BolgeXeber.Com » Analitika » Ziya Məmmədova məxsus restoran satılıb

Ziya Məmmədova məxsus restoran satılıb

6-08-2013, 10:10
Oxunub: 11 527 “Yurd” restoranı ərazisini böyüdür
Bakıda Dərnəgül şossesində yerləşən “Yurd” restoranı avqustun 3-dən bağlanıb. Nəqliyyat naziri Ziya Məmmədova məxsus olan restoranın bağlanması səbəbini öyrənmək üçün orada olduq.
Yay və qış zalı olaraq iki hissədən ibarət olan restoran Dərnəgüldə “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşir. Ərazidə olarkən restoranın hasarlandığının şahidi olduq. Fəhlələr bildirdilər ki, bir neçə gündür restoran bağlanıb. Restoranın bütün əmlakı maşına yüklənərək çıxarılıb. İcazə alıb “Yurd”un həyətinə girdik. Burda da bizi fəhlələr qarşıladı. Onların sözlərinə görə, səhər saatlarında restorana gələrək təmir işlərinə başlayıblar.
Fəhlələrlə söhbət zamanı öyrəndik ki, əl dəyişən “Yurd”un həm xarici, həm də daxili görünüşü tamamilə yenilənəcək. O cümlədən restoranın ərazisi bir qədər də artırılacaq. Çöldəki hasarlanma da məhz bu səbəbdəndir. Restoranın ərazisi artırıldığı üçün yolla “Yurd” arasında qalan boş ərazidə kirayəlik traktor dayanacağı da səhər saatlarında yığışdırılıb. Restoranın yeni sahibinin bu qadağası birmənalı qarşılanmayıb.
“Yurd”un yeni sahibi traktor dayanacağı ilə bağlı problemini həll etdikdən sonra magistral yola kimi qalan bütün əraziləri, səkini tamamilə işğal edib. Elə bu da ərazidə yaşayanların haqlı narazılığına səbəb olub.
Məsələ ilə bağlı biz də “Yurd” restoranının rəhbərliyi ilə görüşüb problemə aydınlıq gətirməyə çalışsaq da bu, mümkün olmadı. Restoranda çalışan fəhlələr bildirdi ki, təmir-tikinti işləri növbəti həftəyə kimi başa çatacaq. Redaksiyamızın əldə etdiyi məlumata görə, nəqliyyat nazirinə məxsus restoran başqa adama satılıb.
Qeyd edək ki, bir neçə həftə öncə nəqliyyat naziri Ziya Məmmədovun obyektlərində total yoxlamalara başlanıldığı ilə bağlı məlumat yayılmışdı.
Nəzərinizə çatdıraq ki, varidatı milyardlarla manatla ölçülən nazirin inşaat, nəqliyyat, yükdaşıma, mehmanxana, istirahət, daşınmaz əmlakın idarə olunması və digər sahələrini əhatə edən çoxsaylı şirkətləri, istehsal və emal zavodları, ticarət və xidmət obyektləri, 100 hektarlarla torpaq sahəsi, onlarla çoxmərtəbəli binası, dəyərin 100 milyonlarla dollarla ölçülən çoxsaylı malikanələri və sair var.
Qeyd edək ki, Z.Məmmədovun yalnız ölkə daxilində deyil, xaricdə də, xüsusən Rusiyada, Dubayda və Türkiyədə böyük biznesinin olduğu haqda məlumatlar var.