BolgeXeber.Com » Analitika » Rəhim Rəsulov Arzu Rəhimovla hansı məsələlərə aydınlıq gətirmək istəyir?

Rəhim Rəsulov Arzu Rəhimovla hansı məsələlərə aydınlıq gətirmək istəyir?

6-08-2013, 15:30
Oxunub: 9 615 SHXÇDX-nin Tovuz rayon şöbəsinin rəisi qanunsuz əməlləri ilə gənclərin hərbi xidmətə olan marağını azaldıb
General isə bu qədər özbaşınalıqlara baxmayaraq, onu cəzalandırmır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerlərdəki şöbələrində qanunun aliliyi prinsipinə əməl olunmadığından bu gün hərbi xidmətə çağırışla bağlı çox ciddi problemlər üzə çıxmaqdadır. Baxmayaraq ki, prezident hərbi xidmətə çağırış sahəsindəki rüşvət və korrupsiya hallarına son qoymaq üçün Respublika Hərbi Komissarlığını ləğv edib, yerində qeyd olunan xidmətin yaradılması haqqında qərar verib.

Ancaq gənclərin hərbi xidmətə yola salınması məsələsində yenə də müxtəlif problemlər, məmur özbaşınalıqları, rüşvət faktları qalmaqdadır. Xidmətin yaradılmasından bir ildən çox vaxt keçməsinə rəğmən, qurumun işində heç bir irəliləyiş, müsbət istiqamətə doğru dəyişiklik müşahidə olunmur ki, olunmur. Əksinə günü-gündən SHXÇDX-nin tabeliyində olan şöbələrdə vəziyyət dözülməz həddə çatır. Yadınızdadırsa, ötən saylarımızda xidmətin Tovuz rayon şöbəsində yaşanan qanunsuzluqlarla bağlı müfəssəl məlumat vermiş, şöbə rəisi, polkovnik-leytenant Rəhim Rəsulovun burda tətbiq etdiyi «qaydalar»dan danışmışdıq. Qısaca xatırladaq ki, şöbə rəisi xidmət rəhbəri, general-leytenant Arzu Rəhimova yaxın adamdır və məhz bu səbəbdən də onun həyata keçirdiyi bütün qeyri-qanuni işlər cəzasız qalır. Şöbə rəisi Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti-E.S) metallurgiya fakültəsini bitirib. Karyerası ərzində müxtəlif vəzifələrdə, o cümlədən Nərimanov Rayon Hərbi Komissarlığında ərizə və təkliflər şöbəsinin müdiri işləyib. Bu vəzifədə də dinc dayanmayıb və bir sıra neqativ işlərin baş verməsinə səbəb olub. Onun gəlişindən sonra Tovuz rayonunda gənclərin hərbi xidmətə olan marağı birdən-birə azalıb. Buna səbəb isə rəisin gəncləri maddi maraqları qarşılığında hərbi xidmətdən yayındırması olub. Belə ki, o, sağlam gəncləri müxtəlif xəstəliklər adı altında orduya göndərmir. Bunun tam əksinə olaraq isə vərəmli xəstələr qanunsuz şəkildə hərbi xidmətə yola salınıb. Şöbə rəisi bəzi gənclərdən ən azı 4, ən çoxu isə 6 min manat alaraq hər birini «niqodnıy» hərbi biletlə təmin edib. Etibarlı mənbənin sözlərinə görə, şöbə rəisi vəzifəyə təyin olunarkən maddi durumu elə də ürəkaçan olmayıb. Lakin qısa zaman kəsiyində «VAZ 2101»i «Audi Q7»yə dəyişib: «Bu maşını vəzifə maaşı ilə ala bilməsi üçün rəis gərək 10 il işləsin. Aylıq əməkhaqqı ilə dəyəri 140 min manat olan maşın almaq çox çətin məsələdir. Çox güman ki, bu avtomobilin alınmasında onun qanunsuz yollarla qazandığı pullar köməyə çatıb. Şöbə rəisi bir vaxtlar baş nazirin müavini işləmiş İzzət Rüstəmovun xalasının əri olduğu üçün yerə-göyə sığmır. İzzət müəllimin xalasının əri olmaq ona imkan verirmi ki, camaatın xəstə balasını hərbi xidmətə göndərsin? Onun-bunun adından istifadə etməklə çox uzağa getmək olmaz». Rəhim Rəsulovla bağlı daha bir ilginc məlumat. Mənbənin sözlərinə görə, şöbə rəisi bu günlərdə Bakıya gəlib və Arzu Rəhimova hesabat verib: «Şöbə rəhbəri xidmət rəisinə bəzi məsələləri aydınlaşdırmağın vacibliyini vurğulayıb». Görəsən, bu hansı məsələlərdir? Növbəti saylarımızda bu sualın cavabına aydınlıq gətirməyə, həmçinin Rəhim Rəsulovun gözü yaşlı qoyduğu ailələrlə bağlı məlumat verməyə çalışacağıq.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.
gundelik-baki.com