BolgeXeber.Com » Analitika » MSK-dan Şeyxə etiraz gəldi

MSK-dan Şeyxə etiraz gəldi

23-09-2013, 10:10
Oxunub: 5 042 QMİ sədrinin iqtidar namizədinə dəstək çağırışı qanunsuzdur; Hafiz Həsənov: “O, bu cür çağırışlar edirsə, ən azından öz vəzifəsindən istefa verməlidir...”
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi altında toplantı keçirilib. Toplantıda ölkə dindarlarına müraciət qəbul olunub. Toplantıda çıxış edən Şeyxülislam prezident İlham Əliyevlə fəxr etdiyini deyərək dindarları seçkilərdə hazırkı dövlət başçısına səs verməyə çağırıb.
Sitat: “Çünki ölkə başçısının apardığı uğurlu siyasət bəhrəsini verir. Ötən gün ölkə başçısının Quba məzarlığının açılışında etdiyi çıxış mənim üçün çox fərəhləndirici oldu. Yəni prezident tərəfindən aparılan bu siyasət təqdirəlayiqdir. Ölkəmiz günü-gündən inkişaf edir, məscidlər tikilir, bərpa edilir. Biz Heydər Əliyev siyasətini aparırıq. Çünki onun siyasətində həm din, həm də axirət var. İndi də onun yolunu İlham Əliyev aparır. Qarşıdan gələn prezident seçkilərində sizi fəal olmağa çağırıram. Biz hamımız İlham Əliyevi dəstəkləyirik”.
Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Almaz Qəhrəmanlı Qafqaz Müsəlmanları İdarəsində sentyabrın 19-da keçirilən iclasa münasibət bildirərək bu toplantıda dindarların İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə qərar verməsi və digər dindarların da buna çağırılmasını qanunvericiliyə zidd adlandırıb və Seçki Məcəlləsinin 90.2.11-ci maddəsinin tələblərini pozduğunu deyib.
Qeyd edək ki, Seçki Məcəlləsinin 90.2 maddəsində qeyd olunur ki, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılarla qadağan edilir:
90.2.11-ci maddədə qadağan olunan qruplar siyahısında “xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara” sözləri qeyd olunub. Bu isə o deməkdir ki, Şeyxüislamın bu çağırışı mövcud Seçki Məcəlləsinə ziddir və məsuliyyət nəzərdə tutur.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər vəzifəli şəxs səlahiyyətlərindən istifadə edərək seçkilərə müdaxilə edirsə, təsir göstərirsə, təşviqatda kiminsə xeyrinə təbliğat aparırsa, bu artıq cinayət tərkibi yaradır. Cinayət Məcəlləsinin 108-ci maddəsinə görə, cinayət məsuliyyəti və 8 ilə qədər həbs nəzərdə tutulur: “Əgər Şeyxülislam bu cür çağırışlar edirsə, ən azından o öz vəzifəsindən istefa verməlidir. Konkret olaraq dini qurumun seçki təbliğatı ilə bağlı qanunvericilik hansısa cəza növünü nəzərdə tutmur. Sadəcə, Seçki Məcəlləsində göstərilir ki, dini qurumlar seçkiqabağı təşviqat apara bilməzlər. Əgər bu olursa, seçkiqabağı təşviqat qaydalarının pozulması adlandırıla bilər. Təşviqatla bağlı Seçki Məcəlləsində müddəalar var, həmin müddəaların pozulmasıdır. Artıq burda hansı müddəanın pozulmasını Mərkəzi Seçki Komissiyası araşdırıb qərar verməlidir”.
H.Həsənov deyir ki, indiki halda namizədlər və ya onların təşviqat qrupları məsələ ilə bağlı MSK-ya müraciət edərək baş verənlərə hüquqi qiymət verilməsini tələb etməlidir: “Yaxşı olar ki, o namizədlərdən biri bu məsələni MSK qarşısında qaldırsın. Bu artıq seçki təşviqatına müdaxilə ilə bağlı məsələdir. Əgər Şeyxülislam indiki halda vəzifəli şəxs kimi müəyyən edilsə, artıq onun barəsində cinayət məsuliyyəti nəzərdə tutula bilər. Bu barədə MSK-nın qərarı ola bilər. Bu barədə daha yaxşı olar ki, namizədlərdən biri və ya təşəbbüs qrupu məsələni MSK qarşısında qaldırsın”.