BolgeXeber.Com » Analitika » ARDNŞ-in 3 milyonluq kitabı ətrafında qalmaqal böyüyür

ARDNŞ-in 3 milyonluq kitabı ətrafında qalmaqal böyüyür

25-09-2013, 17:10
Oxunub: 4 550 Dövlət Neft Şirkəti "Partnyor" Elmin İnkişafına Dəstək İctimai Birliyinə ”Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayırılması barədə məlumatı təkzib edir.

Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “Azadlıq” radiosuna bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə məktub hazırlanır.

“Biz məsələni araşdırdıq , bəlli oldu ki, həqiqətəuyğun məlumat deyil. İndi bu məsələyə düzəliş olunması üçün Ədliyyyə Nazirliyinə məktub hazırlanır. Elə ola bilməz axı. Kitaba ümumilikdə nə qədər pul ayrılıb - bunu hüquqşünaslar daha yaxşı bilər. Mən bu barədə məlumatsızam” - deyə Nizaməddin Quliyev bildirib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına deyib ki, şirkət təkzib etsə də araşdırmalar əksini sübut edir: “Ədliyyə Nazirliyinin rəsmi saytında bu ilin 6 ayında ARDNŞ tərəfindən «Partnyor» Elmin İnkişafına Dəstək İctimai Birliyinə 4107 858 (dörd milyon yüz yeddi min səkkiz yüz əlli səkkiz) manat qrant ayrıldığı göstərilir. Bu məlumata yalnız ictimailəşəndən sonra reaksiya gəlib. Məsələdə adı hallandırılan “Partnyor” təşkilatı açıqlama vermir. Bizim təşkilatın araşdırmaları isə qrantın fantastik olduğunu söyləməyə əsas verir”.

Hüquq müdafiəçisi ARDNŞ-in “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinə fransız liseyinin və Bakı İstedadlar Təhsil Mərkəzinin yaradılması üçün 1 milyon manat ayrıldığına da diqqət çəkib.

M.Qəıhrəmanlı qrant layihələrinin icrasına dair geniş məlumatlar verilməməsini də tənqid edib.

Xatırladaq ki, “Partnyor” Elmin İnkişafına Dəstək İctimai Birliyi ötən ilin əvvəlində yaradılıb. Birliyin saytında bildirilir ki, indiyədək ARDNŞ-in Elm Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin energetik resursları - reallıq və proqnoz” mövzusunda I beynəlxalq konfrans keçirilib. 5-10 avqust, 2012-ci il tarixində Avstraliyanın Brisben şəhərində keçirilmiş 34-cü Beynəlxalq Geoloji Konqresdə AMEA-nın Geologiya İnstitutunun alimlərinin iştirakı təmin edilib, təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, akademik sistemində fəaliyyət göstərən, sahə üzrə aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə elan edilmiş müsabiqə ilə əlaqədar olaraq kompleks tədbirlərin görülüb. AMEA-nın Kibernetika İnstitutunun aparıcı mütəxəsislərinin “Neft sənayesində nanotexnalogiyaların yaradılması və tətbiqində risklərin elmi əsaslarının işlənməsi” mövzusunda layihənin maliyyələşdirilib.

Perspektiv layihələr bölümündə isə ARDNŞ-in Elm Fondunun 2012-ci ildə elan etdiyi sahə üzrə elmi-tədqiqat layihələrinin müsabiqə qaliblərinin elmi işlərinin mərhələli maliyyələşdirilməsi, ARDNŞ və Milli Aviasiya Akademiyası ilə 2013-cü il üçün birgə layihələr üzrə əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və həyata keçirilməsinin nəzərdə tutulduğu göstərilib.

Birliyin partnyorlarına gəldikdə isə Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası (MAA) və ARDNŞ-in Elm Fondu və Elmi Tərəqqi Fondu olduğu yazılıb. Birliyə Aygün Namazova rəhbərlik edir.