BolgeXeber.Com » Analitika » Kənd təsərrüfatında artımın “sirri” bəlli oldu

Kənd təsərrüfatında artımın “sirri” bəlli oldu

25-09-2013, 11:55
Oxunub: 4 383 Aqrar sektorla bağlı inkişaf statistikası təqdim edilsə də, idxalın artması bu artımı inkar edir

Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxaldan asılılığı artıq 60-70 faizə çatıb. Bu rəqəm ildən-ilə də artır. Hökumət ərzaq təhlükəsizliyini təmin etmək üçün 2006-ci ildən dövlət proqramı qəbul edib və hər il yüz milyonlarla manat pulu bu istiqamətə yönəldirlər. Əldə olunan nəticə isə süd, ət, kartof və sair bu kimi məhsulların istehsalının daha da azalması olub. Taxıl istehsalının artdığını göstərsələr də, faktiki olaraq un və buğda idxalı iki dəfə artıb. Hökumət isə bəyan edir ki, 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında 4 faiz artım qeydə alınıb.

Hətta kənd təsərrüfatı naziri İsmət Abasov «Respublika» qəzetində dərc etdirdiyi məqalədə yazır ki, 2013-cü ildə bu sahədə təxminən 6-7 faiz artım olacaq. Məqalədə bildirilir ki, 2013-cü ildə məhsul təminatı məqsədilə 1,033 milyon hektar sahədə payızlıq və yazlıq dənli paxlalı bitkilər yetişdirilib ki, onun da 67 faizini buğda təşkil edir. Nazir öz yazısında qeyd edir ki, yığılan məhsulun həcmi ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 4,3 faiz çoxdur: «2,72 milyon ton həcmində dənli və dənli-paxlalı məhsul yığılıb ki, onun da 1,88 milyon tonunu buğda təşkil edir.

Ümumilikdə, 2003-2012-ci illər ərzində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə edilib. Bu baxımdan Dövlət Proqramı müstəsna rol oynayır. Onun uğurla icra edilməsi nəticəsində əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr eldə edilib. Məsələn, 2003-cü ildə adambaşına 246 kiloqram taxıl düşürdüsə, ötən ilin yekununda bu göstərici 292 kiloqram təşkil edib. Göstərilən dövrdə adambaşına kartof istehsalı, tərəvəz , bostan bitkiləri, şəkər çuğunduru, ət, süd, yumurta yüksəlib».

Burada ortaya belə bir sual çıxır: Nazirin adını çəkdiyi bütün məhsulların idxalı niyə artıb? Əgər istehsal artıbsa, o zaman idxal hansı məntiqlə yüksəlir? Kənd təsərüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə deyir ki, kənd təsərrüfatı sektorunda artan yalnız məhsulların qiymətidir: «Son ildə əksər kənd təsərrüfatı məhsullarının qimyəti 100 faiz və daha çox artıb. Rəqəmlərin sanballı göstərilməsi üçün hökumət statistikanı şişirtməyə çalışır. İdxalla istehsalı müqayisə etdikdə tərs mütənasiblik yaranır».

V.Məhhərəmov bildirir ki, son 10 ildə kənd təsərrüfatı məhsullarının idxalı 300 milyon manatdan 1,3 milyard manata yüksəlib: «Bu onu göstərir ki, aqrar sektorda inkişaf mövcud deyil. Bəzi sahələrdə geriləmə, bəzilərində isə, ümumiyyətlə, tənəzzül var. Məsələn, əvvələr ehtiyacımızı ödəmək üçün 500-700 min ton taxıl idxal edirdiksə, indi bu rəqəm 1 milyon 400 minə yüksəlib. Bunanla yanaşı, un idxalı artıb. Süd idxalı 200-250 min ton idisə, hazırda idxal 700 min tona qalxıb. Eləcə də ət və digər ərzaq məhsullarında eyni vəziyyət hökm sürür. 2006-ci ildən sonra aqrar sektorun inkişafında sürətlə geriləmə gedir. Son 8 ayın idxal rəqəmlərinə görə, 61,5 faiz taxıl, 49,5 faiz kəsim üçün nəzərdə tutulan mal-qara, 13,8 dəfə un, 59 faiz balıq artıb».

O ki qaldı hökumətin göstərdiyi artımın «sirri»nə, ekspert vurğulayır ki, onlara qiymət bahalaşması köməyə gəlir. Çünki hökumət kənd təsərrüfatı məhsullarını daha çox istehsal həcmi ilə deyil, dəyərlə göstərməyə meyllidir: «Tutaq ki, 2 milyard manatlıq məhsul istehsal olunduğunu göstərirlər. Bu da əvvəlki illə müqayisədə 5 faiz çox ola bilər. Qiymət artımı statistika artımına bu şəkildə kömək edir. Hər hansı bir məhsulun istehsalı barədə məlumat verirlərsə, biz bunu idxalla müqayisə etməklə şişirdildiyini görürük. Kənd təsərrüfatı sahəsi tamamilə dağıdılıb. Taxıl əkirlər, yığmaq üçün texnika çatışmır, fermerlər zərərə məruz qalır. Mal-qara arasında xəstəlik yayılır, qarşısını almaqda çətinlik çəkirlər» (bizim yol).