BolgeXeber.Com » Analitika » Azərbaycan əhalisi maaşının çoxunu ərzağa xərcləyir

Azərbaycan əhalisi maaşının çoxunu ərzağa xərcləyir

12-08-2013, 09:05
Oxunub: 6 373 Bu isə əhalinin əksəriyyətinin yoxsulluq həddində yaşaması deməkdir
Dünyada qəbul olunmuş qayda: ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq sayılır
Azərbaycan vətəndaşları orta aylıq gəlirinin əhəmiyyətli hissəsini ərzaq məhsullarının alınmasına sərf edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzağa xərclənən vəsait əmək haqqının 60-65 faizini təşkil edir. Dünyada qəbul olunmuş qaydalara əsasən, ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq həddi sayılır.
Azərbaycanda bu göstəricinin təxminən iki dəfə artıq olması rəsmilərin əhalinin rifahının günü-gündən artdığı ilə bağlı dediklərinin nə dərəcədə həqiqətdən uzaq olduğunu göstərir. Gəlirinin böyük hissəsini ərzağa xərcləyən vətəndaşın digər problemlərini həll etmək imkanları məhdudlaşır. Bu bir daha sübut edir ki, Azərbaycanda yoxsulluq problemi qalmaqdadır. Ancaq bunu etiraf etmək istəməyək hökumət rəsmiləri Azərbaycanın həyat səviyyəsinə görə inkişaf etmiş ölkələri də geridə qoyduğunu iddia edir.
Qeyd edək ki, ölkədə orta aylıq əmək haqqı isə üç yüz manatdan bir qədər artıq hesab edilsə də, əksər sahələrdə çalışanlar, xüsusilə də müəllim və həkimlər bundan xeyli az maaş alır. Müstəqil ekspertlərin hesablamalarına görə, yaşayış minimumu əmək haqqını üstələyir.
Ümumiyyətlə, ərzaq xərclərinin miqdarı ölkədə həyat səviyyəsini əks etdirir. Bu xərclər nə qədər azdırsa, həyat səviyyəsi bir o qədər yüksək hesab olunur.
Digər ölkələrdə əmək haqqının neçə faizi ərzaq xərclərinə sərf olunur?
Inkişaf etmiş ölkələrdə ərzağa əmək haqqının 10-12 faizi xərclənir
Orta aylıq əmək haqqı 3 min dollardan artıq ABŞ-da istehlak səbətinə 300 adda məhsul və xidmət daxildir. Bütün bunlara isə aylıq gəlirin cəmi 10 faizi xərclənir.
Avropa ölkələrində də vəziyyət oxşardır. Fransada 250, Böyük Britaniyada 350, Almaniyada isə 475 adda məhsula əhali aylıq gəlirlərinin cəmi 10-11 faizini xərcləyir. Lüksemburq və Belçikada da ərzağa xərclənən vəsaitlər əmək haqqının 11 faizini təşkil edir. Orta hesabla bu ölkələrin vətəndaşları bu məqsəd üçün ayda 200 avro xərcləyir. Bu ölkələrin hər birində minimum əmək haqqı 2500-3000 avro civarındadır.
Avropa Ittifaqının digər bir ölkəsi olan Ispaniyada bir ailənin illik ərzaq xərcləri 4400 avro təşkil edir. fransızların illik ərzaq xərcləri isə 5 min dollardır. Aylıq əmək haqqı 3 min avrodan artıq olan ölkələr üçün bu olduqca cüzi rəqəmdir.
Yüksək həyat səviyyəsi ilə fərqlənən Skandinaviya ölkələrində ərzaq və qeyri-ərzaq məhsullarına çəkilən xərc aylıq gəlirin cəmi 10 faizini təşkil edir.
Norveçlilərin aylıq ərzaq xərcləri 300 avrodan artıq olmur.
Avropa Ittifaqına sonradan qoşulmuş Çexiya, Slovakiya, Sloveniya, Kiprdə ərzağa aylıq gəlirin 12 faizi sərf olunur. Estoniya, Lavtiya və Litvada bu xərclər 18 faizi ötmür. Avropa Birliyi ölkələrindən ərzağa ən çox Rumıniya sakinləri pul xərcləyir. Bu ölkədə ərzaq xərcləri əmək haqqının 14 faizini təşkil edir. Ən ucuz ərzaq isə Bolqarıstandadır. Əhali gəlirlərinin maksimum 11 faizini ərzağa xərcləyir. Çexlər və polyakların aylıq ərzaq xərcləri orta hesabla 92 avro, macarlar və serblərin - 75 avro, rumınların isə 83 avrodur.
MDB ölkələri arasında da “liderik”
Araşdırmalar göstərir ki, Azərbaycan nəinki Avropa, hətta MDB dövlətlərindən də geri qalır.
Məsələn, Belarusda bir ailənin ərzaq xərci aylıq gəlirin 37 faizindən artıq olmur. Ancaq son iki ildə bu xərclər bir qədər azalıb. Ukraynada da vəziyyət oxşardır. Bu ölkədə bir ilə ərzağa 2 min dollar sərf olunur.
Moldovada ərzağa çəkilən xərclər bir qədər artıq, aylıq gəlirin 40 faizini təşkil edir.
Digər ölkələrdən Çində bir ilə ərzağa sərf olunan məbləğ cəmi 722 dollardır.
Latın Amerikasının kasıb ölkələri də bizdən qabaqdadır
Latın Amerikasının kasıb ölkələrindən olan Qvatemalada da ərzaq xərcləri Azərbaycandan azdır. Bu ölkədə əmək haqqının 50 faizi yeməyə xərclənir. Bu isə 270 dollar təşkil edir.
Afrikanın kasıb ölkələrindən olan Keniyada əhalinin ərzaq xərcləri ayda təxminən 230 dollar təşkil edir. Bu da orta aylıq gəlirin yarısından azdır.