BolgeXeber.Com » Analitika » Zərdüşt Əlizadə qardaşının debatlardakı çıxışlarını pislədi

Zərdüşt Əlizadə qardaşının debatlardakı çıxışlarını pislədi

25-09-2013, 13:35
Oxunub: 4 223 İctimai Televiziyada prezidentliyə namizədlərin debatlarında baş verən qalmaqal günün aktual mövzuları sırasındadır. Debatlarda nümayiş etdirdiyi mövqe ilə ASDP sədri Araz Əlizadə də tamaşaçılarda maraq yaradıb. “Bizim yol”un debatlara münasibətini öyrəndiyi politoloq, Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə hesab edir ki, İTV-dəki devatlarda hərə öz qabiliyyəti, funksiyası və bacarığı çərçivəsində çıxış edir: “Oktyabr seçkilərində yalnız Cəmil Həsənli və İlham Əliyev arasında intriqa və rəqabət gedir. Başqa namizədləri də irəli veriblər, onlar da Cəmil müəllimə hücum edirlər. Bu adamların bəzilərinin birinci funksiyası Cəmil Həsənlini pisləmək, ikinci funksiyası isə demokratik seçki görüntüsü yaratmaqdır”. “Hətta qardaşınız Araz Əlizadə də bu sıradadır” sualına politoloq belə cavab verib: “Mən hamısını nəzərdə tuturam. Çünki Azərbaycan siyasi səhnəsi elə qurulub ki, hakimiyyətin istəmədiyi, icazə vermədiyi bir nəfər olsun belə seçkidə iştirak edə bilməz. Məsələn, İlqar Məmmədovun seçkidə iştirakını istəmədilər, şərləyib həbs etdilər. Yaxud Rüstəm İbrahimbəyovun seçkiyə qatılmasını istəmədilər, ölkəyə qayıtmasına imkan vermədilər. Cəmil Həsənli onlar üçün o qədər də təhlükəli deyil. Ancaq Cəmil müəllim ənənəvi müxalifətin bütün iradlarını qatılaşmış şəkildə birdən-birə ifadə etdi. Bu da hakimiyyəti çox qəzəbləndirdi, hazırda bütün imkanlardan istifadə edib onu susdurmaq istəyirlər. Təsəvvür edin ki, debat vaxtı kabel televiziyası bizim rayonda efiri dayandırdı. Bəli, Cəmil müəllim çıxışlarını davam etdirəcək, ancaq çifayda, seçki mühitinin olmaması səhrada dayanıb danışmağa bənzəyir”.

Z.Əlizadə “qardaşınızın çıxışına münasibətinizi necə qiymətləndirirsiniz” sualına belə cavab verib: “Məni tanıyan adamlar bilir ki, necə münasibət göstərəcəyimi də bilirlər. Mənim siyasi mövqeyim, baxışlarım hamıya bəllidir. Onun çıxışlarında sosial-demokratizm yox, yalnız hakimiyyətin izlədiyi, güddüyü məqsədlərin gerçəkləşməsi vardı”.