Prezidentliyə namizədlər milli kimliklərini açıqladılar
7-09-2013, 10:55
Oxunub: 6 177
Tahir Süleymanın “ola bilsin ki, namizədlərdən məndən başqa da kürd var” sözlərinə digər namizədlər nə dedi?
Prezidentliyə namizədliyini irəli sürən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman maraqlı açıqlama ilə çıxış edib. Moderator.az-a açıqlamasında Tahir Süleyman prezidentliyə namizədlərin milli mənsubiyyətini açıqlaması məsələsini qaldırıb: “Çox vaxt insanlar cəsarət edib milliyyətlərini demək istəmirlər. Ola bilsin ki, namizədlərdən məndən başqa da kürd olan var. Ancaq bunu açıqlayacaq qeyrətə sahib olan tək mənəm. Bunu açıqlamağa cəsarətləri çatarmı heç?”
Tahir Süleymanın qaldırdığı milli mənsubiyyətin açıqlanmasına digər namizədlərin necə yanaşdığını və onların milli kimliyini araşdırdıq.
Milli Şuranın prezidentliyə namizədinin seçki qərargahından bildirildi ki, Cəmil Həsənli Azərbaycan türküdür və ölkədə yaşayan bütün millətlərə sayğı ilə yanaşan şəxsiyyət kimi tanınır. Onun öz milli mənsubiyyətini xüsusi qabartmasına ehtiyac yoxdur. Çünki Cəmil Həsənli bütün Azərbaycan vətəndaşlarının prezidenti olacaq.
Prezidentliyə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadə bildirdi ki, namizədin milli mənsubiyyətini açıqlamasına xalqın ehtiyacı varsa, açıqlanmalıdır: “Mən milliyyətimi çox açıq bildirirəm. Azərbaycan türküyəm, yeddi nəslimi tanıyıram, tarixən babalarımın harada yaşadıqlarını bilirəm. Tahir Süleyman kimi nəzərdə tutub bunu bilmirəm”.
Azadlıq Partiyasının namizədi Əhməd Oruc bildirdi ki, namizədlərin içərisində neçə nəfər kürdün olduğundan məlumatsızdır: “Şəxsən özüm barədə deyə bilərəm ki, təmiz türkəm. Atamla anam əmiqızı-əmioğlu olublar. Bütün nəslim-köküm türkdür, zərrə qədər qarışığım yoxdur. Bununla da qürur duyuram. Hesab edirəm ki, prezidentliyə namizədin milli mənsubiyyətini xüsusi açıqlamasına, qabartmasına ehtiyac yoxdur. Azərbaycanda milli ideologiyanın təbliğində illərdir ən çox fəaliyyət göstərən bir neçə adamdan biri mənəm. Bununla belə, düşünürəm ki, şəxsən mən öz milli kimliyimi prezident seçkilərində qabartmağa ehtiyac hiss eləmirəm. Azərbaycanda fərqlilikləri qabartmaq deyil, ümumi dəyərləri, hər bir Azərbaycan vətəndaşının ortaq maraqlarını önə çəkmək lazımdır. Hər kəs bilir ki, Azərbaycan türklərin əsas üstünlük təşkil etdiyi türk dövlətidir. Azərbaycanda çoxlu sayda digər azsaylı millətlər də yaşayır və onlar da bərabərhüquqlu vətəndaşlardır. İnşallah prezident olaramsa, ilk beş ildə türk konfederasiyasının reallaşması istiqamətində mümkün olan bütün addımları atacağam”.
Liberal Demokrat Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Fuad Əliyev bildirdi ki, Azərbaycan çoxmillətli dövlətdir və Konstitusiyaya bütün millətlər eyni hüquq malik vətəndaşlardır. Ona görə prezidentliyə namizəd kimi milli mənsubiyyətini xüsusi bəyan etməyə ehtiyac yoxdur: “Çünki əgər prezidentliyə namizəd xalqa müraciətlərində milli mənsubiyyət məsələsini qabardırsa, deməli digər millətlərə mənsub seçiciləri kənara qoymuş olar. Azərbaycan türküyəm. Amma Azərbaycanda yaşayan bütün millətlərə öz millətimə etdiyim qədər hörmət edirəm. 2008-ci il prezident seçkilərində namizəd olarkən efirdə çıxışım zamanı seçicilərə bir neçə dildə müraciət etmişdim”.
Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd Fərəc Quliyev bildirdi ki, türkdür və türk olmağı ilə fəxr edir. Ancaq Azərbaycanda yaşayan digər millətlərə də hörmətlə yanaşır: “Azərbaycanın Konstitusiyası da burada yaşayan bütün millətlərə bərabər hüquqlar verir. Bizdə heç vaxt milli ayrımçılıq olmayıb. Odur ki, prezidentliyə namizədin milliyyətini əlahiddə qabartmasını doğru yanaşma saymıram. Milli kimliyi gözə soxmalı deyilik. Biz bütün millətlərə hörmət edirik, öz millətimizi də sevirik”.
Prezidentliyə namizəd Ərəstun Oruclu insanları milliyyətinə görə fərqləndirməyi düzgün hesab etmir. Çünki Konstitusiyada yazılmayıb ki, bu və ya digər millətin nümayəndəsi prezident ola bilər: “Milliyyətini namizədin açıqlamasının vacibliyi məsələsinə gəlincə, kimsə bəyan edirsə ki, onun milliyyəti kürddür, yaxud türkdür mən bunu qəbahət hesab eləmirəm. Milli mənsubiyyətin nə açıqlanmasını, nə də açıqlanmamasını qəbahət hesab eləmirəm. Mən milli mənsubiyyətin xüsusi qabardılmasını qəbahət hesab edirəm. Özümə gəlincə, mən ana xətti ilə Qaçaq Kərəmin nəslindənəm. Ata tərəfim Şəmkirdəndir. Ən azı 19-20-ci əsrlər üçün həmin nəslin tarixinə bələdəm. Təmiz türk olan Oruclular nəslindənəm. Milli kimliyim digər millətdən olan Azərbaycan vətəndaşlarına münasibətimdə heç bir rol oynamır”.
MMP-nin prezidentliyə namizədi Hafiz Hacıyev bildirdi ki, Azərbaycanda prezidentliyə namizədin milli mənsubiyyət məsələsini qaldırmasına qətiyyən lüzum yoxdur: “Azərbaycanı bölmək olmaz. İndiyə qədər bölücülüyə görə torpaqlarımız əlimizdən. Şuşa kimi Kəlbəcər kimi torpaqlarımız əldən gedib, biz burda oturub hələ bir-birimizi didirik. Kimlərsə milli mənsubiyyət məsələsini ortaya qoymaqla yenilik axtarmaq istəyirsə, biz yeniliyi Qarabağda axtarmalıyıq. Mən prezident seçilərəmsə, ölkənin paytaxtını Xankəndiyə köçürəcəyəm. Konstitusiyada yazılmayıb ki, hansı millətdən olan prezident seçilə bilər, hansı seçilə bilməz. Şəxsən mən türkəm. Azərbaycanda yaşayan kürdlərə də, ləzgilərə də, talışlara da və digər azsaylı millətlərə böyük hörmətim var”.
Digər namizədlərin də seçki qərargahlarından namizədin milliyyəti haqqında təxminən eyni məzmunlu açıqlamalar verildi.
Etibar SEYİDAĞA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər