BolgeXeber.Com » Analitika » BDYPİ-də baş redaktordan 640 manat «haqq» aldılar

BDYPİ-də baş redaktordan 640 manat «haqq» aldılar

30-07-2013, 15:05
Oxunub: 5 384 Fikrət Fəraməzoğlu: «BDYPİ-də əsl bazar açıblar, qiymət oxuyub pul qazanırlar»

Tanınmış jurnalist, Jurnalist Araşdırma Mərkəzinin (JAM) rəhbəri Fikrət Fəraməzoğlu Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) şikayətçi düşüb. Bu barədə açıqlama verən baş redaktor bildirib ki, bu ayın əvvəlində Gürcüstandan özü üçün gətirdiyi avtomobilə dövlət nömrə nişanı almaq üçün BDYPİ-yə müraciət edib. Lakin ondan dövlət rüsumu təqribən 80 manat olan bu işə görə, 640 manat pul alıblar.

Fəraməzoğlu bildirib ki, bu pulu ondan rüsum adı ilə işini həll etmək üçün alıblar. Və həqiqəti isə sonradan öyrənə bilib. «Mən iyulun 16-da Baş Dövlət Yol Polis İdarəsinə gedərək, onlardan şəxsi maşınım üçün dövlət nömrə nişanı almaq istəmişəm. Bank yolu ilə əldə etdiyim maşını öz adıma keçirmək istəyəndə rayon qeydiyyatı olduğumdan işləmləri Bakıda görə bilməyəcəklərini bildirdilər. Məsələ ilə əlaqədar BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladım. O da bildirdi ki, Bakıda nömrə almaq mümkün deyil və ona görə də, qeydiyyatda olduğum rayona üz tutmalıyam. Və o, bu işlərin Bakıda həyata keçirilməsinin qeyri-qanuni olduğunu da söylədi».

Baş redaktor daha sonra vurğuladı ki, elə bundan sonra ona dəllallar yaxınlaşmağa başlayıblar. «Əvvəlcə mənə bir nəfər yaxınlaşıb problemin nə olduğunu soruşdu. Vəziyyəti izah etdim və bankla danışaraq maşını rayona aparmağımın lazım gəldiyini bildirdim. Onlar etiraz etmədilər. Dəllal isə mənə bildirdi ki, bu işi Bakıda eləmək mümkündür, sadəcə, xərcin çox çıxacaq. Əvvəlcə inanmadım və Kamran müəllimin dediklərini ona təkrarladım. O da cavabında «Kamran çox şey deyir, amma burda hər şey eləmək olur» söylədi. Nəhayət, məni BDYPİ-nin rəisi general Ramiz Zeynalovun köməkçisinin (mən o adamın qeyd olunan vəzifəyə sahib olub olmadığını dəqiq bilmirəm) yanına çıxardılar. Serjant formasında olan adam bildirdi ki, bu işi həll eləmək üçün 640 manat pul verməliyəm. Həmin pulun bir hissəsinin generala veriləcəyini dedi. Doğrusu, tərəddüd etdim. Məsələnin qanuni olub-olmadığını soruşdum, qarşıt tərəf də bildirdi ki, tam qanuni şəkildə həll olunacaq. Bundan sonra onlar maşının sənədlərini alaraq, özləri ilə apardılar və bir saatdan sonra mənə 99-la başlayan nömrə verdilər».

Fikrət Fəraməzoğlu deyir ki, o, hələ də məsələnin mahiyyətini anlamayıb. «Texniki pasportda göstərilir ki, guya, mən maşını «Elvin-2007» MMC-dən almışam. Halbuki avtomobili Gürcüstandan özüm gətirmişəm. Maşın üçün kredit ayırmış bank isə onlar üçün hansı rayonda qeydiyyatımın olub-olmadığının heç bir əhəmiyyəti olmadığını bildirir. İndi bu məsələ qanuni deyildisə, BDYPİ işçiləri bunu necə həll elədilər? Yox, qanuni idisə Kamran Əliyev niyə işləmlərin qanunsuz olduğunu deyirdi? Sonradan dəqiqləşdirmişəm ki, görülən bu işlər üçün tələb olunan rüsumun məbləği heç 80 manat etmir. Gözümün qabağında baş verən iyrənc hadisələri gördükcə ürəyim bulanırdı. Rüşvətxorluğun da bu şəkildə üzdə olması daha da iyrənc görünür. İnsanların başına gətirilən bunca oyunlara görə isə kimsə məsuliyyət daşımır. Görünür, cəzasızlıq o həddə çatıb ki, artıq BDYPİ bazara çevrilib».

JAM.AZ-ın rəhbəri sonda DİN başçısı Ramil Usubova müraciət edərək, ondan məsələnin araşdırılması üçün göstəriş verilməsini də istəyib. «Mən cənab Ramil Usubovdan xahiş edirəm ki, bu məsələni araşdırılmasına dair göstəriş versin. Çünki həyata keçirilən bu tip işlərin əksəriyyəti ya general Ramiz Zeynalovun, ya da general Ramil Usubovun adı ilə edilir. Əminəm ki, onların bu işlərdən xəbərləri yoxdur. Amma bu həddə də biabırçılıq olmaz. İstənilən halda ortada adamları aldatmaq yolu ilə rüşvət alma faktı var. Və bunun da araşdırılmasına ciddi ehtiyac duyulur».