BolgeXeber.Com » Analitika » Tovuz Hərbi Komissarlığında görünməmiş özbaşınalıq faktları

Tovuz Hərbi Komissarlığında görünməmiş özbaşınalıq faktları

13-09-2013, 10:30
Oxunub: 5 427 Arzu Rəhimov adamını necə susdurmaq istəyir

Nə qədər acı da olsa, etiraf etmək lazımdır ki, bu gün ölkənin hərbi çağırış sistemində kifayət qədər qanun pozuntuları, əyrintilər müşahidə olunur. Çünki ordunu gənc, eləcə də sağlam əsgərlərlə təmin etməli olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və onun ayrı-ayrı rayon şöbələri vəzifələrini lazımi səviyyədə icra etməməklə yanaşı, yalnız maddi maraqların təmin olunması barədə düşünürlər. Bu isə sonda vərəm və digər yoluxucu xəstəliklərdən əziyyət çəkən şəxslərin ordu sıralarına cəlb olunmasına, imkanlı və sağlam çağırışçıların isə hərbi xidmətdən yayınmasına, eləcə də əsgər ölümlərinin sayının artmasına səbəb olur.

SHXÇDX rəisi Arzu Rəhimovun xidmətin Tovuz rayon şöbəsinin sabiq rəisi Rəhim Rəsulovu susdurmağı bacardığını deyən məlumatlı şəxs dia.az-a iddia edir ki, bununla da general-leytenant müəyyən müddətlik özünü sığortalamağı bacarıb. Rəhim Rəsulovun hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini olduğunu xatırladan mənbənin sözlərinə görə, buna baxmayaraq, adıçəkilən şöbəni yenə də əvvəlki qaydada Rəhimov idarə edir: “Düzdür, Rəhim Rəsulov hazırda xidmətin Tovuz rayon şöbəsinin rəisi yox, rəis müavini olsa da, yenə də şöbəni məhz o idarə edir.

Arzu Rəhimov Rəhim Rəsulovun susmasını əldə etmək, yəni onu sakitləşdirməkdən ötrü ona müstəsna səlahiyyət verib. Odur ki, Rəhim Rəsulov xidmətin Tovuz rayon şöbəsində əvvəlki tək öz bildiyini etməkdədir”.

Rəhim Rəsulovun özünü qarşıdan gələn oktyabr çağırışına hazırladığını qeyd edən məlumatlı şəxsin iddiasına görə, o, bu dəfə də Tovuz rayonunda sağlam çağırışçıların bir sıra yollarla ordudan yayındırılması ilə bağlı «təcrübə»sini geniş tətbiq etmək niyyətindədir: «Heç şübhəsiz ki, oktyabr çağırışında da Rəhim Rəsulov ənənəsinə sadiq qalaraq bir sıra qanun pozuntularına rəvac verəcək. Qeyd edim ki, xidmətin Tovuz rayon şöbəsində qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinir. Bildiyiniz kimi, üç övladı olan atalar və 35 yaşı tamam olan şəxslər müvafiq qanunvericiliyə əsasən hərbi xidmətə cəlb olunmurlar. Məhz elə buna görə də Rəhim Rəsulovun «məsləhət»lərinə qulaq asan hərbi xidmətdən yayınmağa çalışan bir sıra şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsilə vaxt qazanmağa çalışırlar. Rəhim Rəsulov bu cür hallara «razılıq» verdikdən sonra Tovuz rayonundakı əksər imkanlı şəxslər ordu sıralarından yayınmağa müvəffəq olurlar. Qarşıdan gələn çağırış zamanı da məhz bu cür halların yaşanacağı istisna deyil. Əgər aidiyyəti qurumlar həmin vaxt yerində müvafiq araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gətiriləcək».

Məsələ ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.