BolgeXeber.Com » Analitika » Jurnalistlərin mənzil məsələsi haqda bir neçə kəlmə söz

Jurnalistlərin mənzil məsələsi haqda bir neçə kəlmə söz

29-07-2013, 10:05
Oxunub: 4 932 Mən özüm də jurnalist olsam da bizdə jurnalistlərə dövlət tərəfindən mənzil verilməsini heç cürə qəbul edə bilmərəm. Bu cür məntiqlə onda ticarətlə məşğul olanlara ,elektriklərə ,proqramistlərə və sairə peşə sahiblərinə də ev verilməlidir. Prezident jurnalistlərin dostu mükafatını alarkən deyir ki ,bəs jurnalistlər kommersiya ilə məşğul olmurlar ki, onların özlərinə ev almaq imkanı olsun,onların öz maşıları ilə ev almağa imkanları yoxdur.
Ancaq guya müəllimin,dövlət xəstəxanasında çalışan həkimin,adi fəhlənin öz quru maaşı ilə ev almağa imkanı var? Onlar məgər jurnalistlərdən nədəsə əskikdirlər,yoxsa jurnalistlər onlardan nədəsə artıqdır?! Cəmiyyətə xeyir verməyə qalsa müəllimlərin əslində cəmiyyəti xeyri bəlkə də daha çoxdur,nəinki jurnalistin. Hələ onu demirəm ki,zay,vicdansız jurnalistlərin çoxluğundan,mətbuatımız pula satıldığından cəmiyyət arasında bu peşənin hörməti xeyli düşüb.İndi hər yerindən duran əlinə mikrafon götrüb ya müğənni olur,ya taksi sürücüsü ,ya da 100 manata vəsiqə alıb ,”jurnalist”...
Ancaq məlumdur ki ,normal dövlətlərdə jurnalistlərin qazancı heç də ticarətlə məşğul olanlardan az deyil...Həmişə olduğu kimi görünür bizdə əyər-əskiklikləri malalamaq üçün ,səbəb ilə mübarizə aparmaqdansa nəticəni süni olaraq dəyişməyə üstünlük verirlər.
Mən hesab edirəm ki ,əslində jurnalistlərə ev verilməsi mənasız bir şeydir. Mənə elə gəlir ki , sadəcə olaraq ölkədə normal üçün münbit şərait yaratmaq lazımdır ki, hamı o cümlədən jurnalistlər də başqa peşə sahibləri kimi normal qazanmaq imkanı əldə etsin. Yəni, xüsusi olaraq jurnalistə kömək etmək adı ilə büdcəni israf etmək lazım deyil. Əslində dövlət belə məsələlərə qarışmamalıdır və bu tip işi cəmiyyətin öz öhdəsinə buraxmalıdır. Hətta hüquqi baxımdan da götürsək,qanunda jurnalistlərə maddi yardım nəzərdə tutulmayıb.Konstitusiyamızda mətbuat haqda maddələrdə yalnız mətbuat azadlığı ilə bağlı məsələlər öz əksini tapıb.Ən azından vətəndaşın razılığı olmadan külli miqdarda dövlət vəsaitini kiməsə ayırmaq olmaz. Əlbəttə, hamı kimi, adi vətəndaş baxımından jurnalistə də yardım edilə bilər. Ancaq sosial təminat baxımdan jurnalist, adi vətəndaşdan heç bir istisna imtiyaza malik olmamalıdır.
Mənəvi nöqteyi-nəzərdən isə iqtidarın jurnalistlərə ev paylaması daha çox rüşvət kimi qəbul olunmalıdır.Bununla iqtidar, onlardan haqq-hesab edilməyən büdcə puluna özünü mətbuat yanında “yaxşı”edir. Axı mənzil alan jurnalist sabah iqtidarı necə tənqid edər?!(əgər əvvəllər ümumiyyətlə edibsə)Bu onun gözügölgəli edilməsidir. Ev alan jurnalist ən azından ona mənzil verənləri tənqid etməyə utanacaq,bunu özünə ar biləcək. Ümumiyyətlə jurnalistlərə havayı ev vermək yaxşı şey olsa idi,inkişaf etmiş demokratik,varlı ölkələr bunu çoxdan edərdi. Yəni bu məsələdə ilk olmaq heç də iqtidara başucalığı gətirmir.İnanıram ki, onsuz da çirkab içində çapalayan mətbuatımızın tarixinə ev məsələsi vaxt gələcək qara ləkə kimi düşəcək. Ehtiyacı olan başqa peşə sahiblərinə,adi vətəndaşa yox, mətbuat işçilərinə mənzil verilməsinin kökündə həm də o durur ki, jurnalist başqalarından fərqli olaraq ölkədəki nöqsanları üzə çıxara bilir,həqiqəti göstərib yaya bilər.Məhz bu “təhlükənin” qabağını almaq üçün,kasıb ,eyni zamanda iqtidarı dəstəkləyən jurnalistləri narazı salmamaq üçün müəyyən qism jurnalistlərə mənzil verilir.

Çünki ac və müstəqil jurnalist ,əqidəsinə görə yox,acıqdan həqiqəti yaza biləcəyindən korrupsioner məmurlara təhlükə doğura bilər. Bu səbəbdən jurnalistləri pul ilə susdurmaq daha ucuz başa gəlir,nəinki onları həbs etdirərək iqtidarı beynəlxalq təşkilatların gözündə salmaq.Çünki sonradan həmin o demokratiya carçılarını-“demokratik təşkilatları” susdurmaq üçün artıq milyonlar xərcləmək lazım olacaq.Ümumi götürəndə jurnalist kimi şərəfli peşə Azərbaycanda elə günə salınıb ki, bir çox əsl,dəyərli jurnalistlər açından ölməmək üçün sifarişli yazılar yazmaqdansa gedib tikintidə fəhlə işləməyi üstün tuturlar.Jurnalistika bizdə artıq açıq alış-verişə çevrilib,mətbuatımızada bazar mühiti hökm sürür. Pul vercəksənsə tənqid olunacaqsan,pul verməyəcəksənsə tənqid olunmayacaqsan,hətta təriflənəcəksən. Mətbuatımızı müəyyən mənada reket mətbuatı adlandırmaq olar.
Özü də bu kateqoriyaya adlı-sanlı mətbu orqanları,telekanalları belə aid etmək olar.Sadəcə olaraq tutulanlar,reket siyahısına salınanlar adətən xırda-para kilkələrdir.Böyük mətbu orqanlar isə böyük olduqlarından,böyük məbləğlər sayəsində və böyüklər tərəfindən idarə olunduğundan onların adları təbii ki,tərtəmiz qalır.

Mənzillərin əksəriyyətinin iqtidaryönlü jurnalistlərə verilməsi,mənzil alanların arasında maddi cəhətdən,imkanlı və evə ehtiyacı olmayanların heç də az olmaması,bir çoxlarının isə jurnalistikadan uzaq adam olması da (mətbuatda 30 il olmaq belə hələ heç nə demək deyil)onu deməyə əsas verir ki,bu jurnalistlərə köməkdən çox ,sadəcə bəzilərinin göstərdikləri xidmətlərinə görə onlar verilən mükafatdır. Ancaq bir tərəfdən siyahıda adı olan iqtidara yaxın bir çox mətbu orqanlarının jurnalistlərinə mənzil verilməsini də bu baxımdan mənasız hesab etmək olar.Çünki onsuz da,istər yazılı,istərsə də elektron mətbu orqanların bir çoxu, onları heç kim oxumadığından,almadığından təbliğat-təşviqatdan çox,makulaturanı xatırladır.
Ola bilsin ki,bu baxımdan yenə telekanalların ,“ağı qara göstərmək” yolunda müəyyən xidmətləri var,ancaq ölkədə peyk antenalarının get-gedə artması əhalinin artıq yerli kanallara olan inamının get-gedə daha da azalmasını göstərir.

Bundan başqa bizdə mətbu orqanların çoxu məmurlar üçün sadəcə yeyinti, dövləti maraqlarını yox,öz şəxsi maraqlarını qorumaq üçün bir vasitədir. Butün bunlara görə Azərbaycan mətbuatını demokratik dünyanın mətbuatı ilə müqayisə edəndə bu normal adama utanc gətirir.
Reallıq odur ki,hər hansı bir mətbu orqanın fəaliyyət göstərməsi üçün müəyyən vəsait tələb olunur.Ciddi mətbuat proyektinə isə təbii ki,ciddi məbləğ tələb olunur.
Əlbəttə ,bu vəsaiti adi adam sadəcə cibindən verib müvəqqəti müstəqil ola bilər,ancaq siyasi məsələlərdə ölkədəki vəziyyət barədə həqiqəti açıq-aşkar yazan kimi həmin mətbu orqan tez bir zamanda açıq aşkar susdurulacaq.Xatırladaq ki, ümumiyyətlə təmiz yolla bizdə normal pul qazanmağın özü də müşkül məsələdir. Ona görə də əlac qalır ancaq məmurlara.Çünki pul əsas məmurlardadır.Çünki ölkədəki biznes əsas onların əlindədir.Bir tərəfdən onlar özlərinə yaxşı imic qazanmaq üçün
özləri də mətbuatla dost olmağa çalışırlar,ancaq aydındır ki,müəyyən şərtlərlə...
Əlbəttə mən bu yolu alqışlamıram ,ancaq jurnalistin də dolanmaq üçün yeganə çıxış yolu qalır; məmurun oğurladığı puldan qopartmağa çalışmaq ...
Adama hərdən elə gəlir ki,bizdə Mətbuat Şurası jurnalistlərin arxsında duran,onlara cavbadeh olan qurum yox, iqtidarı mətbuatdan qorumaq üçün fəaliyyət göstərir.
Əlbəttə bütün bu dediklərimə rəğmən bizdə də jurnalistlərə yazdıqları mövzularda müəyyən müstəqillik verilir.Daha doğrusu mətbuat iqtidarı tərifləməkdə,ölkədəki ,olmayan inkişafdan yazmaqda,ana dilimizin qorunması,aborta qarşı ,siqaretin,arağın ziyanı, yüngülvari ekoloji problemlər haqda,dünyada baş verən hadisələrdən,muğamdan,meyxanadan,şou-biznesdən,orta əsr tariximizdən,kosmosdan,mücərrad əxlaqdan,idmandan,havadan,kriminal hadisələrdən,yol-nəqliyyat hadisələrindən,məişət problemlərindən və sairə bu kimi “aktual” məsələlərdən yazmaqda müəyyən mənada müstəqildir...
Ümumiyyətlə adı siyahıda olan bir çox mətbu orqanların və onlarının jurnalistlərinin adını mətbuata ,jurnalistikaya aid etməyə adamın dili də gəlmir. Araşdırılma aparanda açıq-aydın məlum olur ki,siyahıdakı əksər mətbu orqanların və jurnalistlərin hərəsinin arxasında bir məmur durur,hərəsini bir oliqarx maliyyələşdirir. Əlbəttə ki,bu rəsmən bəyan edilmir,amma jurnalistlərin çoxu bunu bilir,sadəcə olaraq bu cür faktlar geniş ictimaiyyətdən gizlədilir.Sadəcə olaraq ara-sıra hansı məmursa hansısa məmuru vurmaq istəyəndə bunu üzə çıxarır.
Məhz bu cür dırnaqarası mətbuatın, azsaylı yaxşı vicdanlı jurnalistlərin həqiqəti əks etdirən yazılarını yox ,özlərinə və bosslarına sərf edənləri dərc etməsi üzündən onsuz da pulsuzluqdan,təyziqlərdən yerdə can verən Azərbaycan mətbuatı, sanki başından “ kubuklə” vurub öldürülür.Elə bu səbəbdən iqtidara tərif yazan, bu qəzetlərin çoxu, heç qatı açılmamış, birbaşa ,az qala bütün tirajla(zorla,hədə-qorxu ilə, idarələrə,şirkətlərə abunə adı ilə sırınanları saymasaq) bazarlarda meyvə-tərəvəz yeşiklərinin altına qoyulmaq,ev təmiri zamanı yerə sərmək,oxumaqdan başqa digər məqsədlər üçün istifadə olunur.
Onsuz da ,istənilsə belə mənzillərin paylanması zamanı seçimdə ədalətlilik prinsipini qorumaq demək olar ki , mümkün deyildir və ona görə də o mənzilləri ümumiyyətlə ,imkansız ,çoxuşaqlı ailələrə vermək daha yaxşı olardı. Ədalətli o olardıkı mənzillər üçün icazə ,halallıq vətəndaşlardan alınsın. Çünki ,bu pul millətin puludur. Dövlətin ən böyük işi ,borcu isə qanunların ,hüquqların təmin olunması və ölkədə yaşayıb ,işləyib dolanışığı təmin etmək üçün mümkün qədər münbit şərait yaratmaq olmalıdır.

Əgər bu olarsa qalan məsələlər özü-özünə tənzimlənər və heç kimə fərdi qaydada yardım etməyə ehtiyac qalmaz. Qəzet də ,elektron mətbuat da kiçik və ya böyük ola bilən bir müəissədir və onu xeyri borcunu ödəmirsə onun sıradan çıxması adi qarşılanmalıdır.Əgər qəzet yüksək keyfiyyətli məzmun ortaya qoyursa , ancaq maddi cəhətdən özünü doğrultmursa (alınıb oxunmursa ),kommersiya strukturları qəzetlərdə reklama xüsusi can atmırsa və reklamın özünün də reklamverənə bir xeyri dəymirsə ,demək o ölkədə cəmiyyət anormaldır. Mənə elə gəlir ki , bu addımının kökündə jurnalistlərə köməkdən çox ,iqtidarı reklam etmək niyyəti durur. Bununla hökumət ,haqqında tənqidi yazanları xoşluqla zərərsizləşdirmək, həmçinin dünyada özünə qarşı müsbət rəy qazanmaq istəyir.Gördüyünüz kimi ,o mənzillərin heç də hamısı həqiqətən ehtiyacı olanlara çatmadı.

O mənzillərdə birinə sahib olmaq istəyən bir-iki müxalifət yazarı deyə bilər ki ,bunda pis şey yoxdur, bəs bu pul onsuz da xalqın puludur,bu bir qənimətdir. Ancaq bu evdən mənzil uman müxalifət yazarında gərək “üz” olsun. Çünki bu mükafat ən azından prinsipə, sağlam əqidəyə görə ,əxlaqi baxımdan qəbul edilməməlidir. Çünki əgər sən hakimiyyəti pis sayırsansa, mənəvi baxımdan ondan mükafat-zad qəbul etməməlisən.
Reallıqda isə çox güman ki , psevdomüxalifət yazaralrı iqtidarqarışıq bir-birlərini ev üstündə hələ qıracaqlar. Minlərlə imkansız jurnalist barəsində isə düşünmək belə istəməyəcəklər,jurnalist adını bir daha ləkələyəcəklər,onu bir az da bədnamçlaşdıracaqlar.Utanmadan ,vicdan əzabı çəkmədən həmin mənzildə yaşayacaqlar. Hər şey bir yana qalsın,hətta jurnalistlərə kömək etmək həvəsi səmimi olsa belə, dediyim kimi ədalətlilik prinsipini qorumaq mümkün deyildir. Axı necə müəyyən etmək olar ki ,kimin evə daha çox ehtiyacı var və kim vicdanlı yazar kimi buna daha çox layiqdir?! Və əgər ədalətli olmaq mümkün deyilsə, demək bu proyekt də mənasız və lazımsızdır.
O ki,qaldı mənzil alanların siyahısında azdan-çoxdan həqiqəti yazan jurnalistlərin adının olmasına, onlara mənzil həm xala xətrin qalmasın,görüntü üçün deyə verilib,həm də dediyim kimi bu müəyyən mənada,dediyimiz kimi üstüörtülü rüşvətdir.Şərti olaraq müxalifət düşərgəsini təmsil edən ev alan yazarlar nə qədər özlərinə bəraət qazandırsalar da,evə ehtiyacları nə qədər çox olsa da onların,cəmiyyətin mütərəqqi düşüncəli təbəqəsinin gözündə düşəcəkləri dəqiqdir.Əlbəttə bir tərəfdən sədəlöhv olmaq lazım deyil,aydındır ki,mənzil alanların adı siyahıya heç də təsadüfən düşməyib,mənzil alanlar da müraciət edib,alanlara da zəng ediblər və hər şey razılaşdırılıb deyə kimin mənzil alacağı demək olar ki,əvvəldən məlum idi....

Mənə elə gəlir ki ,başqa peşə sahiblərinə yox ,məhz jurnalistlərə ev verməyin kökündə həm də onların başqalrından fərqli olaraq çox gizli mətləbləri çılpaqlığı və kütlənin asan başa düşəsi dil ilə yazıb- yaymağı bacarması faktoru da durur. Yardım məsələsinə qalsa isə KİV-ə dəstək fondunun da fəaliyyətini görmüşük:Həqiqətən köməyə ehtiyacı olan aztirajlı ,ianələr hesabına çıxan müstəqil qəzetləri,regional nəşrləri qoyub məmurlara yaxın olan ,çoxtirajlı,varlı qəzetlərə kömək edildi,jurnalistlərə ev verilməsi mənə “tocnu” sosial yardımın verilməsinə oxşadı.Sosial yardımı da Azərbaycanda bir qayda olaraq məmurların qoyduğu şəxsi şərtlərə tam münasib gələn imkanlı adamlar alır...
P.S.Təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımız mənə elə gəlir 138 ildə qazandığından çox itirib. Ancaq bütün bu dediklərimə rəğmən onu deyim ki,şükürlər olsun hələ də istisna kimi vicdanlı jurnalistlərimiz,həqiqəti yazmağa çalışan mətbu orqanlarımız da mövcuddur və demək yaşamaq olar,ümid var.Şəxsən mənim dərdim ev dərdi deyil,evə ehtiyacım yoxdur.Mən Sokratsayağı yaşamağa öyrəşdiyimdən,Diogensayağı evsiz ,lap çəlləkdə də yaşayaram.Bu baxımdan məni yandıran mətbuatımızın.çəmiyyətin,sonda ölkənin halıdır.
Mənim evə ehtiyacım olsa idi belə mən bunun üçün müraciət etməzdim .Onu da dəqiq bilirəm ki,hətta evə ehtiyacım olduğundan müraciət etsəm belə mənə ev verməzdilər. Mən inanıram ki,nəinki mənə,bu gün Sabir sağ olub o zamanlar olduğu kimi kasıb yaşayıb hansısa qəzetdə şeirlər yazsaydı,ona da verməzdilər. Çünki inanıram o həiqəqti yazcaqdı, Zərdabi kimi... Sabirin dahiliyi həm də onda idi ki,o pul cəhətdən kasıb olsa da, mənən varlı idi və yazar üçün də ən əsas budur...
Amma bir tərəfdən mətbuatımızın bugünkü halını təbii sayıram.Çünki mətbuat 4-cü hakimiyyət sayılsa da,cəmiyyətin güzgüsüdür və bu bu baxımdan cəmiyyətin halı necədirsə,mətbuatımız da o gündədir...

Kənan