BolgeXeber.Com » Analitika » Müavini Rövnəq Abdullayevə qarşı “ikinci cəbhə”ni açdı

Müavini Rövnəq Abdullayevə qarşı “ikinci cəbhə”ni açdı

26-09-2013, 09:00
Oxunub: 3 868 Futzal üzrə FİFA referisi Elçin Məmmədov bu dərəcədən imtina edəndən sonra AFFA daxilində və qurum ətrafında maraqlı olaylar baş verir. Elçin Məmmədovun bu addımı və AFFA rəhbərliyini, konkret olaraq qurumun baş katibini sərt tənqid etməsi barədə barədə virtualaz.org-da ətraflı məlumat vermişdik.

Həmin məlumatlarda deyilirdi ki, Elçin Məmmədov bu addımı AFFA-nın baş katibi Elxan Məmmədova görə atmış, onun qaranlıq əməllərinin olduğunu söyləmişdi. FİFA referisi vurğulamışdı ki, AFFA prezidenti Rövnəq Abdullayev maraqlanacağı təqdirdə baş katibin qaranlıq əməllərini açıqlayacaq.

FİFA referisinin baş katibi belə ittihama tuş etməsi cəmiyyətdə təəccüblə qarşılandı. Çünki AFFA-dan asılı olan, daim qurum rəhbərliyinin tapşırıqlarını yerinə yetirən hakimlər nəinki tənqdilərə, hətta danışmağa da adətən meylli olmurlar. Elçin Məmmədovun gözlənilmədən danışması, üstəlik ciddi ittihamlar səsləndirməsi isə bəzi suallar yaradıb.

Virtualaz.org-un bu yöndə apardığı araşdırmalar zamanı maraqlı versiyalar ortaya çıxıb. AFFA-da çalışan yüksək vəzifəli şəxsin saytımıza verdiyi məlumata görə, Elçin Məmmədovun danışması on milyonlarla manat pulun dövr etdiyi futbol təsərrüfatında gedən pərdəarxası oyunların tərkib hissəsidir.

Mənbəmiz deyir ki, Elxan Məmmədov AFFA-nın və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun adamı hesab olunur: “AFFA-nı da de-fakto Elxan Məmmədov idarə edir. Son günlər Rövnəq Abdullayevin AFFA prezidenti postundan uzaqlaşdırılacağı, onun yerinə isə “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun gətiriləcəyi bildirilir. Elşad Nəsirov bu mübarizədə Abdullayevin artıq çoxdan uduzmasının fərqindədir. Ona görə də AFFA-ya nəzarəti itirməmək üçün öz namizədini quruma prezident təyin etdirmək istəyir. Onun namizədi isə baş katib Elxan Məmmədovdur”.



Mənbəmizin verdiyi məlumata görə, əslində Elşad Nəsirov Elxan Məmmədovun namizədliyi yönündə fəaliyyətə başlamaqla Rövnəq Abdullayev üçün “ikinci cəbhə” açıb: “Bunun ardınca Abdullayevin komandası cavab həmləsi etmək məcburiyyətində qalıb. Elçin Məmmədov Rövnəq Abdullayevin adamı sayılan PFL-in prezidenti Ramin Musayevin sifarişi ilə mətbuata açıqlama verərək Elxan Məmmədovu qaranlıq əməllərdə ittiham edib”.

AFFA-dakı qaynağımız onu da bildirir ki. bu açıqlama ilkin xəbərdarlıqdır. Ardınca Elxan Məmmədovla bağlı kompromatlar mətbuata sızdırılacaq və o, korrupsioner biri kimi təqdim ediləcək.

Mənbəmizin iddiasına görə, Abdullayevin dəstəsinin baş katiblə bağlı ciddi kompromatlara malik olması tamamilə mümkündür: “Çünki Elxan Məmmədovun fəaliyyəti şəffaf deyil. Baş katib Elşad Nəsirovla birlikdə Azərbaycan futbolunda çirkli vəsaitin “yuyulması”na da nəzarət edib. Bütün bu faktlar mətbuata ötürülə bilər”.

AFFA-dan sızdırılan bilgilərdə deyilir ki, Rövnəq Abdullayevin qurumdakı mövqeyi gündən-günə zəifləyir. Müavini tərəfindən özünə qarşı “ikinci cəbhə”nin açılması onu çıxılmaz vəziyyətə salıb. Belə durumda Abdullayevin qrupunun bir yolu qalır - tarana getmək. Bunun kimə nə verəcəyini isə zaman göstərəcək...