BolgeXeber.Com » Analitika » İsmət Abbasovun oğlunun İngiltərədə yeni mülkləri aşkarlandı

İsmət Abbasovun oğlunun İngiltərədə yeni mülkləri aşkarlandı

27-09-2013, 09:45
Oxunub: 3 800 Britaniya vətəndaşı olan nazir oğlu Yunis Abbasov Londonda kef-damaq içərisində yaşayır
“Meydan TV” kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Böyük Britaniyada aşkarlanmış mülkləri haqqında xüsusi araşdırma reportaj hazırlayıb. Reportajı fəal blogger Emil Milli təqdim edib. Emin Milli qeyd edib ki, Azərbaycan telekanalları bütün günü Avropa ölkələrinin iqtisadi böhran içində batdığını efirə versələr də, yerli məmurların çoxu Avropada daşınmaz əmlak biznesinə yatırım qoyur.
“Belə məmurlardan biri kənd təsərrüfatı naziri İsmət Abbasov və onu ailə üzvləridir. Bildiyiniz kimi, nazirlər həmin mülkləri şəxsən öz adlarına yox, öz uşaqlarının adına keçirirlər.
Onlar Azərbaycandan oğurladıqları pulları ”maliyyə böhranı içində batan" Avropadakı daşınmaz əmlak bazarına qoyurlar. Burada bank hesabları açıb, bizneslərini genişləndirirlər. Onlar hətta övladlarına xarici vətəndaşlıq belə alırlar. Onlardan biri də İsmət Abbasovun oğlu Yunis Abbasovdur. Qeyd edim ki, bir müddət öncə “Azadıq” qəzetində Yunis Abbasovun Britaniyada bir binanı satın aldığı ilə bağlı araşdırma yazı təqdim edilmişdi. Araşdırmanı Avropada siyasi mühacir kimi yaşayan Murad Həsənli təqdim etmişdi".
Emin Milli qeyd edib ki, “Meydan TV” olaraq nazir oğlunun 2006-cı ildə satın aldığı 4 milyon funt sterlinq qiymətində, Londonun Dooklont ərazisində aldığı malikanəni görüntüləyə biliblər: “Bundan əlavə, onun Londonun ”Kingston upon Thames" deyilən ərazisində 2012-ci ildə aldığı daha bir malikanəsi var. Biz eyni zamanda onun Britaniyada 300 min dollarlıq “Bentley” maşınını sürdüyünü çəkə bildik. Maraqlı fakt ondadır ki, Yunis Abbasov Britaniya vətəndaşıdır. Demək olar ki, hər gün Azərbaycanın yerli televiziya kanalları Avropanın batmasından danışır. Amma məmur övladları Avropa vətəndaşlığı almaq üçün can atır. Ora pullar yatırırlar. Azərbaycanın vergi sistemindən bu pulları gizlədirlər. Onlar sonra Avropaya köçüb yaşayırlar. Biz isə sizinlə “çiçəklənən Azərbaycanda” yaşayırıq".
Qeyd edək ki, Youtube saytı üzərindən yayılan “Meydan TV”nin bu reportajı hədsiz marağa səbəb olub. Videonun izlənmə sayı 13 mini keçib.