BolgeXeber.Com » Analitika » Müəllimlər valideynləri pulsuz kitabları bazardan pulla almağa məcbur edirlər

Müəllimlər valideynləri pulsuz kitabları bazardan pulla almağa məcbur edirlər

25-09-2013, 10:20
Oxunub: 4 468 Arxasında “Pulsuz” yazılmış və büdcə hesabına nəşr olunmuş kitablar bazara necə yol tapır?

Təhsil naziri dəyişsə də, “təhsil biznesi”ndə hələ də yenilik gözə dəymir. Mikayıl Cabbarov sabiq təhsil naziri Misir Mərdanovu əvəz etdikdən sonra bəzi deputatlar yeni nazirin ünvanına səslənən tənqidlərə cavab olaraq bildirirdilər ki, ona işləmək üçün vaxt vermək lazımdır. Ancaq hazırda məktəblərdə elə hallar yaşanır ki, bunu aradan qaldırmaq üçün vaxta ehtiyac yoxdur.

Bu il dövlət büdcəsində təhsil xərcləri 1,5 milyard manat səviyyəsində nəzərdə tutlub. Rəqəmə baxdıqda bir çox MDB ölkələri arasında öyünə bilərik. Amma reallığa baxanda mənzərə tam başqadır. Təbii ki, həmin 1,5 milyard manatın içində kitabların çapı üçün vəsait də nəzərdə tutulub. Kitablar nəşr olunub - buna söz ola bilməz. Nəşriyyat xərclərində kimin və hansı mexanizmlərlə korrupsiyaya yol verdiyini müzakirə etmək fikrində deyilik. Amma görünür, bu korrupsiya kimlərəsə azlıq edir və dövlətin hesabına balacalar üçün çap olunmuş pulsuz kitabların bazarını da açıblar.

Redaksiyamıza müraciət edən və adını açıqlamaqdan ehtiyatlanan bir valideyn rus bölməsinin 1-ci sinfi üçün “Azərbaycan dili” kitabını da özü ilə gətirmişdi. Kitabın arxasına baxdıqda “5 AZN” qeydini gördük və belə bir kitab üçün qiymətin yüksək olduğunu dedik. Amma valideyn söhbətin qiymətdən getmədiyini dedi və bizə diqqətlə baxmağı təklif etdi. Baxdıq və qiymətin yazıldığı kağızın sadəcə, kitabın arxasına yapışdırıldığını gördük. Kağızın rəngi kitabla eyni olduğuna görə ilk baxışda bunu görmək asan deyil...

Sonra valideyn kağızın altına da diqqətlə baxmağımızı istədi və orada “Pulsuz” sözünün solğun siluetini görə bildik. Kağızın kənarını qoparıb qaldırdıqda isə kitabın arxasında həqiqətən də “Pulsuz” qeydinin yer aldığını dəqiqləşdirdik. Valideynin sözlərinə görə, müəllim bu kitabı 28 May metrostansiyası ətrafından almağı tapşırıb və o da 5 manat verib həmin kitabı alıb.
Qısa araşdırmadan sonra məlum oldu ki, kitab Təhsil Nazirliyinin “XXI” Yeni Nəşrlər Evi tərəfindən çap olunub. Təbii ki, büdcə vəsaitləri hesabına... Amma kitabın balacalara pulsuz paylanması nəzərdə tutulsa da, bazarda satışa çıxarılıb və valideynləri göndərirlər ki, kitabı pulla alsınlar. Bununla da Təhsil Nazirliyi iki istiqamət üzrə qazanır: Birincisi, nəşriyyat xərclərinin şişirdilməsi formasında, ikincisi, kitabların satışından.

Həmçinin valideyn başqa bir məsələni də diqqətimizə çatdırdı. Onun sözlərinə görə, Azərbaycan təhsilində dünya boyunca analoqu olmayan bir sistem tətbiq olunur - rus bölməsində təhsil alan 1-ci sinif şagirdlərinə paralel olaraq 3 dil - rus, Azərbaycan və ingilis dilləri tədris olunur. Xarici dil öyrənənlər yaxşı bilirlər ki, dilləri paralel öyrənmək hətta böyüklər üçün də mürəkkəb və uğursuz bir prosesdir. 1-ci sinif uşaqlarını belə mürəkkəb prosesə cəlb etmək praktik olaraq onları intellektual cəhətdən məhv etmək anlamına gəlir. Sovet təhsil sistemində xarici dilin tədrisinə 5-ci sinifdən başlanılırdı və bu sistem effekt verirdi. Hətta dilçi ekspertlər xarici dil öyrənməyə ən tez 15 yaşında başlamağı məsləhət görürlər. Çünki hər hansı xarici dili öyrənmək üçün uşaqlar ən azı bir dilin, məsələn, öz ana dilinin strukturunu qavramalıdırlar. Amma 1-ci sinif şagirdi hətta öz ana dilini də bilmir. Bu halda rus bölməsinin 1-ci sinif uşaqlarına eyni vaxtda üç dili tədris etməklə onları bütün dillərdən məhrum edirlər. Valideynin fikrincə, bunun səbəbi Təhsil Nazirliyinin kitab biznesindədir. Yəni daha çox kitab çap edib satmaq naminə ibtidai sinifləri ifrat dərəcədə yükləyirlər, nəticədə uşaqlar proqramın içində itib-batırlar və məhsuldarlıq minimuma enir. Onun müşahidələrinə görə, nəinki 1-ci sinif uşaqlarının, hətta 3-cü sinif uşaqlarının da öz çantalarını daşımağa gücü çatmır. Səbəbsə biznes xatirinə tədris proqramının ağırlaşdırılmasıdır.

Proqramı ağırlaşdırma metodlarından biri də “İş dəftəri”dir. Təhsil Nazirliyi bir tərəfdən bunun məcburi olmadığını və proqramda nəzərdə tutulmadığını deyir, o biri tərəfdən məktəblərə göstəriş verir ki, “Çaşıoğlu” və “Radius” nəşriyyatlarının çap etdikləri iş dəftərlərinin satışını təşkil etsinlər. Müəllimlər də valideynləri məcbur edirlər ki, biri 5 manatdan olmaqla çoxlu sayda iş dəftəri alsınlar. Bununla da daha bir “milyonçu təhsil bazarı” formalaşır. Yeganə fərq odur ki, əvvəllər bu bazarların xeyrini Misir Mərdanov görürdü, indi Mikayıl Cabbarov görür.