BolgeXeber.Com » Analitika » Reklamsız və təbliğatsız seçki

Reklamsız və təbliğatsız seçki

3-09-2013, 13:55
Oxunub: 6 136 Oktyabr ayında keçiriləcək prezident seçkisində namizədlərə ödənişsiz efir vaxtını İctimai Televiziya və Radio Yayımları Şirkəti ayıracaq

Seçki Məcəlləsinə görə, təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdır (3 saat televiziyada, 3 saat radioda). Efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər bölünür.

Seçki kampaniyası dövründə ödənişsiz efir vaxtı verəcək KİV-lər:

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV), “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri.

Avqustun 28-də prezident seçkisinə qatılmış 17 nəfərin namizədliyi rəsmiləşib. Yəni, 3 saatlıq efir vaxtı bu 17 nəfər namizəd arasında bölünməlidir.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, ödənişsiz efir vaxtı ilə bağlı Seçki Məcəlləsində 77-ci maddə var. O birbaşa göstərir ki, İctimai Televiziya və Yayımları Şirkəti bütün namizədlərin istifadə etməsi üçün 3 saatdan az olmamaq şərti ilə həftədə 2 dəfə efir vaxtı ayırır:

“Bu 3 saatlıq efir vaxtı qeydiyyata alınan bütün namizədlər arasında bölünəcək. Bərabər bölünərsə, bu 180 dəqiqə edir. Bunu da 10 nəfərə böləndə 18 dəqiqə edir. Deməli, həftəlik 18 dəqiqə namizədlər arasında bölünəcək. Qanunda çox aydın şəkildə göstərilib ki, efir vaxtı pulsuz yox, pullu da ola bilər. Pullu efir vaxtı da namizədlər arasında bərabər paylanmalıdır. Məsələn, bir namizədin bir milyon pulu ola bilər. Digərinin isə 1 manatı. Birinin vaxt alma imkanı saatlarla, digərinin isə heç bir dəqiqə də olmaya bilər. Qanunda göstərilir ki, bunlar arasındakı bərabərliyi qorumaq üçün pullu efir vaxtı da bərabər bölünməlidir. Önəmli olan odur ki, seçki üçün ayrılan o vaxtı başqa namizədin istifadəsi üçün vermirlər. Namizədlərin seçki bərabərliyinin qorunması üçün bu vasitələr nəzərdə tutulub”.

Pullu efirin qiyməti…

Bundan əlavə, namizədlər ödənişli efir vaxtından da istifadə edə biləcəklər. Seçkiqabağı təşviqata ödənişli əsaslarla 36 Kütləvi İnformasiya Vasitəsi qoşulacaq Onlardan 16-sı qəzet, 14-ü agentlik, portal və internet televiziyasıdır.

Ödənişli efir vaxtının qiymətlərinə gəlincə, “VisionTV” internet televiziyasında 30 dəqiqəlik veriliş 100, 1 dəqiqəlik tanıtım çarxının qiyməti 30 manatdır. apa informasiya agentliyində banner yerləşdirmək 2000-5000 manatdır. Press-relizin qiyməti 400, müsahibənin qiyməti 600 manatdır.

“Azərbaycan” qəzetində reklamın 1 kv.sm-nin qiyməti 5, “İki sahil” qəzetində 10 AZN-dir. Qəzetin internet saytında bir aylıq bannerin qiyməti 12000-20000 arası dəyişir. “Səs” informasiya agentliyində banner 10000, bir dəfə məlumat yerləşdirmək 5000 manatdır. Birinci və sonuncu səhifələrdə bir kv.sm-in qiyməti 50 AZN, orta səhifələrdə 40 AZN-dir.

“Bizim yol” qəzetinin 1-ci səhifəsində 1 kv.sm-in qiyməti 50 qəpik, 16-cı səhifədə 40, iç səhifələrdə 20-30 qəpikdir (AzadlıqRadiosu).

1 saniyəyə 50 manat?

2013-cü ilin büdcəsindən İctimai Televiziya və Radio Yayımı Şirkətinә 15.058.921 min manat vəsait ayrılıb. Namizədlər İTV-də axşam saat 8 radələrində çıxış etməsi üçün 1 saniyənin qiyməti 50 manatdır. 10 dəqiqəlik çıxış 30 min manat edir. Səhər və günorta vaxtlarında 10 dəqiqə çıxış etmək istəyən namizəd 12-30 min manat civarında pul ödəməlidir. İctimai radioda isə, 10 dəqiqəlik çıxış 4-24 min manat arasında dəyişir. Qiymətlərə ƏDV daxil deyil.

“Ödənişli efir vaxtı olsa belə…”

Sənədləri MSK tərəfindən qəbul edilmiş, hazırda imzatoplama kampaniyası ilə məşğul olan Əhməd Orucun fikrincə, ödənişli efir vaxtından heç kim istifadə etməyəcək: “Ona görə ki, hakimiyyət nümayəndəsinin həmin ödənişli efir vaxtına ehtiyacı yoxdur. Onsuz da bütün televiziyalar onun xeyrinə işləyir. Digər namizədlərin böyük bir qismi hakimiyyətin bu və ya digər fəaliyyətini tənqid etmək iradəsi olmayanlardır. Mənim kimi müxalifət nümayəndəsi olan namizədlərin isə ödənişli efir vaxtına kifayət edəcək maddi imkanı yoxdur. Açığı, ödənişli efir vaxtı olsa belə ondan kiminsə istifadə edəcəyi qaranlıq məsələdir”.

“Səviyyə aşağı, seyrçi az, efir baha…”

Ümid Partiyasının sədri İqbal Ağazadə ödənişli efir vaxtı olsa belə ona müraciət etməyi düşünmür: “Və mən başqalarının müraciət edəcəyinə də inanmıram. Çünki televiziyalar elə fantastik qiymətlər qoyurlar ki, namizədlərin maddi imkanı buna yetmir. Məsələn, ötən seçki kampaniyası dövründə ödənişli efirin saniyəsi 55 manat idi. Hesablayın 1 dəqiqəsi 3000 manatdan çox edir. Kimdi bizim televiziyalara bir dəqiqədən ötrü 3000 min manat ödəyən? Üstəlik, həmin televiziyaların baxımlı olub-olmaması sual altındadır. Ümumiyyətlə, Azərbaycan telekanallarının perspektivi çox aşağıdır. Ona görə də insanlar daha çox Rusiya və Türkiyə telekanallarına üstünlük verir. Ödənişli efir vaxtı qiymətləri yenə də ötən seçki dövründəki kimi olsa inanmıram kiminsə müraciət edəcəyini. Səviyyə aşağı, seyrçi az, efir baha. Bunları nəzərə alan o efirə pul ödəməz”.

“Seçkilərin ədalətli keçirilməsi sual altındadır ”

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hər bir namizədin əlində olan imkanlardan istifadə edəcəyini deyir:

“Məsələn, mən öz qəzetimdən istifadə edəcəyəm. Bilin ki, bunlar hamısı demokratik məsələlərə daxildir. Ancaq seçkilərin ədalətli keçirilməsi sual altındadır. Telekanalların isə efir vaxtından istifadə etməməsinin yeganə səbəbi var: Yuxarıdakıların təzyiq göstərməsi qorxusudur onları çəkindirən. Onsuz da müxalifətdən olan namizədlərin geniş imkanları yoxdur. Telekanallar keçən dəfə elə qiymətlər elan etmişdilər ki, heç kim ödənişli efir vaxtından istifadə edə bilmədi. Mən bu gün “facebook” sosial şəbəkəsində gənc fəal Bəxtiyar Hacıyevin statusunu oxudum. O öz səhifəsində namizədlərin təşviqatını aparmaq üçün 30, 15, 20 min manat qiymətlər yazıb. Adi vətəndaş öz səhifəsində belə qiymət qoyursa telekanallar nə etsin?”. (bizim yol)