BolgeXeber.Com » Analitika » Abbas Abbasovun oğlu mandatını təhvil verir

Abbas Abbasovun oğlu mandatını təhvil verir

20-08-2013, 08:55
Oxunub: 5 902 Abbasovların “ikinci qiyamı”; Gəncənin deputatı Aydın Abbasovun “səhhəti ilə bağlı” parlamentdən getməsi planlaşdırılır; sabiq vitse-primyer bütün yaxınlarını Moskvaya yığır

“Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov mandatını təhvil vermək istəyir. O, bu qərarını parlament rəhbərliyinə çatdırıb”. Bu sensasion məlumatı redaksiyamıza verən mənbə deyib ki, Aydın Abbasov hakimiyyətin atasına qarşı tövründən çox narazıdır və hesab edir ki, dövlət qarşısında xidmətləri olan adama bu cür münasibət həm də ona olan mövqedir: “Aydın Abbasov atasının Bakıya gəlməsinə qoyulan qeyri-rəsmi qadağadan ciddi narazılığını parlament rəhbərliyi vasitəsilə yuxarılara çatdırıb. O, atasının hakimiyyətə sədaqətli olduğu, yalnız bəzi adamların prezidentə qəsdən yalan məlumat verməsi səbəbindən münasibətlərin korlandığı qənaətindədir. Ona görə də bu münasibəti qəbul edə bilmir və mandatını təhvil verəcəyini deyib”.

Məlumatlara görə, A. Abbasovun yaxın ətrafı və parlament rəhbərliyi onun bu cür addım atmasını istəmirlər. Çünki bu, hakimiyyətə qarşı Abbasovların “ikinci qiyamı” kimi qəbul ediləcək. “Amma Aydın Abbasov da atasına qarşı bu ittihamlar qaldıqca parlamentdə rahat otura bilməyəcəyinin, tənəli sözlərlə üzləşəcəyinin fərqindədir və Milli Məclisin yay sessiyasının son iclaslından da yarımçıq çıxması bu səbəbdəndir. Aydın Abbasov özünü diskomfortda hiss edir və onu yaxından tanıyanlar deyir ki, adı heç vaxt skandallarda hallanmayan tərbiyəli bir gənc üçün bu cür basqı altında işləmək mümkünsüzdür”.
Qeyd edək ki, Aydın Abbasovun ciddi psixoloji basqı altında olduğunu hələ bir müddət əvvəl tərgitdiyi siqaretə yenidən başladığı haqda informasiya da təsdiq edirdi.
A.Abbasovu məyus edən daha bir mühüm fakt atasının yaxşılıq etdiyi xeyli sayda məmurun hakimiyyətin qəzəbinə düçar olmamaq üçün ondan məsafə saxlaması, hətta üz döndərməsi olub. “Sirr deyil ki, Abbasovlara bütün qapılar həmişə açıq olub. Abbas Abbasov təqaüdə göndəriləndən sonra da hakimiyyətdən umacağı yalnız ən sevimli oğlunun (Abbas Abbasov ona atasının adını qoyub) karyerası olub. Onun bir müddət əvvəl ”Bakıya bir də öləndə gətirilərəm, ona da razılıq versələr..." sözləri əslində oğlunu qorumaq məqsədi daşıyırdı. Görünür, Abbasovlara biz bilmədiyimiz başqa cür təzyiqlər də olub və bəlkə də daha da artıb" deyə, mənbəmiz bildirib. Buradaca xatırladaq ki, Abbas Abbasova və onun yaxınlarına qarşı təzyiqlərin, hətta repressiyaların olmasını Rüstəm İbrahimbəyov da açıq söyləmişdi. O, Abbasovlara edilən təzyiqləri “dözülməz” adlandıraraq, demişdi ki, bundan sonra Abbas Abbasov necə müxalifət olmasın...
Bizim qaynaqlar isə iddia edirlər ki, Aydın Abbasov bir müddətdir ki, səhhətində olan problemlərlə bağlı müalicəyə gedibmiş. Xəbərlər o istiqamətdədir ki, Aydın Abbasov mandatdan imtinasını “səhhətində yaranmış problemlə” əlaqələndirə bilər. Bu variant həm hakimiyyət, həm də deputat üçün məqbuldur. Onun son vaxtlar atası ilə bağlı yazılara reaksiya verməməsinin səbəblərindən biri də güman ki, hakimiyyətlə atası arasında olan bütün körpülərin yandırıldığının fərqində olmasıdır.
Yeri gəlmişkən, ötən həftə xəbər saytlarında yayılan “İlham Əliyevə qəsdin üstü açıldı” (müəllifi Eynulla Fətullayevdir) məqaləsində yazılanlara Aydın Abbasovun deputat həmkarı, hakimiyyət kuluarlarından məlumatlı olan Siyavuş Novruzovun münasibəti də çox mətləbdən xəbər verir. YAP funksioneri Abbas Abbasova ciddi ittihamlara faktiki şəriklik edərək “etirazı olanlar məhkəməyə müraciət etsinlər”, kimi az qala məqalə müəllifinin mövqeyi sayıla biləcək cavab vermişdi.
Abbas Abbasovun özünə gəlincə, xəbərlərə görə, sabiq vitse-primyer də son vaxtlar fəaliyyətinə ara verib. Onun ara-sıra “AzerRos” saytına qısa açıqlamalarını nəzərə almasaq, heç bir siyasi fəaliyyəti yoxdur. Yaxın keçmişdə bəyanatlarından od tökülən, Azərbaycan xalqının öz hakimiyyətini quracağından danışan A.Abbasov indi susmağa üstünlük verir. Bunun sadə izahatı var - onu danışdıran Putin administrasiyası Azərbaycan layihəsinə “stop” verib.
Abbas Abbasovla bağlı xəbərlərin mabədində o da iddia olunur ki, sabiq vitse-premyer bütün ailəsini Moskvaya yerləşdirmək istəyir və bundan sonra sakit yaşamaq niyyətindədir.
Parlament yay tətilində olduğu üçün xəbərlə bağlı mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik. Aydın Abbasovun mobil nömrəsi isə söndürülmüşdü.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
musavat.com