BolgeXeber.Com » Analitika » Bir ailəni “bomj”a çevirən Mərkəzi Klinik Xəstəxana

Bir ailəni “bomj”a çevirən Mərkəzi Klinik Xəstəxana

1-08-2013, 11:15
Oxunub: 5 535 Mərkəzi Klinik Xəstəxanada övladını da, ev-eşiyini də itirən ata qürbətə pənah aparır

Bahəddin Fərəcov- ev-eşiyini dəyər-dəyməzinə satıb son qəpiyinədək övladının sağalmasına xərcləyən, ancaq onun həyatda qalmasına nail ola bilməyən ata. Onu ürəkağrısız dinləmək olmur. Yeniyetmə qızının, ev-eşiyinin əlindən çıxması azmış kimi, indi də həyat onu başqa cür sınağa çəkməklə məşğuldur.

Deyir, bütün qışı xəstə həyat yoldaşı ilə binaların girişində yaşayıb. Əvvəllər Bahəddin Fərəcov qızının əməliyyatına görə Mərkəzi Klinik Xəstəxanaya ödədiyi pullarını geri tələb edirdisə, indi özünə və həyat yoldaşına qərib ölkələrdən sığınacaq istəyir.

Bahəddin Fərəcovun qızı 18 yaşlı Vüsalənin beynində Mərkəzi Klinik Xəstəxanada bir türkiyəli həkim əməliyyat aparıb. Əməliyyat uğursuz alınıb. Vüsalə vəfat edib. Ata iddia edir ki, 4 ildir klinikaya və qızını əməliyyat etmiş türkiyəli həkimə verdiyi pulları geri ala bilmir. Hər dəfə klinikaya müraciət edəndə əməliyyatdan əvvəl onunla bağlanmış «razılıq müqaviləsi»ni göstərib deyirlər ki, müqaviləyə görə, klinikaya və əməliyyata görə ödənilmiş pullar geri qaytarılmır. Atanın iddia etdiyi ümumi məbləğ 20 min manat civarındadır.
O, qızının ölümü ilə bağlı Səbail rayon prokurorluğuna da şikayət edib. Ancaq cinayət işi başlanmasına nail ola bilməyib: «10 min manat həkimə, 7152 manat Mərkəzi Klinik Xəstəxanaya ödəmişəm. Dedilər, uşaq təcili əməliyyat olunmalıdır. 4 saatın içərisində 70 min manatlıq evi 10 min manata «makler»ə satıb həkimin pulunu ödəmişəm, xəstəxananın pulunu isə kənddə camaat yığıb verdi mənə. Uşaq əməliyyatdan sağ çıxmamışdı. Ancaq məni aldadırdılar ki, əməliyyat uğurlu keçib və uşaq reanimasiyadadır. Müqavilə mənimlə xəstəxana arasında 4 günlük bağlanmışdı deyə, uşağın ölüsünü 4 gün tamam olana qədər bizə vermədilər. Çünki gərək bu halda xəstəxanaya ödədiklərimizi özümüzə qaytaraydılar. Uşağın ölüsünü süni nəfəs aparatına qoşub 4 gün saxladılar. Tələb etsəm də, ölünü bizə vermədilər. 4 gündən sonra aparatdan ayırıb verdilər».

Bahəddin Fərəcov deyir ki, Mərkəzi Klinik Xəstəxana ilə 5 illik çəkişməsi onda halət qoymayıb. İndi o, itirdiyi pulların özünə qaytarılmasından, vətəndə bir koma alıb içərisinə yığışmaqdan əlini üzüb və bütün ümidlərini qəriblikdə sığınacaq əldə etməyə bağlayıb.
Bolgexeber.com