BolgeXeber.Com » Analitika » Birlik söhbəti...

Birlik söhbəti...

7-08-2013, 11:50
Oxunub: 4 936 [email protected]
Mən qurd kimi gəmirərdim...

Mən uzun illərdir görürəm ki, bizimkilərin birlik ideyası ilə bağlı düşüncələri kökündən səhvdir. Hamı deyir ki, bir yerdə olaq...
Lap bir mahnıdakı kimi...Mən daş olum sən bulaq, Bir yerdə olaq, Vüsal nəğməsi çalaq, Bir yerdə olaq...
Amma bir yerdə olmaq vüsal nəğməsi çalmaq deyil, heç daş-bulaq məsələsi də deyil...
Hamı deyir ki, müxalifət yumruq kimi birləşsin, cəmiyyət birlikdə olsun və sairə. Hətta yumruq kimi birləşək deyənlər də az deyil...
Bu yumruq məsələsi neçə illərdir ki, lap zəhləmizi tökür. Hansı iclasa gedirsənsə çıxış edənlərin əksəriyyəti "yumruq kimi birləşmək”dən danışır. Ümumiyyətlə, Azərbaycanda birləşməyin "yumruq”dan fərqli formasını hələ ki, bilən yoxdur. Birləşiriksə, bu hökmən yumruq formasında olmalıdır. Azərbaycan təfəkkürü birləşmək kimi mürəkkəb və qəliz bir prosesin modelini "yumruq”da tapır. Amma başa düşmürlər ki, yumruq necə yaranır...
Aydınlıq üçün gəlin yumruğu yaradan barmaqlara baxaq...
Adına yumruq dediyimiz şey bir əlin 5 barmağının qatlanaraq bir araya gəlməsini-birləşməsini göstərir. Məlumdur ki, əlin 5 barmağının ölçüləri bir-birindən o qədər də fərqlənmirlər, yəni barmaqların ölçüləri bir-birindən uzağı 2-3 sm-lə fərqlənirlər. Ona görə də barmaqların yumruq halında birləşməsi mümkündür. Ancaq bunu cəmiyyətə tətbiq edəndə çox əcaib bir şey alınır. Çünki barmağın birinin ölçüsü az qala 5 metrdir, o biri 2 metr, bir başqası 50 sm, digəri 4 sm, o birisini isə dibdən kəsiblər...əlqərəz belə əcaib qeyri-bərabərliyin birləşməsi necə ola bilər? Ümumiyyətlə, belə birləşməni təsəvvür edirsiniz?
Həm də birləşmə özlüyündə məqsəd ola bilməz. Birləşmə hansısa faydalı-faydasız işi görmək, nəyisə etmək üçündür. 5 barmağın ölçüləri məhz bir-birinə yaxın olduğu üçün birləşərək hansısa əşyadan yapışır. Əgər barmaqların ölçüləri bir-birindən xeyli fərqlənsə, biri uppuzun, digəri bapbalaca olsa belə barmaqlarla nəinki bir iş görmək, hətta bir araya gəlmək mümkün olmur. Ona görə də yumruq kimi birləşmək söhbəti cəfəngiyyatdan başqa bir şey deyil və savadlı, oxumuş adamlara yaraşan söhbət deyil. Bunu aşıqlar, müğənnilər-zad eləsə haradasa başa düşmək olar.
Bizimkilər birlikdən danışanda ötən əsrin 88-90-cı illərindəki mitinqlərini yada salır, xalqın birliyindən danışırlar. Başa düşmürlər ki, o vaxtdan bəri əsr dəyişib, əsrdən sonra minillik dəyişib. Onda ikinci minillik idi, indi isə üçüncü minillikdir. Artıq xalq həmin xalq deyil, xeyli dəyişib. 20 il əvvəlki uşaqla indiki 20 yaşlı oğlanı necə eyniləşdirmək olar.
Nə qədər demək olar ki, gəlin yumruq kimi birləşək...
Yumruq deyəndə məşhur rus şairi Vladimir Mayakovskinin gözəl şeiri yadıma düşür. Yaxşı yadımdadır həmin şeirə həsr olunmuş plakatda da irəliyə yumruq uzanmışdı. Və deyirdi: Mən qurd kimi gəmirərdim bürokratizmi...Satqınlara qarşı yoxdur hörmətim və sairə...
Bir də deyirdi ki: Alın aaa, Yana-yana qalın aaa, Mən sovet vətəndaşıyam.
Bu şeir həm də bu günümüzə uyğundur. Milli Şuranın vahid namizədi, məşhur ssenarist Rüstəm İbrahimbəyovun sovet pasportu da deyir: alın aaaaa....
Bolgexeber.com