BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun adı 48 milyonluq yeyinti qalmaqalında

Ziya Məmmədovun adı 48 milyonluq yeyinti qalmaqalında

25-09-2013, 09:15
Oxunub: 3 957 Son vaxtlar Azərbaycan Dövlət Dəmir Yolları QSC İdarə Heyətinin sədri Arif Əsgərovun və onun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı 48 milyon manatlıq yeyintidə hallanır. Yada salaq ki, bir neçə gün öncə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Qaranlıq maliyyə əməliyyatlarında onun qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar. Zərərçəkənlərdən biri, mərhum vitse-spiker Zakir Zeynalovun ailəsi artıq prezidentə müraciət edib. Z.Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə başına gələnlər haqda müraciət ünvanlayaraq dövlət başçısından kömək diləyib.
Məlumatlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, A.Əsgərovun ətrafında baş verən bu çoxmilyonluq yeyinti qalmaqalı əslində nəqliyyat naziri Ziya Məmmədova qarşı yönəlmiş assimetrik hücumdur. Hakimiyyətdəki rəqibləri nəqliyyat nazirini birbaşa yox, dolayı yolla zərərsizləşdirməyə və zəiflətməyə start veriblər. Dəmir yolu təsərrüfatı Nəqliyyat Nazirliyinə tabedir. Heç şübhəsiz ki, burada baş verən istənilən neqativ hala görə Z.Məmmədov mənəvi və hüquqi məsuliyyət daşıyır. Üstəlik, Arif Əsgərovla Ziya Məmmədov yaxın dostdur. Hətta ailələri, övladları da bir-biriləri ilə yaxınlıq edirlər. Şübhəsiz ki, Dəmir Yolu İdarəsində baş verən 48 milyonluq yeyintidən Z.Məmmədov xəbərsiz olmayıb. Bu, indiki reallıqda heç mümkün də deyil. Hazırkı idarəetmə sistemindəki korrupsiya mexanizmi aşağıdan yuxarı bir-birinə zəncir həlqəsi kimi bağlıdır. Bir yerdə cüzi bir yeyintini gizlətmək mümkün deyil, o ki qalmışdı 48 milyon həcmində böyük bir vəsaiti A.Əsgərov təkbaşına həzm-rabedən keçirə. Ona görə də hakimiyyətdəki rəqibləri bu faktı Z.Məmmədovun əleyhinə fırlatmağa cəhd edirlər. Mənbənin iddiasına görə, 48 milyon qalmaqalı hakimiyyətin lap üst qatında da müzakirə olunub və bu haqda Arif Əsgərovun şefi Ziya Məmmədova xeyli suallar ünvanlanıb…
Xatırladaq ki, Z.Məmmədovla rəqabət aparan hakimiyyətdaxili qrup(lar) nəqliyyat nazirinin mövqelərini sarsıtmaq, onu prezidentin və ictimaiyyətin gözündən salmaq üçün vaxtaşırı fəaliyyət göstərirlər. Bu məsələlərdə əsas hədəf kimi nazirin oğlu Anar Məmmədov seçilir. Bir neçə il öncə A.Məmmədovun haqqında yayılan bir xəbər həm Məmmədovların reputasiyasını xeyli zədələdi, həm də bu ailənin ölkənin iki aparıcı və çoxtirajlı qəzetləri ilə münasibətlərini xeyli korladı. Təəssüf ki, həmin qalmaqalda Məmmədovlar rəqiblərinin qazdığı “quyuya” asanlıqla düşdülər.
Oxşar olay bu ilin yayında baş verdi. Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer 17 iyul tarixli köşəsində adını gizli saxladığı mənbələrə istinadla Z.Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdənini güllələdiyini, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təkzib göndərmişdi. Lakin həmin təkzib bu günə qədər çap olunmayıb.
İndi isə Z.Məmmədovun “sağ əli” sayılan Arif Əsgərov və onun oğlu hədəfə götürülüb. Mənbənin sözlərinə görə, 48 milyonluq yeyinti məsələsinə nəinki şişirtmə yoxdur, əksinə, məsələ bir qədər kiçildilmiş formada ictimailəşib: “Ziya Məmmədovun ətrafında belə korrupsiya ocaqları yetərincədir. Konkret Arif Əsgərovla bağlı məsələyə gəldikdə isə bu, nəhəng korrupsiya ocaqlarından yalnız biridir. Özü də söhbət 48 milyondan yox, daha böyük məbləğli yeyintidən gedir. Ancaq informasiyanın ictimailəşməsində maraqlı olan qrup hələlik yalnız faktın bir hissəsini yaymaqda maraqlı olub. Çünki işdə adı hələlik ictimaiyyətə bəlli olmayan iri çaplı məmurların da adı keçir. Əgər yeyinti faktı tam şəkildə aşkarlansa, onda onların da adını açıqlamaq lazım gələcək. Bu isə Z.Məmmədovla rəqabət aparan qrupun maraqlarına uyğun deyil – ən azı indiki situasiyada”.
Mənbə bildirir ki, A.Əsgərovun həbsdə olan qohumu R.Hüseynovdan A.Əsgərov və Z.Məmmədovun əleyhinə ifadə alacaqlar: “Təbii ki, 48 milyon manatlıq yeyinti təkcə R.Hüseynov səviyyəsində mənimsənilə bilməzdi. Eyni zamanda Z.Məmmədovun bu işdən xəbərsiz olması da mümkün deyil. İstintaq bu məqamların üzərində xüsusi dayanacaq”.
Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq. (musavat.com)