BolgeXeber.Com » Analitika » Milli Şura Bakıda mitinq keçirdi

Milli Şura Bakıda mitinq keçirdi

23-09-2013, 10:45
Oxunub: 4 611 Demokratik düşərgədən uğurlu seçki-təbliğat startı; Cəmil Həsənlinin seçicilərlə ilk canlı görüşü möhtəşəm oldu; müxalifətin vahid namizədi xalqa mesajını verdi: “Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözüyaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq. And olsun şərəfimə!”
Sentyabrın 22-də Milli Şura Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) mitinq keçirdi. Mitinq saat 16-da başlasa da, saat 15.30-dan etibarən insanlar meydana toplaşmağa başlamışdılar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxırdı. Prosesə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov başçılıq edirdi. Polislər mitinqə yaşı 18-dən az olan şəxsləri buraxmırdılar. Mitinq icazəli olsa da, aksiyadan öncə saxlanılanlar oldu. Nuru Abdullayev, Tural Sadıqlı, Anar Qurbanov polis tərəfindən saxlanıldı. Müsavat başqanının müşaviri Tural Abbaslı isə fiziki zorakılığa məruz qaldı. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədrli Əli Kərimli meydana daxil olduqda böyük coşqu yaşandı, gurultulu, sürəkli alqışlar səsləndi.
“Qələbə yaxındadır, qələbə bizimlədir, qələbə Cəmil Həsənli ilə gələcək”

Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmışdı. Mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli etdi. O, bildirdi ki, Cəmil Həsənli 12 dəqiqə müddətində hakimiyyəti darmadağın etdi: “Əziz həmvətənlərim, artıq bir neçə gündür ki, Azərbaycan uğrunda, vətən uğrunda, bu millətin uğrunda İctimai Televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin təmsilçiniz, xalqın təmsilçisi professor Cəmil Həsənli gözlənilməz, dəqiq zərbələri ilə hakimiyyəti artıq sarsıdıb. Hakimiyyətdəkilər çıxılmaz vəziyyətdədirlər və məcbur olublar vaxtı ilə öz əqidəsini, düşərgəsini satmış xəyanətkarları köməyə çağırıblar və xalqımız düşünür ki, bu çarəsizlərin ümidi mənəvi şikəstlərə qalıb. Qələbə yaxındadır, qələbə bizimlədir, qələbə Cəmil Həsənli ilə gələcək”.
Daha sonra çıxış edən vəkil Aslan İsmayılov seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcəyini bildirdi: “Əziz həmvətənlərim, mən həyatım boyu yüzlərlə mitinqlərdə iştirak etsəm də, bu mənim cəmi ikinci çıxışımdır. Bir dəfə 1998-ci ildə vətən uğrunda döyüşmüş, əllərini, ayaqlarını, gözlərini itirmiş Qarabağ Əlilləri Cəmiyyətinə divan tutulandan sonra mən çıxış etmişəm. Onda da hamınızı çağırmışam ki, susmayaq. Biz onda susduq. Məhz ona görə biz bu günə düşdük. Bu mənim ikinci çıxışımdır. Və əsla mənim çıxışım hardasa mənə qarşı olan haqsızlıqlara qarşı deyil. Mənə qarşı olan haqsızlıqlara mən hüquq çərçivəsində gücüm çatdığı qədər müqavimət göstərirəm, gec də olsa istəyimə nail oluram. 1995-ci ildə də vəkillikdən qovdular 2005-ci ildə də o cür bərpa etdilər. 2010-cu ildə parlament seçkilərində səsimi aldılar, amma bu il Azərbaycan hökuməti Strasburqda məndən oğurladıqları səsin hesabatını verirlər. Mən özümə görə heç vaxt heç kimə ağız açmamışam. Bizim hər birimizin həmin debatlarda qürurumuzu, ləyaqətimizi, əxlaqi-mənəvi dəyərlərimizi tapdalayıblar. Debatlarda göstərdilər ki, bu Azərbaycan xalqını hafizlər, oruclar təmsil edir. Bunu məqsədyönlü edirlər ki insanları seçkilərdən iyrəndirsinlər. Həmin o tədbirdə bütün varlığı ilə bu xalqa xidmət etmiş, ağır təbiətli, əxlaqlı, nəfsi tox olan, Azərbaycanı canı qədər sevən Cəmil Həsənlinin qismində bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə burdayam”.
Mitinqdə daha sonra çıxış edən sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirdi ki, Cəmil Həsənli 18 dəqiqəlik debatda dediyi sözlər öz ünvanına çatıb: “İTV-dəki debatda Cəmil Həsənlinin ətrafındakıların hamısı İlham Əliyevin siyasətini dəstəkləyir. Deməli orada 48 dəqiqə İlham Əliyevə məxsusdur, cəmi 6 dəqiqə Cəmil Həsənliyə?”.
Mitinqin aparıcısı Sahib Kərimov bildirdi ki, hakimiyyət üçün ən böyük dəyər bu dövlətin sərvəti, qızılı, neftidir. Amma ən böyük dəyər bu dövlətin insanlarıdır. Dövlət də, onun sərvətləri də insanımız üçün olmalıdır.
Növbəti çıxışçı Eldar Namazov oldu. O, dedi ki, Milli Şuranın regionlarda da kampaniyası artıq başlayıb. O, bu məsələ ilə bağlı Ağstafada olduğunu dedi və o bölgənin salamını çatdırdı: “Bölgə insanlarımızın bu seçki ilə bağlı mesajlarını ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar: ”İlham, bəsdir!"
Aparıcı Milli Şuranı Rusiyaya bağlamaq istəyənlərə cavab verdi. Dedi ki, bu ittihamları səsləndirənlər zamanında Azərbaycanın müstəqilliyinə qarşı çıxanlardır. “Milli Şurada cəmlənən qüvvələr isə Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda savaş veriblər. İndi mübarizənin növbəti mərhələsi yaşanır. Müstəqilliyinə nail olduğumuz Azərbaycanın sərvətlərinin ədalətli bölgüsünə, xalqa çatmasına nail olmalıyıq və olacağıq”, -deyə o, bildirdi

“Bizim namizədlə, bizim tələbimizlə bütün həqiqətlər açılacaq”

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış etdi. O, bildirdi ki, heç bir qüvvə xalqın qarşısını kəsə bilməz: “Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasına güzəştə gedə bilmirlər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər. Bu, tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik. Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin. Debatlarda gördünüz ki, əksər namizədlərin hədəfi Cəmil bəydir. Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesindən danışdı. Bütün həqiqətlər açıqlanmalıdır. Bizim namizədlə, bizim tələbimizlə bütün həqiqətlər açılacaq”.
İsa Qəmbər siyasi məhbusların adlarını çəkdi, onları salamladı. Bildirdi ki, onların azadlığa çıxmasına az qalıb.
Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı: “Bilirik ki, Cəmil bəy bütün xalqın, o cümlədən İlham Əliyevin prezidenti olacaq. Həmişə Heydər və İlham Əliyevlərin istefasını tələb etmişəm. Bu gün isə İlham Əliyevə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyini geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür”.

“Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır”

Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənli çıxış etdi. Cəmil bəyin tribunaya yaxınlaşması böyük coşqu ilə qarşılandı: “Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri. Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq.

“Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol."

Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik.
Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq. And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: “Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır”. Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi o özüdür. Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır. Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır. Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik ittihamı bunların hüquq sisteminin əsasına çevrilib. Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunmadı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər. Bu, seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir. Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar. Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz. Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizin və özünüzün qurtuluş haqqına sahib çıxın. Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir".
Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı.
Liderlər aksiyanı yüksək dəyərləndirdilər.
Milli Şuranın keçirdiyi mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndiriblər.

Cəmil Həsənli: “İnsanlar öz haqlarına və hüquqlarına qovuşmaq istəyir”

Milli Şuranın vahid namizədi Cəmil Həsənli hesab edir ki, keçirilən mitinq Azərbaycan xalqının dəyişiklik əzmində olduğunu bir daha nümayiş edirdi: “Mitinqin nəticələrini çox yüksək qiymətləndirirəm. Yüksək çoşqulu bir mitinq keçirildi. Bu, millətimizin diri olduğunun əyani göstəricisidir. İnsanlar dəyişiklik, demokratik seçki istəyir. İnsanlar öz haqlarına və hüquqlarına qovuşmaq istəyir. Bu baxımdan keçirilən mitinq gözəl seçki mitinqi idi. Adamlarda böyük ruh yüksəkliyi var idi. Xüsusilə mənim diqqətimi cəlb edən ən mühüm məqamlardan biri gənclərin aksiyada iştirakı idi. Mitinqin bazasını gənclər təşkil edirdi”.

Əli Kərimli: “Mitinq xalqın özünə inamının, qələbəyə ümidinin bərpa olunduğunu nümayiş etdirdi”

Milli Şuranın vahid namizədinin seçicilərlə ilk mitinq-görüşünün müəyyən maneələrə baxmayaraq çox yaxşı keçdiyini deyən AXCP sədri Əli Kərimli də hesab edir ki, aksiya kifayət qədər kütləvi və çoşqulu alındı: “Təsdiq olundu ki, Cəmil Həsənli yalnız 3 teledebatdakı çıxışı ilə Milli Şuranın namizədindən bütövlükdə etirazçı xalqın namizədinə çevrilə bilib. Hər kəs artıq onu öz namizədi, öz lideri kimi qəbul edir. Cəmil Həsənliyə meydanda çox böyük bir xalq sevgisi nümayiş olundu. Bu mitinq Milli Şuranın və onun prezidentliyə vahid namizədi Cəmil Həsənlinin böyük uğurudur. Azərbaycan xalqının artıq biganəlik mərhələsini aşdığını göstərir. Xalqın özünə inamının, qələbəyə ümidinin bərpa olunduğunu nümayiş etdirir. Hesab edirəm ki, bundan sonrakı aksiyalarda bu tendensiyanı biz müşahidə edəcəyik. İlk mitinq belə uğurlu başladısa, deməli, kampaniya müddətində bizi uğurlu aksiyalar gözləyir”.

İsa Qəmbər: “Videodebatlardakı uğurundan sonra bu mitinqi də Milli Şuranın növbəti uğuru saymaq olar”

Müsavat başqanı İsa Qəmbərin də fikrincə, keçirilən aksiya C.Həsənlinin Milli Şuranın vahid namizədi kimi xalqla ilk görüşü kimi çox uğurlu alındı: “Keçirilən mitinq müəyyən mənada mənə 2003-cü ildə sentyabrın 7-də ”Qələbə" meydanında “Bizim Azərbaycan” blokunun keçirdiyi mitinqi xatırlatdı. Aksiyadan artıq hiss olundu ki, Milli Şuranın gələcək mitinqləri üçün bu stadion azlıq edəcək. Biz on min nəfərin aksiyamızda iştirak edəcəyini proqnozlaşdırmışdıq. Amma düşünürəm ki, aksiyada on minlə iyirmi min arasında insan iştirak edirdi. Ən önəmlisi odur ki, həm mitinqdə iştirak edənlərdə, həm də onu kənardan müşahidə edənlərdə proseslə bağlı böyük maraq var idi. Xüsusən aksiyaya gənclərin çoşqusu diqqətə layiq idi. Bu, Cəmil Həsənliyə və onun təmsil etdiyi demokratik düşərgəyə inamdan, etimaddan irəli gəlir. Gənclər, cəmiyyət inanırsa, deməli, qələbəyə yaxınıq. Mitinqi uğurlu hadisə hesab edirəm. Cəmil Həsənlinin teledebatlardakı uğurundan sonra bu mitinqi də Milli Şuranın növbəti uğuru saymaq olar".