Azərbaycan müxalifəti üçün yeni pəncərə açılır
6-09-2013, 12:05
Oxunub: 6 742
Moskvada dəngələri dəyişdirən qərar; Ermənistanın Gömrük İttifaqına qoşulması Azərbaycan iqtidarına başağrısı yaradıb; seçkinin qapını kəsdirdiyi vaxtda demokratik düşərgə önə çıxmaq şansı əldə edib, ancaq...
Ermənistan “planka”nı qaldırdı. Erməni diasporu Sərkisyanı Putinin ayaqlarına itələdi: “Get, təslim ol...” Rəsmi İrəvan enində-sonunda Rusiyanın təzyiqlərinə, şərtlərinə boyun əyməklə həm də SSRİ-nin yeni modeli hesab edilən Avrasiya İttifaqına “hə” dedi. Bu, məsələnin bir tərəfi. Başqa yandan, İrəvan son qərarı ilə Moskva-Bakı münasibətlərində yaranmış yeni, kövrək tarazlığı da pozdu. İndi Kreml Azərbaycandan daha böyük güzəştlər istəmək üçün əlavə imkanlar əldə etmiş kimi görünür. Bundan az əvvəl isə tərsinə idi - Putun Bakıya səfər edib Əliyev iqtidarına isti münasibət sərgiləməklə, nümayişkaranə şəkildə bir addımlıqdakı forpost Ermənistana baş çəkməməklə İrəvan iqtidarını indi gördüyümüz qərara itələyirdi. Mesaj aydın verilmişdi: “Bizə qoşulmasan, tək qalacaqsan...”
Təhdid işlədi. Azərbaycan iqtidarına sərf edən, onu öz xalqı və müxalifəti qarşısında üstün qılan bir səfər əslində strateji olaraq fəsadlı nəticələrə gətirib çıxartdı. Rəsmi Bakı Kremlin təhdidlərindən qurtulurmuş kimi nəticələr əldə etdiyi bir zamanda, iş tam tərsinə döndü. İndi belə məlum olur ki, səfərdən ən böyük dividenti götürən elə Putin Rusiyası olub.
Sərkisyanın təslimiyyəti, Rusiyanın ayağına üz sürtməsi Putin iqtidarının ambisiyasını, heç şübhəsiz, daha da qabardacaq. Azərbaycan iqtidarına seçki ərəfəsində təzyiq göstərməyib də daha nə zaman göstərmək, onu bir sıra “mühüm” qərarlara nə zaman vadar etmək olar? Kreml Azərbaycanı da analoji qərara sürükləməyə çalışsa, - böyük ehtimalla buna çalışacaq, - ölkəmizdəki siyasi dəngələr yenidən və sürətlə dəyişəcək.
***
Yadınızdadırsa, Bakı səfərinin yekununda keçirilən birgə mətbuat konfransında Vladimir Putin iki ölkə arasında bir sıra problemlərin həll olunmamış qaldığını söyləmiş, bu sırada təhlükəsizlik məsələsini önə çəkmişdi. Putinin ideya müəllifi olduğu Avrasiya İttifaqı və bu ittifaq yolunda mühüm mərhələ sayılan Gömrük İttifaqı isə Rusiyanın təhlükəsizlik maraqlarına bilavasitə bağlı layihələrdir. Çünki Moskva həmin projelər hesabına Qərbin Güney Qafqaza siyasi, hərbi və başqa təsir imkanlarını minimuma endirməyə, bölgə ölkələrinin Qərbə inteqrasiyasını önləməyə çalışır.
Kremlin Yaxın Şərq (Suriya) siyasətinin fiasko olması, İran məsələsinin yavaş-yavaş qlobal demokratik güclərin gündəminə gətirilməsi və Rusiyanın qafqazlara sıxışdırılma ehtimalının artması bu impertivi əməlli-başlı gücləndirib. Üstəgəl, Ermənistanın asanca ram edilməsi, sövq-təbii Kremli şirnikləndirməklə yanaşı, Rusiyanın diqqətini Güney Qafqazın açar ölkəsi olan Azərbaycana fokuslaşdırmış olub.
Belədirsə, yuxarıda vurğulandığı kimi, Moskva üçün “ən şanslı moment” indi - seçki ərəfəsi deyilmi? Ən azından Gömrük İttifaqı məsələsində Bakının hansısa rəsmi və birmənalı vədini almaq, yaxud Qarabağ məsələsində ondan strateji bir güzəşt qoparmaq, misal üçün, münaqişə zonasında sülhməramlı qüvvələr qismində aparıcı ölkə kimi Rusiyanın tanınması və ya Azərbaycanda Moskvanın hərbi mövcudluğunun bərpasının hansısa başqa formada legitimləşdirilməsi kimi vəd yaxın perspektivdə Rusiyanın yaxşıca əlinə işləyərdi...
***
Bəzi ekspertlər hesab edir ki, bu vəziyyət Azərbaycanın demokratik müxalifətinə, xüsusi ilə Milli Şuraya yenidən unikal imkanlar açır. Bakıdakı tanınmış siyasət adamlarından biri “Yeni Müsavat”ın müxbirinə deyib ki, onun fikrincə, Rusiya, yenidən əlindəki məlum rıçaq və adamları hərəkətə gətirib, Milli Şuranı Əliyev iqtidarına qarşı real təhdid ünsürünə çevirməyə cəhd göstərəcək.
Elçibəy iqtidarının və günümüzdəki siyasətin önəmli fiqurlarından olan dostumuz yaxın günlərdə Moskvada “Milyarderlər İttifaqı”nın təkrarən dirçələcəyini, hətta Rüstəm İbrahimbəyovun daha bir radikal həmləyə başlayacağını, bu dəstənin Azərbaycandakı və digər ölkələrdəki uzantılarının da fəallaşdırılacağını təxmin edir.
Onun təhlil və proqnozlarını bölüşsək də, sevincini, nikbinliyini bölüşə bilmirik. Çünki bu cür təzyiq və ölkənin vətənpərvər müxalifətinin yenidən təhdid vasitəsinə çevrilməsi Azərbaycan iqtidarını hamımız üçün qorxulu ola biləcək güzəştlərə məcbur qoya bilər.
Rejim sahibləri Azərbaycan üzərindəki iqtidarı itirməmək üçün təbii ki, daha çox, hətta bütün güzəştlərə gedəcəklər. Bu da ölkəmizin Avrasiya və Gömrük İttifaqlarına girməsi, Qərbyönümlü siyasi kursun birmənalı və uzunmüddətli (hətta geriyə dönməsi çətin olan şəkildə) dəyişməsi demək olardı...
***
Ruslar Azərbaycanın demokratik müxalifətini heç zaman iqtidara gətirmək istəməz - burası məlumdur. Böyük ehtimalla onlar demokratlardan təhdid aləti, təzyiq amili kimi istifadə edib, yenə də Əliyev iqtidarı ilə anlaşmağa çalışacaqlar. Hətta bu ölkədə iqtidarı dəyişmək qərarına gəlsə belə, qəbul etmək lazımdır ki, rusların quracağı yeni hökumətdə vətənpərvər demokratlar olmayacaqlar. Olsalar da, qısa müddət sonra fəlakətli yöntəmlərlə iş başından uzaqlaşdırılacaqlar. İşin başında Abbas Abbasov tipində sabiq məmurlar, azərbaycanlı mafiozlar, Rusiyaya bağlı zəngin iş adamlarımız dayanacaqlar...
Bu baxımdan, İlham Əliyevin iqtidarının bir az da davam etməsi demokratik düşərgənin iqtidar şansının 50/50 nisbətində təsirləndirirsə, rusların işə qarışması ilə bu şans büsbütün sıfırlanır. Amma bütün bunların olub-olmaması da bizdən, istək və təpkilərimizdən asılı deyil. Bu mənada durum doğrudan da qısa zaman sonra kəskin şəkildə dəyişə, qısa müddət üçün keçərli olmaqla, Milli Şuranın, onun vahid namizədinin xeyrinə olan proseslərə çevrilə bilər. Qalır, yeni situasiyanın şərtlərini operativ və obyektiv şəkildə dəyərləndirib düzgün qərarlar vermək, narazı elektoratın potensialını milli maraqların diktə elədiyi səmtə yönəltmək.
Kəsəsi, demokratik düşərgə bu şansa və həmin qısa zamanın yarada biləcəyi avantajlara hazır olsa, məsləhətdir. Söhbət əsasən Rəsulzadə- Elçibəy yolunda olan qurumların - KXCP, AXCP və Müsavatın - bütün təşəbbüsləri götürərək, düşərgəni yenidən format eləməyə hazır olmalarından gedir. İçəridə ilk gündən konflikt yaradan, liderləri bu rejimin banisinin ən yaxınında olmuş, düşərgədəki bütün narazılıqların və “xaric zəngulələr”in müəllifi olan qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, yenə qısamüddətli şanslar deyişmələrin, dedi-qoduların içində batıb gedəcək.musavat
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər