BolgeXeber.Com » Analitika » “Hafka” elə ilk oyunu qumara qoydu

“Hafka” elə ilk oyunu qumara qoydu

4-08-2013, 18:40
Oxunub: 4 928 Sinqapurdakı bukmeyker kontorunda “Bakı”-“Qəbələ” oyununa 500 min dollar yatırılıb, 14 milyon dollar götürülüb
Avqustun 2-də futbol üzrə Azərbaycan çempionatına start verildi. Amma elə ilk oyundan sonra ortaya çıxan şok nəticə ətrafında böyük söz-söhbət başladı. Buna çempionatın elə ilk turunun ilk oyununun nəticəsi rəvac verdi.

Çempionatın ilk turunda “Bakı” klubu “Qəbələ”ni qəbul etdi və 1:2 hesabı ilə məğlub oldu. Xatırladaq ki, “Bakı” nəqliyyat naziri Ziya Məmmədovun şəriki olan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun, “Qəbələ” isə föqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun himayəsindədir.

İndi isə gələk söz-söhbətə rəvac verən nəticəyə. “Bakı” dünənki açılış matçının ilk yarısında olduqca üstün oyun sərgilədi və birinci hissəni 1:0 hesabı ilə qalib tamamladı. Amma fasilədən sonra “Bakı”nı tanımaq olmurdu. Qapısından belə demək mümkünsə, heç nədən iki qol buraxan komanda üstün oyununa rəğmən məğlub oldu.



Bu nəticə rəsmiləşəndən az sonra futbolsevərlər cameəsində “Bakı”-“Qəbələ” oyunu ətrafındakı başqa və daha qaranlıq oyunlar haqda söz-söhbətlər yayıldı. Futbol kuluarlarında gəzən söz-söhbətlərdə bildirilir ki, “Bakı” rəhbərliyi bu oyunu yenə qumara qoyub.

Qeyd edək ki, Azərbaycanda yeganə bukmeyker kontoru olan “Topaz” həm də Azərbaycan çempionatının sponsorudur (əslində bunun özü nonsensdir). “Topaz”ın sahibi isə... “Bakı”nın prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur.

Onu da qeyd edək ki, belə söz-söhbətlər “Bakı”nın oyunları ilə bağlı ilk dəfə yayılmır. Bundan əvvəlki mövsümlərdə də “Bakı”nın oyunlarının nəticələri ilə bağlı əsaslı şübhələr meydana çıxmış, məsələ hətta UEFA səviyyəsinə qalxmışdı. UEFA-nın şübhəli oyunlar siyahısında bu klubun 3 oyunu da vardı ki, onların araşdırılması AFFA-ya həvalə edilmişdi. Həmin oyunlarda “Bakı” öz meydanında “Neftçi”, “Qarabağ” və “Kəpəz”ə müəmmalı şəkildə məğlub olmuşdu. Maraqlıdır ki, “Hafka”nın klubu hər üç qarşılaşmada da qapısından eyni sayda - 3 qol buraxmışdı.

Mətbuatın yazdığına görə, həmin qarşılaşmalarda Sinqapurda fəaliyyət göstərən bukmeyker kontorları vasitəsilə “Bakı”nın məğlubiyyətinə külli miqdarda vəsait yatırılıb. Təkcə “Kəpəz”lə qarşılaşmada Gəncə klubunun qalib gəlməsi 7.00 əmsalla (!) dəyərləndirilmişdi. Deyilənlərə görə, qarşılaşmada “Kəpəz”in qalib gələcəyinə 3 milyon dollar pul yatırmı edilib. UEFA-nı şübhələndirən də elə bu amil idi.

Onu da qeyd edək ki, Avropada fəaliyyət göstərən bukmeyker kontorlarında Azərbaycan çempionatının oyunlarına pul qoyuluşuna məhdudiyyət var. Azərbaycanda oyun alqı-satqılarının mütəmadi hal aldığını nəzərə alan Avropanın futbol qumarbazları bu qadağaya əl atmağa məcbur olublar. Amma Asiyada belə qadağa yoxdur. Ona görə də “Bakı”nın oyunlarına pul qoyuluşları Sinqapurda həyata keçirilib.

İndi isə gələk “Qəbələ” ilə oyuna. Proqnozsevərlər yaxşı bilir, ilk hissədə meydan sahibi olan komandanın qalib gələcəyi, oyunu isə digər komandanın udacağı ilə bağlı proqnoz olduqca yüksək əmsalla dəyərləndirilir. Belə proqnoza ən azı 25.00 əmsal verilir. Yəni 1 manat qoyuluşu edən şəxs 25 manat qazanır.

“Bakı”-“Qəbələ” oyunu da belə nəticələnib. İlk yarıda meydan sahibi “Bakı” qələbə qazanıb, oyunu isə qonaq komanda - “Qəbələ” udub. Bukmeyker kontorlarında “Bakı”-“Qəbələ” oyununun belə nəticəsi 28 əmsalla dəyərləndirilib. “Topaz”a yaxın qaynaqların iddiasına görə, Sinqapurda yerləşən bukmeyker kontorunda “Bakı”-“Qəbələ” oyununun belə məcrada gedişinə 500 min dollar yatırılıb. Belə olan təqdirdə pul yatıran şəxs təxminən 14 milyon dollar qazanc əldə edib...

Bir sözlə, Azərbaycan çempionatı gözlənilməz nəticə, böyük söz-söhbətlə başladı. Virtualaz.org Azərbaycan çempionatının oyunlarının qumara qoyulması ilə bağlı geniş araşdırma yazı hazırlayır. O yazıda proqnozsevərlərə bu mövzuda xeyli şok informasiyalar verəcəyik. Proqnozsevərləri məlumatlandıracağıq ki, onları soyub-talayan oyun tacirləri qarşısında ehtyatı əldən verməsinlər.