BolgeXeber.Com » Analitika » Arif Əsgərov həbs oluna bilər

Arif Əsgərov həbs oluna bilər

19-09-2013, 11:35
Oxunub: 4 779 Məlum olduğu kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Əsgərovu həbs ediblər

Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur.

Yada salaq ki, nəhəng maliyyə fırıldağında günahlandırılan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri Arif Əsgərovun bacısı oğludur. Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qatılıb. Hazırda onun Moskvada olduğu və müntəzəm olaraq zərərçəkmişlərlə əlaqə saxladığı bildirilir. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır.

A.Əsgərovun və R.Hüseynovun qurduğu iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib. Bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmir yolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o, öz atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. E.Əsgərov, həmçinin Rahib və Emin Hüseynov qardaşları sahibkarlara 48 milyon manat borclu qalıb.

Bir neçə il əvvəl Arif Əsgərovun oğlunun adı Britaniya mətbuatında qalmaqalla gündəmə gəlmişdi. Məlum olmuşdu ki, o, imtahana öz əvəzindən pulla başqasını salıb. İndi isə kifayət qədər böyük dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı adı gündəmi zəbt edib.

“Azərbaycan Dövlət Dəmir Yolları” ASC mətbuat xidmətini rəhbəri Nadir Əzməmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, idarənin marketinq şöbəsinin rəhbəri olmuş Rahib Hüseynov həbsindən xeyli qabaq işdən azad edilib. “Biz onun işdən azad ediləndən sonra nə işlə məşğul olduğunu bilmirik. Və bu, bizi qəti maraqlandırmır” – deyə Əzməmmədov bildirib.

A.Əsgərovun oğlu, 28 yaşlı Elnar Əsgərov “Liman Group” şirkətinin rəhbəridir. Bu şirkət tikinti, ticarət və digər işlərlə məşğul olur.
Sahibkarların dediyinə görə, E.Hüseynov onlarla söhbətlərində israr edir ki, bütün pullar E.Əsgərova çatdırılıb, yəni onlarlıq bir iş yoxdur.

Burada nəhəng korrupsiya şəbəkəsinin konturlarını görməmək mümkün deyil. Azərbaycan Dəmir Yolları QSC-nin şefi A.Əsgərov korrupsiya mexanizminə üstünlük verib – nəhəng dövlət müəssisəsinin təchizat işlərini ailə üzvlərinin yaratdığı firmaya həvalə edib. Bu təcrübə Azərbaycanda geniş yayılıb. Müdafiə sənayesi naziri Yavər Camalov təchizat işlərini qardaşı Əlihüseyn Camalova (Y.Camalov “Azneft” İstehsalat Birliyinin rəisi işləyəndə də bu işlə qardaşları məşğul olurdu), nəqliyyat naziri Ziya Məmmədov təchizat işlərini oğlu Anar Məmmədova (yeri gəlmişkən, A.Məmmədovla E.Əsgərov yaxın dostdurlar – red.) tapşırıb. Bu mexanizm dövlət vəsaitlərinin oğurlanmasının “sivil” forması sayılır. A.Əsgərov QSC üçün, tutaq ki, 10 min lampanı oğlunun rəhbərlik etdiyi şirkətə sifariş verir.

Pərakəndə satışda qiyməti 1 manat olan lampa 10 manata QSC-yə satılır. Nəticədə QSC-nin balansında 10 min manat yox, 100 min manat silinir, 90 min manat isə Əsgərovların cibinə gedir. Bu, dövlət əmlakının talan edilməsi deməkdir.

Məsələnin başqa tərəfi budur ki, belə işlərin üstü açılanda artıq sıradan bir nəfər yox, ailə üzvlərindən kimisə qurban vermək lazım gəlir. Çünki müəssisənin maliyyə işləri həm rəsmən, həm də faktiki olaraq bir ailənin inhisarında olur. Qurbanlıq da ailə üzvləri arasında seçilməlidir. A.Əsgərov da “seçimini” edib – bacısı oğlanlarını qurban verib. Mətbuat katibinin “Rahib Hüseynov həbsindən xeyli qabaq işdən azad edilmişdi” sözlərinə də ancaq axmaqlar inana bilər. Axı R.Hüseynov işdən çıxarıldıqdan sonra harada işləmişdi ki, 48 milyon manat mənimsəməyə imkan tapsın?

Ən acınacaqlısı budur ki, bu rüsvayçı fakt ictimailəşəndən sonra da A.Əsgərov türmədə yox, kabinetində oturub. Ən azı ona görə ki, marketinq şöbəsinin müdiri vəzifəsinə görə çox balaca adamdır və A.Əsgərovun imzası və möhürü olmasa bu vəsaitləri mənimsəmək heç nəzəri baxımdan da mümkün deyil. Bu baxımdan A.Əsgərov bundan sonra daha nə qədər dövlət vəsaitini mənimsəməlidir ki, bu, onun həbsxanaya yollanması üçün əsas ola bilsin?

Nəhayət, bu faktın ictimailəşməsi böyük məbləğli dövlət vəsaitlərinin tendersiz xərclənməsini bir daha təsdiqlədi. Tender qanunvericiliyinə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri tenderlər vasitəsilə həyata keçirilməlidir. Burada söhbət minimal həddən düz 960 dəfə böyük məbləğdən – 48 milyon manatdan getsə də, ortada nə tender var, nə də tenderi udan şirkətin adı. Elə təkcə sonuncu fakt Arif Əsgərovun həbsxanaya yollanması üçün yetərlidir – dövlət vəsaiti heç kimin şəxsi mülkiyyəti deyil ki, onu istədiyi kimi xərcləsin. Ancaq bütün bunlara rəğmən A.Əsgərov rahat kabinetində oturub özünü təmizə çıxartmağa, bütün günahları həbsdə olan bacısı oğlunun üzərinə atmağa çalışır.

Görəsən, Arif Əsgərov daha hansı qanunsuzluqları etməlidir ki, o, tutduğu postdan uzaqlaşdırılsın. (musavat.com)