BolgeXeber.Com » Analitika » İlham Əliyev Hüseyn Arabulu tənqid etdi

İlham Əliyev Hüseyn Arabulu tənqid etdi

26-09-2013, 08:50
Oxunub: 3 740 Sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanışlıq zamanı prezident İlham Əliyev keçmiş “Barmek-Azərbaycan” şirkətini tənqid edib, bu şirkəti təsərrüfatı dağıtmaqda, oğurluqda, elektrik təchizatını aşağı səviyyədə təmin etməkdə və əhalini narazı salmaqda günahlandırıb.

Türkiyəli iş adamı Hüseyn Arabulun rəhbərlik etdiyi “Barmek-Azərbaycan” şirkəti 2002-2006-cı illərdə Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkələrini idarə edib. 2006-cı ildə hökumət müqaviləni ləğv edib. Hüseyn Arabul və şirkətin bir neçə rəhbər işçisi istintaqa cəlb olunaraq müxtəlif müddətli şərti həbs cəzası alıb. 5 il sınaq müddətinə şərti cəzaya məhkum edilən Hüseyn Arabula Azərbaycan ərazisindən çıxmaq yasaqlanıb. 2009-cu ilin iyununda o, Azərbaycan-Gürcüstan sərhəd-nəzarət məntəqələri arasında olan ərazidə tutulub, dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Həmin ilin oktyabr ayında Hüseyn Arabul yenidən şərti azadlığa buraxılıb. Bir müddət sonra isə ona Azərbaycan ərazisindən çıxmağa icazə verilib. 73 yaşlı Hüseyn Arabul hazırda Türkiyədə yaşayır.

Virtualaz.org saytı AzərTAc-a istinadla xəbər verir ki, sentyabrın 25-də 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanışlıq zamanı yarımstansiyanın kollektivi ilə görüşən prezident İlham Əliyev deyib ki, Bakının elektrik təsərrüfatı yeniləşir, müasirləşir: “Son illər ərzində bu sahəyə qoyulan investisiyalar yarımstansiyaların tikintisində də özünü göstərməkdədir. Siz də, mən də yaxşı xatırlayırıq ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Bu işin nəticəsində demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu.

Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Həm şəbəkənin əməkdaşları peşəkarlıq nümayiş etdiriblər, eyni zamanda, dövlət büdcəsində hər il şəbəkənin inkişafına əsaslı vəsait, kapital qoyuluşu nəzərdə tutulur. Bax, bu iki istiqamətin inkişafı nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb, ən gözəl texnoloji şərtlər tətbiq olunub. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan verib. Beləliklə, biznes mühiti bu imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunmalıdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq”.

Dövlət başçısı vurğulayıb ki, Bakı Elektrik Şəbəkəsinin uğurla fəaliyyət göstərməsinə çox şaddır: “Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz – şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaq.

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır. Demək olar ki, iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır.

Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır. Postsovet məkanında, hesab edirəm ki, Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir”.