BolgeXeber.Com » Analitika » «Meliorasiya və Su Təsərrüfatı» ASC ilə «Azərkörpü»nün birgə maxinasiyaları ilə bağlı şok detallar

«Meliorasiya və Su Təsərrüfatı» ASC ilə «Azərkörpü»nün birgə maxinasiyaları ilə bağlı şok detallar

20-09-2013, 09:35
Oxunub: 5 145 Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən «Azərkörpü» Açıq Səhmdar Cəmiyyətində (ASC) baş verən əyri işlərdən bir çoxlarının xəbəri var. ASC-də ayaq tutub yeriyən qanunsuzluqlarla bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. «Gündəlik Bakı»nın da son nömrələrində şirkətin fəaliyyətindəki qaranlıq məqamlar və milyonluq maxinasiyalarla bağlı ilginc materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Əfəndi İsmiyevlə müavini Manaf Şirinov qeyri-qanuni işlər həyata keçirərək külli miqdarda vəsaitləri silirlər.
Keçən yazılardan birində vurğulamışdıq ki, Əfəndi İsmiyevin arxasında hökumətdə təmsil olunan şəxslərdən biri dayanır və o, «Azərkörpü»nün iri maliyyə tutumu olan layihələri icra etməsinə şərait yaradır. Apardığımız araşdırmalar nəticəsində ASC rəhbəri ilə bağlı daha yeni faktları ortaya çıxarmışıq. Araşdırmalara görə, şirkət rəhbərinə himayədarlıq edən şəxslərdən biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadədir. Məlumatda bildirilir ki, bu şəxslər uzun müddətdir ki, yaxın əlaqələrə malikdir. Onların arasındakı münasibət isə iş fəaliyyəti ilə daha da möhkəmlənib: «Bu gün «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tikinti işləri ilə əlaqədar elan etdiyi tenderlərin yeganə qalibi «Azərkörpü»dür. Yəni Əhməd Əhmədzadə yaxınlıq əlaqələrinə görə, Əfəndi İsmiyevin rəhbərlik etdiyi şirkəti müxtəlif layihələrlə təmin edir. Sözsüz ki, sifarişçi tərəfin rəhbəri podratçı şirkətin başçısı ilə faizə işləyir. Yəni əgər dövlət tərəfindən «Meliorasiya və Su Təsərrüfatı»nın tikinti işlərinə 100 milyon manat ayrılırsa, Əhməd Əhmədzadə ilə Əfəndi İsmiyev bunu yarı-yarı bölürlər». Araşdırmaların nəticəsinə görə, son bir neçə il ərzində Araz çayının yeni qolunun tikintisi üçün büdcədən külli miqdarda vəsait ayrılıb. Və bununla bağlı elan edilən tenderdə «Azərkörpü» qalib gəlib: «Taxtakörpüdə su anbarının və HES tikintisini, Taxtakörpü-Ceyranbatan kanalının tikintisini, Vəlvələçay-Taxtakörpünün, Təsərrüfat arası suvarma şəbəkəsinin bərpası və Samur-Abşeron kanalının baş tikilisinin durulducu hovuzunun inşası, Xanarx kanalının tikintisi işlərini də bu şirkət həyata keçirib. Bu işlərin hər birində ayrı-ayrılıqda kütləvi yeyinti hallarına yol verilib. Bu iki məmurun birgə işləri nəticəsində dövlət büdcəsinin milyonları göyə sovrulur». Aşağıda qeyd olunan layihələrdən isə «Azərkörpü» rəhbərliyi xeyli qazanc götürüb. Həmin layihələri sizə də təqdim edirik: Zaqatala rayonu ərazisində Talaçay üzərində avtomobil yolu körpüsü, Ələt-Astara avtomobil yolunun 55 km-də Kür çayı üzərində körpünün tikintisi, Qax rayonu İlisu kəndinin mühafizəsi tədbirləri, İlisu kəndində Hamam çayı üzərində körpü keçidi, Taxtakörpü obyektində tunelin inşaatı, Böyük İpək Yolunun «Şimal-Cənub» koridorunun hissəsi olan Bakı-Samur avtomobil yolunun km 28+000 - km 89+000-da körpü və yolötürücülərin tikintisi, Tovuz şəhəri dolama yolunda Tovuzçay üzərində körpü, Tovuz - Ağdam kənd avtomobil yolunun Tovuzçay su anbarı ərazisindən çıxarılması. Tovuzcay uzərində körpü keçidi, Ukraynada M06 Kiyev-Çop avtomobil yolunun təmiri və 2 nəqliyyat qovşağının tikintisi, Göyçay şəhərində Göyçay çayı üzərində körpü, Böyük İpək Yolunun «Qərb-şərq» koridorunun bir hissəsi olan Şəmkir-Qazax avtomobil yolunun bərpası və yenidən qurulması, Ələt-Qazı Məmməd avtomobil yolunun tikintisi, 20 yanvar dairəsində yolötürücüsü, Tbilisi-Bakı dəmir yolunun 73-cü kilometrliyində Poylu stansiyasında Kür çayı üzərindəki körpünün yenidən qurulması. Hələ bunlar maliyyə fırıldaqlarının üzə çıxdığı layihələrin sadəcə bir hissəsidir.
Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi "Azərkörpü” ASC ilə bağlı addım atmaqda israrlıdır və yaxın vaxtlarda qeyd olunan ASC-də ciddi yoxlamaların aparılacağı gözlənilir.
Gələn saylarımızda Əfəndi İsmiyev və müavini Manaf Şirinovun tükürpədən əməlləri barədə elə faktları yazacağıq ki, şok effekti yaradacaq.
Qarşı tərəflərin də münasibət bildirmək hüququ var.