qısqırda bilər.

Yeri gəlmişkən, “onurğasız” jurnalist həmin cızma-qarasında bildirir ki, mən jurnalistikanı və KİV sahəsindəki vəziyyəti tənqid etməklə guya su içdiyim quyuya tüpürürəm. Bir dəqiqə, Əli Həsənovun qəzetinin məni Mefistofellə müqayisə edən (açığı, mən öz istedadımı daha az qiymətləndirirəm) jurnalisti mənim Əli Həsənovun quyusundan su içməyimə eyham vurur? Bununla demək istəyir ki, mən hakimiyyətdə olanları tənqid edə bilmərəm?

Birincisi, mən Əli Həsənovun quyusundan heç vaxt su içməmişəm. Əlimi onun təndirindən çıxan çörəyə də uzatmamışam. Bildiyimə görə, Əli Həsənov varlı adam deyil. Axı onun maaşı cəmi-cümlətani 2 min manatdır.

İkincisi, başa düşürəm, Pavlovun sübut elədiyi refleks işə düşür. Amma mən heç bilməzdim ki, həzm sistemi jurnalistin əqli fəaliyyətinə bu qədər güclü təsir göstərə bilər. Əli Həsənovun quyusu ilə təndirinin Azərbaycan mətbuatının məhv olmasına nə dəxli var? Buradakı səbəb-nəticə əlaqəsi nədən ibarətdir?
Düzünü deyim ki, mən sizdən daha ağıllı tənqid gözləyirdim.

Nəhayət, Həsənovun qəzetindən olan “jurnalyuqa” psixoloqları mənim psixoloji portretimi öyrənməyə çağırır. Guya mən - Eynulla Fətullayev İblisin təcəssümüyəm, heç uzağa getmək lazım deyil. Tutalım ki, mən Tanrıya qarşı (hamıya məumdur ki, siz kimi özünüzə Tanrı sayırsınız) qiyam qaldırmış keçmiş mələyəm. Amma mən fizioloqları hökumət “jurnalyuqa”larını tədqiq edib öyrənməyə heç vaxt çağırmayacağam. Bilirsinizmi niyə? Mənə qədər bu suala artıq cavab verilib. Yuxarıda da dediyim kimi, bunu İvan Petroviç Pavlov və əlbəttə ki, Şarikovdan adam olmayacağını bir dəfə isbat etmiş Mixail Afanasyeviç Bulqakov ediblər.

Tutalım, mən İblisəm. Amma axı siz də adam deyilsiniz, adam ola bilmədiniz. Sizi yolunuzdan azdırmayacağam. Mənim odumda yanın... Cəhənnəm olun!

Eynulla Fətullayev