BolgeXeber.Com » Analitika » “Məmurlar bizi insan yerinə qoymur”

“Məmurlar bizi insan yerinə qoymur”

13-08-2013, 10:10
Oxunub: 6 549 Sadə insanlar hakimiyyətdən narazı, həm də ümidsizdirlər
Bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca ölkədə ümumi gərginlik də artır. Bəs görəsən, sadə Azərbaycan vətəndaşı, gündəlik ictimai-siyasi proseslərdən kənarda qalan, siyasi prosesləri izləməyən və bütün gününü çətin əmək şəraitində ailəsinə çörəkpulu qazanmaqla keçirən insanların seçki haqqında və bütövlükdə Azərbaycan haqda düşüncələri nədən ibarətdir?
İctimai-siyasi proseslərdən kənarda qalan bu insanların fikirlərini öyrənmək üçün xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” na üz tutub kartof satandan tutmuş, arabaçıya kimi hər kəsin fikirlərini öyrənməyə çalışdıq. Hamıdan və hər şeydən, hətta həyatlarından da küskün olan bu insanların gələcək haqda düşüncələri də çox bədbindir. Bazarda 14 ildir işləyən müharibə veteranı Mübariz Abdullayev bizimlə söhbətində 2003-cü ildən sonra xəyal qırıqlığına uğradığını söylədi: “Mən 2003-cü ildən sonra nə siyasətlə maraqlanıram, nə də qəzet oxuyuram. 2003-cü ildə mitinqlərə qatılırdım. Dəyişiklik olacağına, İsa Qəmbərin hakimiyyətə gələcəyinə inanırdım. Mənim kimi hamı buna inanırdı. Amma heç nə dəyişmədi. Son anda yenə seçkilər saxtalaşdırıldı. 2008-ci ildə keçiriləm prezident seçkilərində də belə oldu. Dalbadal məğlubiyyətlər insanları ruhdan salıb. Ona görə də nəyinsə dəyişəcəyinə inanmıram. Amma belə davam edə bilməz. Bir tərəf həddindən artıq var-dövlət sahibidi, digər tərəf isə yoxsulluq içərisində boğulur”.
Daha sonra sosial problemlərindən danışan müsahibim dövlətin sadə vətəndaşların problemləri ilə maraqlanmadığından gileyləndi: “İlham Əliyev çıxışlarının birində deyib ki, məmurların peşəsi xalqa xidmət etməkdir. Amma ortada heç bir xidmət yoxdur. Başları var-dövlət yığmağa qarışan məmurlar bizi insan yerinə qoymurlar.
Müharibə veteranıyam, sağlamlığımı müharibədə qoymuşam. Bunun qarşılığında dövlət mənə 30 manat verir. Bu pula yaşamaq olar? Heç bir həftəlik dərman puluma çatmır. Daha nə deyim? Özünüz hər şeyi çox gözəl bilirsiz. Əgər dövlət mənim üçün normal şərait yaratsa, gəlib burada günü 10-15 manata kartof satardım? Vəziyyət çox çətindir, bu qədər sərvəti olan bir ölkədə biz yaşaya bilmirik".
Digər həmsöhbətim isə 3 ildir bazarda araba sürməklə gündəlik çörəkpulu qazanan 56 yaşlı Nizami Verdiyev oldu: “Mən Gədəbəydənəm, 3 ildir Bakıya gəlmişəm. Elə gəldiyim gündən də bazarda araba sürürəm. Gündəlik 5-10 manat qazancım olur. Elə gün olur ki, onu da qazana bilmirik. Ancaq əlacım nədir? Əlimdən başqa iş də gəlmir ki, gedib haradasa işləyəm. Digər tərəfdən də heç normal iş yeri də yoxdur. Normal iş yeri olsaydı, normal qazancım olsaydı mən ev-eşiyimi atıb Bakıya gələrdim? Dövlət vətəndaşlarına baxmır, bizi başlı-başına buraxıblar deyirlər, gedin yaşaya bilirsiz yaşayın, yaşaya bilmirsiz də ölün. Adını müstəqillik, demokratiya qoyublar, amma belə müstəqillik, belə demokratiya mənə lazım deyil. Mən bu gün ailəmin üzünə baxa bilmirəm. Onların problemlərini həll edə bilmirəm. Günü 5-10 manat qazancla kirayədə yaşamaq olmaz. Sözün açığı, biz yaşamırıq, sürünürük”. Müsahibimizə qarşıdan gələn prezident seçkiləri ilə bağlı sual veririk. Onun isə cavabı belə olur: “Mən bu seçkilərdən heç nə gözləmirəm. Çünki hər şey məlumdur, həmişə olduğu kimi seçkini saxtalaşdırıb istədikləri adamı prezident seçəcəklər. Məgər xalqın səsini eşidən var? Bizlərdə belə bir deyim var, deyirlər dəyirman bildiyin edər, çax-çax baş ağrıdar. Bax hazırda Azərbaycan xalqına olan münasibət belədir. Öz bildiklərini edirlər. Onlar üçün xalqın səsi, xalqın istəyi maraqlı deyil. Ona görə də nəyinsə dəyişəcəyinə inanmıram. Ancaq çox istərdim dəyişiklik olsun, hakimiyyətə təzə adam gəlsin. Bəlkə, o gələn bizlər üçün nə isə edə. Bunlar bizim üçün heç nə edən deyil. Ancaq bir tərəfdən elə bizə belə hakimiyyət yaxşıdır. Elçibəyə Allah rəhmət eləsin, gül kimi işləyirdi. O qalsaydı indi yəqin ki, müharibə də qurtarmışdı, torpaqlarımız da azad edilmişdi. Amma qoymadıq, biz qoymadıq işləyə. Çünki biz zülmə tabeyik. Kimdən qorxuruqsa, ona hörmət edirik”.
Səhərdən axşama kimi bazarda araba dartan müsahibim deyir ki, aldığı 5-10 manatın bir hissəsini də bazara nəzarət edən polislərə verir: “Hər gün iki manat polisə pul verirəm, verməsəm işləməyə qoymurlar. Bir tərəfdən onları da qınamıram, çünki onlar da yuxarı hesab verirlər. Bu ölkədə onsuz da hər şey ötür-ötür üzərində qurulub. Sonda dəyən isə qara camaata dəyir. Onların vecinə də deyil heç”.
Bazarda limon satandan tutmuş araba sürənə kimi, hər kəs hakimiyyətdən narazı olduğunu söyləsə də bu narazılığın heç nəyi dəyişməyəcəyini düşünürlər. Nə qədər qəribə səslənsə də insanlar öz ölkələrində nəyisə dəyişə biləcəklərinə inanmırlar. İnamsızlıq, ümidlərin ölməsi isə cəmiyyətin ölməsi deməkdir...