“Zeynəb Xanlarovanın “dələduzla” 19 illik işbirliyi olub” – Vəkil şok faktlar açdı
3-09-2013, 08:35
Oxunub: 6 525
Xalq artisti Zeynəb Xanlarova ilə Türkiyənin İzmir şəhərindəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri Seyfi Azərioğlu arasında qalmaqal davam edir.
Sentyabrın 17-də davam edəcək məhkəmə ərəfəsində AzNews.az-da yayılan məlumatla bağlı tərəflər bir-birinin ünvanına kəskin ittihamlar səsləndirib.
Z.Xanlarovanın hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılov AzNews.az-a müsahibəsində S.Azəroğlunun vəkillərinə də ismarış göndərib.
“Aslan bəy mübahisəni kontekstdən çıxarıb Seyfi Azərioğlunu müdafiə edən vəkillərə yönəldir”
S.Azəroğlunun səlahiyyətli nümayəndəsi, Azərbaycan Miqrasiya Mərkəzinin hüquqçünasl Asima Nəsirli Aslan İsmayılovun fikirlərinə AzNews.az vasitəsilə cavab verib: “Bu mübahisə Seyfi Azərioğlu və Maral xanım Hüseynova arasındadır. Mən anlaya bilmirəm ki, niyə Aslan bəy mübahisəni kontekstdən çıxarıb Seyfi Azərioğlunu müdafiə edən vəkillərə yönəldir. Biz hüquqşünaslar üçün cəmiyyətdə tutduğu mövqeyindən, sahib olduğu peşəsindən, vətəndaş, əcnəbi, vətəndaşlığı olmayan şəxs olmasından və digər əlamətlərindən asılı olmayaraq, hər kəs bərabər səviyyəli insandır. Heç nə, hətta hörmətli Xalq artisti Zeynəb Xanlarovanın əməyi belə digər şəxsə haqsızlıq edilməsi üçün əsas ola bilməz. Bizim üçün əsas olan insan hüquqlarının təmin olunmasıdır. Zənnimcə, hər bir hüquqşünas insan hüquqları, bəşəri dəyərlərə üstünlük verməlidir”.
Pulların xərclənməsinə dair sübutlar məhkəməyə təqdim edilib
A.Nəsirlinin sözlərinə görə Seyfi Azərioğlu ona həqiqətən 150 000 ABŞ dolları məbləğində pul verildiyini təsdiqləyir: “Amma o deyir ki, bu pul ona Maral Hüseynova, Zeynəb Xanlarova tərəfindən verilməyib. Bu səbəbdən onlar həmin məbləği tələb etməkdə iddiaçı ola bilməzlər. Seyfi Azərioğlu pulların xərclənməsi ilə əlaqədar və digər sübutları məhkəməyə təqdim edib. Həmin sübutlara Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulu Nəsimi Ağayev tərəfindən verilmiş dəvətnamə, San-Fransisko şəhərində konsert salonunun kirayələnməsinə dair müqavilə, Los-Anceles şəhərində konsert salonunun kirayələnməsinə dair müqavilə, Los-Anceles şəhərində konsert salonunun kirayələnməsini təsdiq edən qəbzin surəti, reklamlarla bağlı xərcləri təsdiq edən fakturalar, digər məsrəflər, “PARS TV NETWORK” Şirkətinin dəvətnaməsi, konsert üçün biletlər daxildir. Seyfi Azərioğlu konsula edilmiş zənglə deyil, maddi sübutlarla çıxış edir. Həmin sübutlara məhkəmə müşavirə otağında qiymət verəcək”.
Məhkəmə hökmü olmadan heç kəsə cinayətkar demək olmaz
A.Nəsirli Seyfi Azərioğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məsələyə də münasibət bildirib: “Seyfi Azərioğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı iddiaçı tərəfin ərizəsi 01 iyul 2013-cü il tarixidə Səbail rayon məhkəməsinin hakimi Elşad Şamayevin qərardadıyla əsassız hesab edilərək, təmin edilməyib. Lakin biz onun ölkədən çıxışına qoyulmuş qadağının aradan qaldırılmasına 26 avqust 2013-cü il tarixdə nail olmuşuq. 27 avqust 2013-cü il tarixdə o Azərbaycan ərazisini tərk edib. Hörmətli Aslan bəy müsahibəsində Seyfi Azərioğlu barəsində “70-ə yaxın yaşı var, başı hənalı dələduzdur” ifadəsini işlədib. Bildirmək istəyirəm ki, hənadan istifadə etmək üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Heç kəs, xüsusən hüquqşünas, illərin vəkili olan şəxs insan şəxsiyyətinə toxunan ifadələrindən istifadə etməməlidir. Dələduz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsiylə nəzərdə tutulan əməli törətməkdə məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsdir. Seyfi Azərioğlunun dələduzluq etməsi barədə məhkəmənin belə bir hökmü yoxdur. Eyni zamanda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maral Hüseynovaya göndərdiyi 17 may 2013-cü il tarixli məktubdan aydın olur ki, Seyfi Azərioğlu cinayət əməli törətməkdə heç şübhəli belə bilinməyib. Heç kəs, xüsusən hüquqşünas başqa şəxsi məhkəmənin hökmü olmadan cinayətkar adlandıra bilməz. Dələduz şəxs cibində 42.000 ABŞ dolları məbləğində pulla Azərbaycana qayıtmazdı. Dələduz 150 000 dolları alıb gedərdi və bir də Azərbaycana qayıtmazdı”.
“Necə olub ki, Zeynəb Xanlarova dələduzla 19 il əməkdaşlıq edib?”
Səlahiyyətli nümayəndə Z.Xanlarova ilə S.Azəroğlunun uzun müddətdən bəri əməkdaşlıq etdiyini vurğulayıb: “Hörmətli Aslan bəyin “dələduz” adlandırdığı Seyfi Azarioğluya Zeynəb xanım Xanlarovanın 1994-cü ildə onu xaricdə təmsil etmək üçün verdiyi müddətsiz etibarnamədən görünür ki, onlar 19 ildir ki, əməkdaşlıq ediblər. Əgər Seyfi Azərioğlu dələduz idisə, necə olub ki, hörmətli Zeynəb xanım Xanlarova dələduzla 19 il əməkdaşlıq edib? Aslan bəy öz müsahibəsində belə bir ifadə işlədib: “Seyfi Azərioğlu mənim yanımda dovşana dönmüşdü. Ona dedim ki, pis yerə ilişmisən.” Ümumiyyətlə, pis yer nə deməkdir, mən başa düşə bilmirəm. Xahiş edirəm ki, Aslan bəy “pis yer” terminin hüquqi izahını versin. Hüquqşünas insan şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə etməməlidir. Aslan bəy müsahibəsində belə bir ifadə işlədib: “Mən ona dedim ki, pulları qaytarmasan, şikayət edəcəm, səni həbs edəcəklər”. Şikayət etmək Aslan bəyin hüququdur. Amma kiminsə həbs olunmasına əvvəlcədən vəkil göstəriş vermir. Həbs qətimkan tədbiri yalnız məhkəmənin qərarına əsasən seçilir”.
“Seyfi Azərioğlu hədələnərək, qəsdən borclu hala salınıb”
A.Nəsirli S.Azərioğlunun borcla bağlı müqavilə bağılaması məsələsi ilə bağlı da münasibətini açıqlayıb: “Məhkəmədə təsdiq etməsələr də, Aslan bəy “O da 38 min dolları Zeynəb xanıma qaytardı. Sonra da qalan pulu borclu olması barədə müqaviləni imzaladı” ifadələriylə təsdiq edir ki, həqiqətən də həmin müqavilə 19 aprel 2013-cü il tarixdə imzalanıb. Amma iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi Seyfi Azərioğluda olan müqavilə nüsxəsindən tamamilə fərqlənir. Belə ki, iddiaçının təqdim etdiyi müqavilədə “İcraçının öhdəlikləri hissəsində” bir bənd artıqdır və Seyfi Azərioğlunun imzası xətdən aşağı düşüb. Həmçinin, müqavilələrdə müqavilənin qüvvəyə minməsi tarixi ilə bağlı uyğunsuzluq var. İddiaçı məhkəmədə iddia edir ki, o, 25 yanvar 2013-cü il tarixdə Seyfi Azərioğluya 112 000 ABŞ dolları məbləğində pul verib. Seyfi Azərioğlunun pasportuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş onun Azərbaycan Respublikasına gəlişini təsdiq edən möhür və ona 31.01.2013-cü il tarixdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş viza sübut edir ki, o, Azərbaycan Respublikası ərazisinə 31 yanvar 2013-cü il tarixdə gəlib. Bu səbəbdən "Xidmət göstərilməsinə dair" müqavilənin onun tərəfindən 25 yanvarda imzalanması və 25 yanvar tarixində onun tərəfindən 112.000 ABŞ dolları məbləğində pulun alınması mümkün ola bilməzdi. Eyni zamanda, müqavilələrin heç birində Seyfi Azərioğlunun borclu olması ilə bağlı müddəa yoxdur. Həmin müqavilələrdə müqavilə imzalanan gün pul ödənilməsi və konsert proqramının təşkil edilməsi ilə bağlı öhdəliklər var. Maral Hüseynova Seyfi Azərioğlu barəsində Daxili İşlər Nazirliyinə müqavilə bağlandıqdan sonra şikayət edib. Tərəflər müqaviləni 19 aprel 2013-cü il tarixdə imzalasalar da, Seyfi Azərioğlunun ölkədən çıxışına qadağa 19 apreldən – müqavilə imzalanmamışdan əvvəl qoyulub. Belə ki, o ilk dəfə 13 aprel 2013-cü il tarixdə hava limanından geri qaytarılıb. Seyfi Azərioğlu dələduzluq etmişdisə, niyə iddiaçı əvvəlcədən DİN-ə şikayət etməyib, yalnız 19 aprel 2013-cü il tarixdə müqaviləni imzaladıqdan sonra DİN-ə şikayət edib? Axı Seyfi Azərioğlu ölkə ərazisinə ikinci dəfə 6 aprel 2013-cü il tarixdə gəlib. Deməli, həqiqətən də, əvvəlcədən planlaşdırılmış şəkildə heç bir əsas olmadan Seyfi Azərioğlunun ölkədən çıxışına maneçilik törədilib. Daha sonra Aslan bəyin müsahibəsində qeyd etdiyi “ona dedim ki, səni həbs edəcəklər, dovşana dönmüşdü, pis yerə ilişmisən, çıxsa bir qəpik də gətirən deyil” ifadələrindən görünür ki, Seyfi Azərioğlu hədələnərək müqaviləni imzalamağa məcbur edilməklə ölkə ərazisində qəsdən borclu hala salınıb. Müqavilə imzalandıqdan dərhal sonra isə onun barəsində DİN-ə şikayət edilib. Belə ki, 24 aprel 2013-cü il tarixdə Seyfi Azərioğlunun pasportuna vurulmuş onun ölkədən çıxışını əks etdirən möhürün üstünə “ləğv olundu” möhürü vurulub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər