BolgeXeber.Com » Analitika » Novxanıda çimərlik rəzaləti

Novxanıda çimərlik rəzaləti

5-08-2013, 08:10
Oxunub: 5 656 Sazı boynunun arxasında çalan gənc, zibillik “mənzərələri” və yarıtmaz xidmət...
Çeşidli səbəblərdən yayı paytaxta keçirmək məcburiyyətində qalanların həftəsonu dincəlmək üçün ən uğurlu seçimlərindən biri dəniz ola bilər. Ailə ya 4-5 dost-tanışla yığışıb, qarpızını, pendirini, təndir çörəyini alıb 3-4 saat çimərliyə getməklə iş həftəsinin yorğunluğunu çıxarmaq istəyən nə qədər insan var. İstəyən var, ancaq bunun üçün imkanlar da varmı? Bax, bu imkanları düşünəndə sizin dəniz istirahəti ilə bağlı təsəvvürünüzdə qurduğunuz zümrüd rəngli, xırçın ləpəli, sarı qumsallı dəniz xülyanız darmadağın ola bilər. Eynən bizim iki gün öncə Xəzərin Novxanı sahillərində yaşadığımız xəyal qırıqlığı kimi...
Jurnalistlər üçün Novxanıdakı otellərdən birinə keçirilən təlimlərdən sonra axşamçağı çimərliyə getməyə qərar verdik. Haradan biləydik ki, uzaqdan gəl-gəl deyən Novxanı çimərliyi sözün əsl mənasında zibilxana imiş...
Novxanıdakı “Barbados” İstirahət Mərkəzinə çatanda “palatka toyu” səsi ətrafı başına götürmüşdü. “İstirahət mərkəzi”nin səyyar səhnəsində “inanılmaz performans” göstərən gənc sazı gitara kimi qullanıb, rəqs meydançasında yeniyetmələri coşdurmaqdaydı. Gözümüz səyyar səhnədə qaldığından irəlilədiyimiz ərazinin digər özəlliklərini fərq etməmişdik. Gözümüzü bir də onda açdıq ki, böyük bir zibilliyin tən ortasındayıq. İlahi, bu nə natəmizlik, bu nə qoxu, bu nə rəzalət???
Girişdəki tualetin kənara aşıb-daşan natəmizliyi, hər 15 addımdan bir qalaq-qalaq zibil yığını, havada uçuşan sellofan torbalar, addımbaşı ayağa dəyən əzik-üzük dəmir bankalar, kapron butulkalar, yemiş-qarpız qabığı, qarğıdalı kötüyü, rəngi nə zamansa bəyaz olan, Allah bilir neçə illik istifadədən sonra bozarıb eybəcər bir rəng tonu alan sınıq-salxaq masalar, stullar, xidmətçilərin əlində masaların rəngindən də bərbad rəngdə olan dəsmallar. İnsanın ödü ağzına gəlir...
Burada hər yeni mənzərə insanı yeni şoka salırdı. Təsəvvür edin, bu natəmiz ortamda bir neçə qutabxana, təndir, kafe də var. Orada yeməklərin hansı şəraitdə hazırlığını gözünüzün qabağına gətirə bilirsinizmi? Belə biabırçılıqdan ancaq milçəklər və siçovullar məmnun ola bilərdi.
Dənizlə bizim aramızdakı təxminən 200 addımlıq məsafə tamamilə təsvir etdiyim kimi idi. Hələ “Barbados”da “dincəlməyə” gələnlərə təklif edilən “at xidmərti”ndən danışmıram. Obyekti işlədənin dağlarda qoyub gəldiyi mədəniyyəti Xəzərin sahilinə daşımaq ehtiyacından yaranan bu xidmət növü sayəsində dənizin bütün sahili at peyini ilə “bəzənmişdi”. Nə var, nə var, burdan gedən desin ki, “Barbados”da dəniz fonunda ata minib şəkil çəkdirmişəm... Tamam, kişinin sazı da, atı, həmişə yanında olar. Ancaq plyajda yox da... İndi siz atlı şəkili 3 manata satacaqsınız deyə, dənizə gələnin başmağı peyinə bulaşmalıdır? Niyə anlamırsız ki, sizinçün adi olan peyin, peyin qoxusu başqaları üçün yumşaq desək, diskamfortdu... Hansı ağlı başında adam özünü sahildəki peyinləri yuyan dalğaların qoynuna atmaq istəyər?
Jurnalist dəstəmiz bu ekoloji fəlakət, üstəgəl rəzalət dolu durumu müzakirə edə-edə “Barbados”dan ayrıldı. Çıxışda qapıda dayanıb içəri keçən avtomobillərdən 2 manat alan “Barbados”ludan administratoru soruşduq. “Adminstrator mənəm” deyib sinəsini qabağa verdi. Bir-birimizə aman vermədən ətrafda baş verən rəzalətin haqq-hesabını çəkməyə başladıq. “Heç utanıb-xəcalət çəkirsiz, bu nə biabırçılıqdır, buranın adını necə istirahət mərkəzi qoya bilirsiniz, niyə ərazi süpürülmür, niyə zibilləri daşıtdırmırsız” tipli suallar havada uçuşduqca administratorun sifətindəki irişik daha da dərinləşirdi. Hələ utanmaz-utanmaz sübut eləməyə çalışırdı ki, ərazidə 300 zibil qutusu var. 300 ha... Nə deyəsən, sonucda dənizə saz və at gətirən zehniyyəti bölüşən adamdır da...
Burdan çıxanda başımda bir fikir vardı - “Ariel” yuyucu tozuna daha tez necə çata bilərəm?...
Həftənin 1-2 gününü yolum düşən tərtəmiz və səliqəli Bilgəh çimərliyindən sonra Novxanıda görürdüklərimdən rəsmən şok keçirməkdəyəm... Niyə axı, başqa ölkələrdə balaca bir göl böyük bir şəhərin camaatı üçün sözün əsl mənasında beyin dincəldən, yorğunluq aparan məkana çevrilir, bizim dəniz boyda gölümüz bizə əsəb gətirir? Niyə axı, insanlarımız dünyadakı tətil tendensiyalarını görmək, onu ölkəmizə gətirmək istəmirlər? Axı, hamınızın evində çanaq antenası var. Bir gözünüzü açın baxın da dünyada nə baş verir. Ay dəniz sahilində obyekt götürüb pul qazanan iş adamı, sən haçan öyrənəcəksən ki, istirahət gigiyenadan başlayır. Bu murdar obyektə ilk almalı olduğun səsgücləndirmə avadanlığı yox, zibil qutusu olmalıdır. İşdi birdən zibil qutusu alası olsan, birinci özün içinə gir, yerləşsən, deməli zibilçün də yarayar...
Novxanı çimərliyinə gələnlərdən də bir ricam var. Əgər ya vəlvələdən, ya zəlzələdən oraya getmisizsə, çimərlik təmizlənməyənə qədər özünüzə sayğı göstərin ayağınızın ucunu da ora qoymayın. İnsanlara heyvan müamiləsi yapanlara etirazınızı heç olmasa, passiv etirazınızla bildirin.
P.S. Bu yazıda bilərəkdən nə Novxanı bələdiyyəsinin, nə də uyğun icra hakimiyyətinin sorumluluqlarından söz açmadım. Onların başı illərdir Novxanıda torpaq satmağa qarışıb. Torpaqsatandan nə soruşasan ki?..

Aygün MURADXANLI