BolgeXeber.Com » Analitika » Kəmaləddin Heydərovu özünə prezident sayan şəxs

Kəmaləddin Heydərovu özünə prezident sayan şəxs

30-07-2013, 11:50
Oxunub: 4 807 Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Musayev aldığı hər bir rüşvəti FHN şefinə çatdırdığını iddia edir

Son illər ölkədə əhalinin ən çox narazı qaldığı sahələrdən biri gömrükdür. Ölkənin giriş və çıxış qapılarındakı vəziyyətin hansı bərbad halda olduğunu isə bilməyən yoxdur. Amma bunların sırasında gömrüyün bir sahəsi də var ki, orada cərəyan edən proseslər artıq həddini aşmaqdadır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsindən («Rastomojka») narazı olmayan şəxs yoxdur. Bunun başlıca səbəbi isə xaricdən gətrilən avtomobillərə görə, bu qurumda alınan rüşvətin həddindən artıq çox olmasıdır. TİA.AZ-ın apardığı araşdırma nəticəsində məlum olub ki, İsmayıl Musayevin rəhbəri olduğu qurumda vəziyyət dəhşətlidir. Belə ki, Telman və Rövşən adlı müavinləri vasitəsi ilə milyonlarla manat vəsaiti ələ keçirmək üçün min bir oyundan çıxan Musayev işi o həddə çatdırıb ki, aldığı rüşvəti kimə və niyə verdiyini də açıq şəkildə bildirir. Bu barədə bir qədər sonra.
Araşdırmalar nəticəsində bəlli olub ki, xaricdən gətirilən avtomobillərdən alınan rüşvətin həcmi onların buraxılış ilinə görə dəyişir. Belə ki, əgər avtomobilin buraxılış ili 2004-cü ilə kimidirsə, ondan alınan rüsumun üzərinə 7-8 yüz dollar əlavə pul qoyulur. Yox, maşınlar 2005-ci ildən sonrakı illərin istehsalıdırsa, bu zaman rəsmi rüsumla alınan pul arasındakı fərq ən azı 2 dəfəyə vurulur. Qəribədir ki, özləri üçün tərtib etdikləri «rüsum cədvəli»ni az qala ora gələnlərin gözünə soxan İsmayıl Musayev və müavinləri Rövşən və Telman kimsəyə güzəşt etmək fikrində olmadıqlarını bildirirlər. Hətta şikayət etmək istəyənləri zorla idarənin həyətindən çıxarırlar. Üstəlik, deyirlər ki, kim hara istəyir şikayət edə bilər.
İşin ən ilginc iki tərəfi var. Birinci tərəf odur ki, İsmayıl Musayev və müavinləri prezident İlham Əliyevi dövlət başçısı olaraq qəbul etmirlər. Onlar yalnız Heydər Əliyevi və Kəmaləddin Heydərovu tanıdıqlarını bildirirlər. İddialara görə, hətta İsmayıl Musayev və müavinləri dəfələrlə maşınlarını gömrükdən keçirmək üçün gələnlərin qarşısında bildiriblər ki, onların prezidenti Kəmaləddin Heydərovdur. Maraqlıdır ki, FHN rəhbəri gömrüyün başçısı deyil və bu adamların da belə bir iddia ilə çıxış etməsi qəribədir. Görünür, bir zamanlar onları gömrüyə gətirdiyinə görə, Kəmaləddin Heydərovu özlərinə dövlət başçısı seçiblər. Ya da, işin içində başqa nüanslar var.

İkinci tərəfi odur ki, İsmayıl Musayev və müavinlərinin Bakıda xeyli sayda avtomobil satışı ilə məşğul olan salonlarının olmasıdır. Məlumatlara görə, idarə rəisi və müavinləri faktiki olaraq Gürcüstan və Almaniyadan maşınlar gətizdirərək, onları avtosalonlarında satdırmaqla da külli miqdarda pullar qazanırlar. Belə ki, adi vətəndaş Gürcüstan və Almaniyadan 7000 manata maşın gətirdikdən sonra onun ilinə uyğun olaraq, gömrükdə ən azı 3500-4000 manat pul xərcləməli olurlar. 2006-cı ildən sonrakı buraxılışlar üçün isə bu rəqəm 8000 manata qədər artdıqda, həmin avtomobilin maya dəyəri 15000 manata qədər yüksəlir ki, onu da belə bir qiymətə bazarda satmaq mümkün deyil. Yəni, İsmayıl, Telman və Rövşənin xaricdən gətirdiyi avtomobillər üçün rəsmi gömrük rüsumu ödənildiyindən maşının maya dəyəri makismum 11 min manat civarında olur ki, bu da onların hər avtombildən 3-4 min manat qazanc əldə etməsinə rəvac verir.

Eyni zamanda, bu avtomobil ticarətinin monopoliyada saxlanılması deməkdir. Belə ki, Avtonəqliyyat Gömrük İdarəsinin rəisi və müavinləri bazardakı mövcud qiymətləri öz maraqlarına uyğun məbləğdə saxlamaq üçün qəsdən gömrük rüsumlarını artırırlar.

P.S. Avtonəqliyyat Gömrük İdarəsində baş verən digər ilginc olaylarla bağlı maraqlı faktları diqqətinizə çatdıracağıq.
Bolgexeber.com