BolgeXeber.Com » Analitika » Nəqliyyat nazirinin çoxmilyonlu layihəsinin sirri

Nəqliyyat nazirinin çoxmilyonlu layihəsinin sirri

12-08-2013, 09:00
Oxunub: 5 615 Nəqliyyat Nazirliyi Ələtdə bir neçə yüz milyon manata başa gələcək yeni aeroport tikməyə hazırlaşır; nəqliyyat sistemini xaotik idarə edən nazirin korrupsiya siyasəti isə sistemlidir
Bir neçə il öncə nəqliyyat naziri Ziya Məmmədov maraqlı bir bəyanat vermişdi: “Bakıda bir neçə körpü tikiləcək, ancaq harada tikiləcəyini hələ müəyyən etməmişik”. Bu, nəqliyyat nazirin necə plansız, heç bir nəqliyyat siyasəti və strategiyası olmadan, pinti şəkildə fəaliyyət göstərdiyini tam çılpaqlığı ilə ortaya qoyurdu.
Aydındır ki, körpülər ancaq zəruri olan yerlərdə tikilməlidir. Belə bir zərurət yoxdursa, körpüyə də ehtiyac yoxdur. Bəli, körpülər tikilir, ancaq Bakıda tıxac problemi günbəgün böyüyür. Çünki körpülərin əksəriyyəti zərurətdən tikilmir - bu, böyük neft pullarını silməyə hesablanmış layihələrdir. Ancaq Z.Məmmədov vağzalları köçürmək kimi mənasız, ancaq böyük məbləğli layihələr üzərində də baş sındırır. Çünki böyük layihələrdə korrupsiya riskləri də yüksək olur - xidmətlər və materialların qiyməti bir neçə dəfə şişirdilir.
Artıq Bakıda yeni hava limanının inşasına da hazırlıq gedir. Ələt qəsəbəsində tikintisi planlaşdırılan bu hava limanı əsasən yük təyyarələrinin istismarı üçün nəzərdə tutulacaq. Bu barədə məlumatı Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib.
N.Həsənov deyib ki, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: “Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq”.
Bir qədər öncə isə Bakı Dəmir Yolu Vağzalının köçürülməsinə hazırlıqların getməsinə dair məlumat yayılmışdı. Nəqliyyat Nazirliyinin təklifi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzindəki dəmir yolu vağzalının Biləcəri qəsəbəsinə köçürülməsi üzrə plan hazırlayır.
Buna qədər isə nazirliyin idarəetməsində olan Dəniz Limanı Bakının mərkəzindən Ələt qəsəbəsinə köçürüldü (tikintisinə 200 milyon manatdan çox vəsait xərclənib, ancaq işləri tam yekunlaşdırmaq üçün daha 600 milyon manat lazımdır), ardınca avtovağzal metronun “20 Yanvar” stansiyasının yaxınlığından 2 kilometr aralıda olan keçmiş “Motodrom” ərazisinə köçürüldü (layihənin dəyəri haqda məlumat verilməsə də, söhbətin bir neçə yüz milyon manatdan getməsi şübhə doğurmur). Hər vağzal layihəsinin dəyəri minimum 500-600 milyon manatdır. Yəni bu layihələr dövlət büdcəsinə bir neçə milyarda başa gələcək. Təbii sual yaranır. Bu layihələrə nə ehtiyac var?
Xəzər dənizinin başqa dənizlərə çıxışı yoxdur, su ticarəti təkcə Xəzəryanı dövlətlərlə aparılır. Bu dövlətlərin də ikisi ilə (Rusiya və İran) yük daşımaları daha çox Azərbaycanın avtomobil və dəmiryolu vasitəsilə həyata keçirilir. Yəni bu ölkələrlə su yolu ilə ticarət əlverişli sayılmır. Qalan iki dövlət (Türkmənistan və Qazaxıstan) ilə ticarət münasibətlərində su yolundan istifadə edilir ki, bunun üçün də indiki dəniz limanının imkanları yetərincədir. Mütəxəssislərin dəyərləndirməsinə görə, fəaliyyətdə olan dəniz limanının potensialının heç yarısından da istifadə edilmir. Gələcəkdə bu ölkələrdə Azərbaycana yükdaşımaları (və yaxud əksinə) bir neçə dəfə artsa belə, yeni limana ehtiyac olmayacaqdı. Bunun üçün limanın ərazisini genişləndirmək və modernləşdirmək kifayət idi. Ancaq nəqliyyat naziri Ziya Məmmədov hökuməti inandıra bilib ki, Azərbaycanda yeni modern dəniz limanına ehtiyac var. Hökumət də belə bir ölü layihəyə 1 milyard dollar vəsait ayırmağa razılıq verib. Azərbaycana iri neft pulları axmağa başlayandan (2006-cı il) indiyə kimi məşğul əhalinin 40 faizinin çalışdığı aqrar sektora belə bu qədər vəsait yatırılmayıb. 2006-2013-cü illərdə Kənd Təsərrüfatı Nazirliyi və ona tabe olan müəssisələrə cəmi 200 milyon manat dövlət investisiyası yatırılıb. Yəni bir ölü layihəyə yatırılan vəsaitdən 4 dəfə az.
Yeni avtovağzalı götürək. Əvvəlki avtovağzalla indikinin nə fərqi var? Fərq təkcə bundan ibarətdir ki, indiki avtovağzalda Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsus nəhəng bir ticarət mərkəzi var. Əgər avtovağzalda ticarət mərkəzi vacib komponentdirsə, əvvəlki avtovağzalın da beş addımlığında nəhəng ticarət mərkəzi var idi. Ancaq o ticarət mərkəzi Məmmədov qardaşlarına məxsus deyildi. İndi isə təkcə ticarət mərkəzi deyil, yeni avtovağzal özü də E.Məmmədova məxsusdur.
Bakı Dəmir Yolu Vağzalının köçürülməsi də tənqidə dözmür. İndiki vağzal sərnişinlər üçün çox sərfəli məkandır. Həm metronun yaxınlığında, həm də şəhərin mərkəzində yerləşir. Yəni sərnişinlər burda qatardan düşüb rahatlıqla özlərinə sərf edən ünvana yollanırlar. İndi təsəvvür edin ki, Günəşliyə və yaxud Qaraçuxura gedən sərnişin Biləcəridə düşür və mənzil başına çatmaq üçün azı 2-3 marşrut dəyişir. Taksi ilə getməli olsa, ən azı rayondan Bakıya gəlmək üçün xərclədiyi vəsait qədər də pul xərcləməli olacaq. Bu köçürmə nə sərnişinlərə, nə dövlətə sərf etmir. Bu layihə yalnız Z.Məmmədovun özünə sərf edir. Çünki həm dövlət investisiya piroqundan böyük pay alacaq, həm Bakı Dəmir Yolu Vağzalının yerləşdiyi bir hektarlıq torpaq sahəsi satılacaq, daha doğrusu, Məmmədov qardaşlarının şəxsi mülkiyyətinə çevriləcək. Bakı vağzalının şəhərin düz mərkəzində yerləşdiyini nəzərə alsaq, bu torpaq ərazilərinin necə qiymətli olmasını izah etmək artıq işdir.
Görünən budur ki, ölkəyə neft pullarının axını davam etdikcə, Z.Məmmədovun korrupsiya niyyətləri asanlıqla reallığa çevriləcək. Körpü-keçid layihələri artıq naziri qane etmir. 40-50 milyonluq layihələr ona qəpik-quruş kimi gəlir. İndi naziri yalnız milyardlıq layihələr cəzb edir. Nəqliyyat sistemini çox pinti formada idarə edən Z.Məmmədovun korrupsiya siyasəti çox aydın və sistemli şəkildədir.