BolgeXeber.Com » Analitika » İcra başçısının olimpiya biabırçılığı

İcra başçısının olimpiya biabırçılığı

30-07-2013, 09:55
Oxunub: 4 440 Zakir Fərəcov vətəndaşa məxsus torpaq sahəsini idman kompleksi tikilməsi üçün ayırıb
Abşeron rayonunun icra başçısı Zakir Fərəcov vəzifəsindən kənarlaşdırıla bilər. Buna səbəb icra başçısının Ilham Əliyevi qəzəbləndirən hərəkətə yol verməsidir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, ölkə başçısının göstərişilə Abşeronda olimpiya kompleksi inşa edilməli imiş.
Gənclər və idman naziri Azad Rəhimov bununla bağlı Zakir Fərəcova məktub ünvanlayıb. O, Ilham Əliyevin göstərişini icra başçısının diqqətinə çatdıraraq ondan olimpiya kompleksi üçün yer ayrılmasını xahiş edib. Zakir Fərəcov da dərhal kompleks üçün yer ayırıb. Lakin bir müddət keçdikdən sonra bəlli olub ki, icra başçısının ayırdığı yer xüsusi mülkiyyətdir. Torpağın sahibi əvvəlcə bununla bağlı icra başçısına, daha sonra gənclər və idman nazirinə müraciət edib. Lakin nəticəsi olmayıb. Bu halda mülkiyyətçi Abşeron Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Torpaq sahibinin əlində bütün sənədlər olmasına baxmayaraq məhkəmə Zakir Fərəcovun sifarişini yerinə yetirib. Işdən apelyasiya şikayəti verilib. Apelyasiya Məhkəməsi də birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Lakin bununla belə məhkəmələr Zakir Fərəcovun diqqətinə çatdırıblar ki, bu iş Avropa Məhkəməsinə gedərsə dövlətə böyük zərbə olacaq. Icra başçısı isə deyilənlərə əhəmiyyət verməyib. Məlumatlara görə, iş hazırda Ali Məhkəmə mərhələsindədir. Bildirilir ki, artıq məsələ barədə Ilham Əliyevə də məlumat verilib. Ölkə başçısına izah edilib ki, Azərbaycan daxilində bu qanunsuzluğu ört-basdır etmək mümkün olsa da, Avropa Məhkəməsində torpağın sahibi qalib gələcək. Və qalibiyyət hətta həmin ərazidə inşa edilən kompleksin belə torpaq sahibinə verilməsi şəklində ola bilər. Bütün bunlardan sonra Ilham Əliyevin hiddətləndiyi bildirilir. Ilham Əliyevin artıq Zakir Fərəcovla işləmək istəmədiyini söyləməsi deyilsə də, hələ ki, onunla bağlı qəti qərar verilməyib. Bu, Zakir Fərəcovun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın adam olması ilə izah edilir.
Bolgexber.com