BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyev Xaçmazda kəndli üsyanına səbəb ola bilər-Fotolar

Etibar Pirverdiyev Xaçmazda kəndli üsyanına səbəb ola bilər-Fotolar

4-08-2013, 09:30
Oxunub: 7 185 Ölkənin baş energetiki kəndlilərə məxsus vətəgə və süni göllərə əl qoyub; əhali monopolist məmurlara qarşı kütləvi etiraza qalxacaqlarını deyir...
Xaçmaza getməyimizə Köhnə Xaçmaz kəndinin sakinlərinin son günlər redaksiyamıza ünvanladıqları çoxsaylı şikayət məktubları səbəb oldu. Rayon mərkəzinə çox da uzaq olmayan kəndə getməmişdən öncə rayondakı vəziyyəti öyrənməyə çalışdıq. Rayon mərkəzini gəzib, insanların şikayətlərini dinləmək yanaşı, vaxt tapıb Xaçmazın məşhur meyvə-tərəvəz bazarına da baş çəkdik. Xaçmaz pomidoru və şaftalısı bütün ölkədə məşhurdur. Amma, gəl gör ki, kəndlilər builki məhsullarının yerdə qaldığından şikayətlənirlər.
Onların sözlərinə görə, bir neçə məmur var ki, meyvə-tərəvəz bazarını monopoliyaya alıb. Məsələn, Xaçmaz sakini Əlövsət Hacıyev deyir ki, daha əvvəlki kimi, məhsullarını Rusiyaya aparıb sata bilmirlər: “Kimsə göstəriş verib ki, sərhəddən bir kilo belə olsa meyvə-tərəvəz keçirilməsin. Gömrükdə bir maşın şaftalı üçün məndən beş min manat pul istədilər. Təsəvvür edin bir maşın şaftalını satsam mənim oradan qazancım uzaq-başı min manat olacaq. Şikayət edirsən də səni günahkar çıxarıb qollarına qandal keçirirlər. Bir sözlə, Xaçmazlılara zülm edilir”.
Başqa bir yerli sakin isə icra başçısı və yaxınlarına məxsus meyvə-tərəvəz soyuducularından şikayətləndi: “Çoxları elə bilir ki, soyuducuları kəndlini məhsulunun xarab olmaması üçün tikiblər. Daha bilmirlər ki, icra başçısı Şəmsəddin Xanbabayev və onun yaxınlarının məqsədi başqadır. Onlar kəndlinin bir min zülmlə yetişdirdiyi məhsulu olduqca aşağı qiymətə alaraq soyuducuda bir-iki ay saxladıqdan sonra bazara çıxarır. Bu zaman bazarda məhsul qıtlığı yaşanmaqla yanaşı, süni şəkildə qiymətlər də artırılır. Bizə pomidorun kilosuna görə 30 qəpik vermişdisə, bir aydan sonra onu 1 manata satır. Dəfələrlə məmurları inhisarçı və monopolist əməllərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yazılı şəkildə məlumat vermişik. Heç bir nəticə olmayıb. Üstəlik, bizə təzyiqlər artıb”.
Qeyd edək ki, meyvə-tərəvəzin topdan satıldığı bu yolüstü bazarı bir neçə dəfə dağıtmağa çalışıblar. Satıcılar deyir ki, icra başçısı camaatın məhsulunu satmasını belə həzm edə bilmir.
Xaçmazın məşhur Həsənqala gölü də zəbt edilib. Həsənqala kəndindəki bu göl, balıq vətəgəsinə çevrilib. Gölü kəndlilərin əlindən alıb, əkinlərini susuz buraxan isə “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir. Kənd sakinləri iddia edir ki, bir neçə gün öncə Etibar Pirverdiyevin yaxın adamı, əslən Xaçmazdan olan Şamil adlı şəxs gələrək göstəriş verib ki, göl hasarlansın. Əsasən əkinçilik və balıqçılıqla məşğul olan kənd sakinləri Etibar Priverdiyevin tamahı ucbatından işsiz-gücsüz qaldıqlarını söylədilər: “Əkinə şirin su verə bilmirik. Balıq tutub vətəgələrdə saxlaya bilmirik, kənddəki bütün vətəgələri kəndlinin əlindən alıb”.
“1200 ev, 5 min əhalinin gediş gəlişi gördüyünüz bu sınıq-salxaq körpü vasitəsi ilədir. Körpü uzun illərdir qəzalı vəziyyətdədir. Xəstəmiz olanda və yaxud bir bədbəxt hadisə olanda təcili yardım hadisə yerinə azı bir saata gəlib çıxır. Halbuki körpünü normal təmir etsələr, şəhərə 5 dəqiqəyə çatmaq olar”. Bunu isə bizə Köhnə Xaçmaz kəndində olarkən kənd ağsaqqallarından Sabir Məmmədov söylədi. Onun sözlərinə görə, körpü tikintisi ilə bağlı bir neçə dəfə icra başçısı Şəmsəddin Xanbabayevə müraciət ediblər: “Başçı bizə dedi ki, körpü tikməyə icra hakimiyyətinin imkanı yoxdur. Körpünü Nəqliyyat Nazirliyi tikir. Sözügedən nazirliyə, "Azəryolservis"ə müraciət etsək də hər hansı bir cavab almamışıq".
Kəndin o biri başına keçməyə çalışan kəndlilər sınıq taxtadan ibarət körpünün bir gün onların canlarını alacağını deyirlər: “Uşaqları məktəbə yola salanda qorxuruq. Xüsusilə küləkli, yağışlı qış aylarında özümüz onları körpüdən keçirib məktəbə yola salırıq. Dəfələrlə olub ki, kəndlilər körpünü keçərkən çaya düşüb, boğulmaq təhlükəsi ilə üzləşib. Bir neçə dəfə sakinlər körpüyə görə aksiya keçirmək istədilər. Rayon polisi planlaşdırdığımız aksiyadan xəbərdar oldu və bizim bu cəhdimizin qarşısını aldı”.
Kəndlilərin bir digər problemi isə əkin və örüş yerlərinin məmurlar tərəfindən zəbt edilməsidir. Onlar əkinə yararlı torpaqlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri Adıgözəl Tağıyev tərəfindən ayrı-ayrı məmur və biznesmenlərə satıldığını söylədilər: “Ayağını qoymağa bir boş yer tapa bilmirsən. Varlı biznesmenlər dənizi, meşəni aldı, indi də kəndlinin əkin və örüş yerinə göz tikiblər”.
Köhnə Xaçmaz kəndinin sakinləri bildirdilər ki, Xaçmazda məmur özbaşınalığı sosial partlayışa səbəb olacaq və bu Quba və İsmayıllıdakı kimi əhalinin kütləvi etiraz aksiyaları ilə nəticələnəcək.
musavat.com