BolgeXeber.Com » Analitika » İcra başçısının dilə gətirdiyi “Azəriqaz” yalanı təsdiqlənir

İcra başçısının dilə gətirdiyi “Azəriqaz” yalanı təsdiqlənir

1-08-2013, 09:10
Oxunub: 4 594 Büdcədən milyonlarla manat silinir

Daşkəsən və Gədəbəydə olduğu kimi, Pirşağı bağlarına da qaz çəkilməsi haqda ölkə rəhbərliyinə yalan raport verilib
Daşkəsən Rayon İcra Hakimiyyətində yarım ilin hesabatı dinlənilib. Hesabat zamanı icra başçısı Əhəd Abıyev “Azəriqaz”ı yalançılıqda ittiham edib. Deyib ki, 2013-cü ilin birinci yarısında əhaliyə təbii qazın verilməsi işi gərgin olaraq qalır. 49 yaşayış məntəqəsindən cəmi 4-nün qazlaşdırılması səbəbindən əhali evlərini isidə bilmir, nəticədə kəndlərdən şəhərlərə axın başlayır və qədim yaşayış məskənləri boşalır. Xoşbulaq kəndinə təbii qaz verilməsi və 90 nəfərin evinə qaz çəkilməsi ilə bağlı 2011-ci ildə verilən məlumat hələ də yalan olaraq qalır. Ümumiyyətlə, qaz istismar sahəsinin işi olduqca nöqsanlıdır və çatışmazlıqlar baş alıb gedir. Ə.Abıyev bildirib ki, daşkəsənlilər qarşıdan gələn prezident seçkisinə hazırdılar. Amma qaz olmadığından yerli əhali rayonu tərk edir.
İcra başçısının dilə gətirdiyi həqiqəti “Yeni Müsavat” hələ 2011-ci ildə yazıb. Qəzetimizin 1 iyul 2011-ci il tarixli sayında “Rövnəq Abdullayevin anoloqu olmayan korrupsiyası” sərlövhəli yazıda qaz çəkilişinə büdcədən ayrılan milyonlarla manatın hansı sxem üzrə oğurlanmasından bəhs olunurdu.
Bildirilirdi ki, 2009-cu ildə Dövlət Neft Şirkəti əhalinin qazla təminatının başa çatdırılması üzrə 2 illik proqram qəbul edib - 2012-ci ilədək ölkənin bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmalıydı. 2010-cu ilin ilk yarısında işlər nisbətən normal axarda getsə də, ilin ikinci yarısından başlayaraq korrupsiya maraqları dövlət əhəmiyyətli layihənin taleyini həll edib.
Proqramın başlanğıcında ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi podratçı şirkətlərlə müqavilələr imzalayıb. Ancaq burada yaşayış massivlərinin sürətlə qazlaşdırılması və işlərin keyfiyyətli icrası müqavilələrin prioritetləri sırasına daxil edilməyib. “Azəriqaz”la podratçı şirkətlər arasında qeyri-rəsmi razılaşmaya görə, ümumi məbləğin 40 faizi “şapka” kimi birliyin rəhbərinə ötürülür, qalan vəsaitlə isə həm işlər görülür, həm də vergilər ödənilirdi. Ümumi məbləğ qeyri-rəsmi belə bölüşdürülürdü - 40 faiz “şapka” şəklində “Azəriqaz” bosslarının cibinə axırdı, 7 faiz vergi və sosial ödəmələrə yönəldilirdi, 6 faiz şirkətə qazanc qalırdı, 47 faiz isə real işlərə sərf edilirdi. Bu insaflı şərtlər 2010-cu ilin birinci yarısına qədər davam edib. İkinci yarımildə isə “Azəriqaz” bosslarının iştahı bir az da genişlənib və şərtlər bir az da sərtləşdirilib; ödəmələrdə ciddi ləngimələr yaranıb. Yeni şərtlər isə belədir - “şapka” 50 faiz, qazanc 3 faiz, vergi və sosial ödəmələr 7 faiz, real işin görülməsi 40 faiz. Özü də işlər ilkin olaraq podratçının imkanları hesabına həyata keçirilir, ödəmələr isə sonraya saxlanılır. 2010-cu ilin dekabr ayında podratçı şirkətlərə avqust ayı üzrə ödənəcək məbləğin yalnız bir hissəsi verildi. Həmin yazıda “Azəriqaz”ın maxinasiyaları “Bank of Azərbaycan” üzərindən həyata keçirdiyi qeyd olunurdu. Bildirilirdi ki, “Azəriqaz” 2010-cu ilin dekabr ayında gördükləri işə görə podratçılara 110 milyon manatdan çox vəsaiti ödəməyib.
“Azəriqaz”dakı on milyonlarla ölçülən maxinasiyalar haqda mətbuatda da kifayət qədər faktlara əsaslanan yazılar dərc olunub. “Yeni Müsavat”ın 2012-ci il 25 avqust tarixli sayında “Şınıxın qazlaşdırılmasındakı maxinasiya təsdiqləndi” sərlövhəli yazıda “Azəriqaz” rəsmilərinin milyonluq yalanından söhbət açılırdı.
Qeyd olunurdu ki, “Azəriqaz” rəhbərliyi Gədəbəyin Ermənistanla sərhəddəki 17 kəndin yerləşdiyi Şınıx bölgəsinin tamamilə qazlaşdırıldığı barədə ölkə rəhbərliyinə saxta raport verib. Yazıda əslində bu kəndlərin yalnız birində - Düzrəsulluda 26 evə qaz çəkilməsindən, qazla təmin edilən evlərin sayının bölgədəki evlərin heç 1 faizini də təşkil etmədiyindən bəhs olunurdu. Rayon sakinləri əməkdaşımıza bildirmişdilər ki, 2010-cu ilin payızında Şınıx bölgəsinin Düzrəsullu kəndində 26 evə qaz verildikdən sonra “Azəriqaz”ın naməlum podratçı şirkəti işləri yarımçıq qoyaraq bölgəni tərk edib. Bununla belə, Şınıx bölgəsinin tamamilə qazlaşdırılması barədə Prezident Administrasiyasına yalan hesabat təqdim olunub.
Faktiki isə Düzrəsullu kəndində 300-dən artıq ailə yaşayır, onlardan cəmi 26-nın evinə qaz çəkilib. Gədəbəyin keçmiş deputatı Nazim Məmmədov da rayonda qaz probleminin ciddi olduğunu vurğulamışdı.
Demişdi ki, bölgədə 28 kənd və 17 icra nümayəndəliyi var ki, heç birində qaz yoxdur. Amma “Azəriqaz” rəsmiləri Gədəbəy rayonunun Şınıx bölgəsinin qazlaşdırıldığını deyirlər. Yazıda qeyd olunanlarla bağlı bölgəyə qaz çəkilişi ilə məşğul olan podratçı şirkətin - “Azərbaycan sənaye tikinti” ASC-nin rəhbəri Hacı Sadıqov “Yeni Müsavat”a etiraf etmişdi ki, Şınıx bölgəsində yalnız iki kənd qazlaşdırılıb - Düzrəsullu və Şınıx. Bakı kəndlərinin qazlaşdırılmasında da maxinasiyalar mövcuddur. Məsələn, Pirşağı qəsəbəsi və Pirşağı bağlar massivi layihəyə görə 2012-ci ilin sonuna kimi qazla təmin olunmalı idi. Amma nəzərdə tutulan tam qazlaşdırma alayarımçıq həyata keçirilib.
Pirşağı qəsəbəsi qazlaşdırılsa da, bağlar massivində əksər küçələrə, dalanlara qaz xətti çəkilməyib. Podratçı şirkətin əməkdaşları sakinlərə deyiblər ki, onlar sifarişçinin verdiyi layihə-sxem üzrə hərəkət edirlər. Sakinlər isə deyir ki, layihə-sxemdə bütün küçələrin, dalanların, bütün evlərin qazlaşdırılması nəzərdə tutulub. Buna görə dövlət büdcəsindən milyonlarla manat ayrılıb. Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, 2013-cü ilin sonuna kimi Bakı və Bakıətrafı kənd və qəsəbələrdə qaz, su, işıq və s kommunal problemlər həll ediləcək. Belə görünür ki, “Azəriqaz” rəhbərliyi büdcədən milyonlar oğurlamasına rəğmən prezidenti aldatmaqdan da çəkinmir. Daşkəsəndə, Gədəbəydə olduğu kimi, Bakıətrafı kəndlərdə də tam qazlaşdırma ilə bağlı ölkə rəhbərliyinə yalan raport verilir.
Bolgexeber.com