BolgeXeber.Com » Analitika » Məmurların 80 faizi dəyişəcək

Məmurların 80 faizi dəyişəcək

4-08-2013, 10:45
Oxunub: 5 448 Nazirlərin “varis planı”na yaşıl işıq?İlham Əliyev seçkidə ən məhdud sayda məmurun köməyindən yararlanmağa qərar verib ki, oktyabrdan sonra bir çoxunun minnətini yox, xidmətini qiymətləndirib yola sala bilsin; bu prosesdən xəbərdar olanlar vəzifə uğrunda çarpışır...
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət daxilində “köhnə rəhbərin yeni komandasında” təmsilçilik uğrunda mübarizə qızışır. Bunun ilkin əlamətləri barədə ötən saylarımızın birində geniş məlumat verdiyimizdən təfsilata varmırıq. Yalnız onu deyək ki, yeni komandaya düşmək uğrunda mübarizənin şiddətini hakimiyyətdəkilər daha yaxşı anlayırlar və bu ciddi rəqabətin səbəbi də var.
Söhbət ondan gedir ki, İlham Əliyev yeni müddətə seçilsə, o, parlament seçkilərinədək-yəni 2015-ci ilin noyabrınadək hazırkı komandasının 80 faizini dəyişməlidir. Bu, xüsusilə prezidentin Brüsselə son səfəri zamanı Avropa Birliyinin dili ilə Qərbin əsas şərti kimi qoyulub. Komanda həm gəncləşməli, həm müasirləşməli və ən əsası, illərdi formalaşmış, yumşaq desək, dünyadakı çox mənfi imicindən qurtulmalıdır. Bu prosesin Əliyev hakimiyyəti üçün necə təhlükəli olduğu məlumdur və bunun nəticələrinin ağır ola biləcəyi də hesablanıb.
Ona görə də bu seçkidə İlham Əliyev komandadakı yalnız ən məhdud sayda məmurun köməyindən yararlanmağa qərar verib ki, seçkidən sonra onların minnətini yox, xidmətini qiymətləndirib yola sala bilsin. İkinci bir tərəfdən, hakimiyyətin ən üst təpəsində də yaxşı bilirlər ki, komanda həm də çox qocalıb.
Artıq bu yeniləşmənin ilkin əlamətləri Təhsil Nazirliyində görünür. Misir Mərdanovun(1946) oğlu yaşında olan Mikayıl Cabbarov(1976) yerini möhkəmlədən kimi özünə həmyaşıdı və uşaqlıq dostunu müavin gətirdi. Bu bir prosesin başlanğıcıdır.
Bu heç də o anlama gəlmir ki, yeni və cavan kadrlar dürüst işləyəcək, sistemdə kök atmış korrupsiyanı yox edəcək. Söhbət ondan gedir ki, İlham Əliyevdən hakimiyyətin dünyaya təqdim olunan kadr vitrinini dəyişmək istənilir. Bu prosesdən xəbərdar olanlar artıq komandada qalacaq 20 faiz yer uğrunda çarpışır.
Yaşa dolmuşlar və hakimiyyətin ən müxtəlif səbəblərdən gözündən düşmüş məmurlar isə indi əsas stavkanı övladlarına edirlər. Onların bir qismi artıq bioloji varislərini işlədikləri sistemə yerləşdirə biliblər. Fəqət əminlik üçün daha yüksək post və hakimiyyətin üst qatında daha qarantiyalı çətirə sığınmaq lazımdır. Çətir isə hamını yağışdan qoruya bilməz...Kimsə islanmalıdır...
Bu çətirə sığınmaq uğrunda gedən dartışmada daha çox üstünə gedilən, nədənsə, nəqliyyat naziri Ziya Məmmədovdur. Bunun səbəbləri ilə bağlı öz versiyamızı nazirin oğlunun adının Türkiyənin “Hürriyet” qəzetində hallanmasından sonra yazmışıq. Əsas səbəb kimi onun prezidentə çox yaxınlığı, klanlara bağlı olmadığı və bəzi iri oliqarx -məmurlarla biznes rəqabətində olduğunu göstərmişdik. Belə məlumatlar var ki, Z.Məmmədov baş nazirin nəqliyyatı da kurasiya edən müavini təyin ediləcəkmiş. Amma nazir oğlunun Türkiyədə özünə dəbdəbəli ad günü keçirməsi və ada alması ilə bağlı yazının dərcindən sonra təyinatı əngəllənib.
Nə qədər dəbdəbəli səslənsə də, baş nazirin müavini kürsüsü nəqliyyat naziri postundan önəmli deyil. Avqustun 8-də Z.Məmmədovun nazir təyin edilməsinin 11 ili tamam olur. Əgər “Azadlıq” qəzetinin yazdığı bu xəbər səhihdirsə, “Yeni Müsavat” ın məlumatını tamamlayır. Əminliklə demək olar ki, Qərbin “getsin” siyahısında adı WikiLeaksın məxfi sənədlərində olan Z.Məmmədov da var. Yəni yeni formalaşacaq komandada təmsilçilik uğrunda mübarizə o həddədir ki, Z.Məmmədov kimi ən çəkili nazir belə arxa planda-baş nazirin müavini postunda yer uğrunda çarpışır. Üstəlik, oğlunun da reputasiyasının qayğısına qalır.
Məsələn, bu günlərdə Az.TV axşam xəbərlərində Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının fəaliyyəti barədə geniş reportaj verilib, nazir oğlunun “Forbes” dərgisində Azərbaycanla bağlı məqaləsi dərc edilib. Bu, Z.Məmədovun bədxahlarının “Hürriyet”də dərc edilmiş yazısına cavabıdır. Amma bu təkcə bədxahlara cavaba da oxşamır, qeyd etdiyimiz kimi böyük bir dəyişiklik prosesinə hazırlıqdır. Razılaşaq ki, Anar Məmmədov heç bir göstəricisinə görə(ingilis dilini bilmək də daxil) gənc təhsil nazirindən geri qalmır. Məsələn, niyə o yeni komandada saçları xeyli ağarmış gənclər və idman nazirini əvəz etməsin? Və yaxud barəsində xeyli müsbət fikirlər söylənilən Tale Heydərov (Kəmaləddin Heydərovun oğlu) niyə də diaspor naziri olmasın? Nazir övladları içərisində ən fəal olanların adını çəkdik, hələ “öz ayranına turş deməyən" nə qədər məmur övladları var ki, onların bir çoxu Avropanın ən nüfuzlu universitetlərini bitiriblər.
Hakimiyyət üçün daha bir mühüm məqam bu dəyişikliklərin saray çevrilişinə və ya rəqib düşərgəyə maliyyə dəstəyinə çevrilməməsidir. Bunun üçün isə köhnələri özündən narazı salmamaq, könlünü almaq, nəzarətdə saxlamaq üçün bəlkə də ən optimal yol elə “varis planlarına” işıq yandırmaqdır.musavat.com