BolgeXeber.Com » Analitika » Misir Mərdanovun «yadigarları» TN-in büdcəsini dağıdır

Misir Mərdanovun «yadigarları» TN-in büdcəsini dağıdır

27-09-2013, 11:40
Oxunub: 4 786 Faiq Şahbazlı və İlyar Vahabov necə milyonçuya çevriliblər?
Nazir Mikayıl Cabbarov bu şəxsləri vəzifədən azad etməlidir

Sabiq nazir Misir Mərdanovun dönəmində təhsil sisteminin ən problemli məsələlərindən biri də dərsliklərlə bağlı idi. Uzun illərdir Təhsil Nazirliyində (TN) dərslik və nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyən Faiq Şahbazlının qanuna sığmayan əməlləri nəticəsində hər yeni dərs ilində dərsliklərlə bağlı müxtəlif problemlər üzə çıxır. Misir Mərdanovu əvəzləyən Mikayıl Cabbarov vəzifəsinin icrasına başlayandan sonra nazirlik daxilində bir sıra kadr dəyişiklikləri həyata keçirsə də, nədənsə Faiq Şahbazlıya toxunmadı.

Amma nazir bilməli idi ki, Təhsil Nazirliyinin büdcəsinə divan tutan şəxslərdən biri, bəlkə də birincisi məhz dərslik şöbəsinin müdiridir. Qeyd edək ki, yeni nazirin təyinatından sonra vəzifəsində qalmağı bacaran şöbə müdiri bu dərs ili üçün dərsliklərin hazırlanmasında bəzi maxinasiyalara yol verib. Mikayıl Cabbarov yeni dərs ili başlayanda açıqlama verdi ki, II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllim üçün metodik vəsait hazırlanıb, çap edilib və yerlərə çatdırılıb. Nazir VI sinif dərsliklərinin ilk dəfə olaraq kurikulum əsasında hazırlandığını deyib. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub. Dərslər başlayandan sonra isə məlum oldu ki, şagirdlər arasında dərslik çatışmazlığı var. Məsələnin ictimailəşməsindən sonra nazir mətbuata açıqlama verərək bildirdi ki, əlavə dərsliklər çap olunaraq yerlərə çatdırılıb və problem aradan qaldırılıb. Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu məsələdə Faiq Şahbazlının günahı böyük olsa da, nazir onu cəzalandırmadı. Diqqətinizə çatdıraq ki, TN-in dərslik və nəşriyyatla bağlı olan bütün işlərini Faiq Şahbazlının rəhbərlik etdiyi şöbə yerinə yetirir.

Əldə etdiyimiz məlumatlara görə, 2013-2014-cü tədris ili üçün dərsliklərin hazırlanması məqsədilə dövlət tərəfindən milyonlarla manat vəsait ayrılıb. Şöbə müdirinə sual etmək istəyirik: həmin vəsaitlər hara yoxa çıxıb? Nəyə görə yeni dərs ili başlayan kimi şagirdlər kitab çatışmazlığı ilə üzləşməli idilər? Məgər, dövlət tərəfindən ayrılan vəsaitlə respublika üzrə şagirdlərin dərsliklərini çap etmək mümkün deyildi? İnanmırıq ki, şöbə müdiri bu sualların cavabını verə bilsin. Çünki həyata keçirdiyi maliyyə əməliyyatlarını ört-basdır edə biləcək arqumentlər ortaya qoya bilməyəcək. Biz Mikayıl Cabbarova demək istəyirik ki, nazirliyin dərslik siyasətində yaranan problemlərin birbaşa sorumlusu Faiq Şahbazlıdır. Cənab nazir, siz uzun illər boyu TN-in işini iflic edən Şahrza Əliyevi vəzifədən azad edəndə hər birimiz çox sevinmişdik. Ona görə ki, sabiq şöbə müdiri min cür oyundan çıxaraq dövlətin pullarını mənimsəmişdi. Dərslik şöbəsi müdirinin də bu kimi əyri işlərdə əlinin olması istisna deyil. Hörmətli nazir, yaxşı olardı ki, rəhbəri olduğunuz qurumun imicinə zərbə vuran şöbə müdiri haqqında bir tədbir görəsiniz.

Biz belə məlumatları yazmaqla əslində, sizin işinizin irəliyə getməsinə təkan veririk. Ola bilər ki, siz nazirlikdə fəsad törədən bəzi şəxslərin əməllərindən xəbərdar deyilsiniz. Amma sizi əmin edirik ki, Faiq Şahbazlı özbaşına işlərlə məşğuldur, onun fəaliyyəti tezliklə araşdırılmalıdır. Bu arada, sabiq nazir Misir Mərdanovun komandasından qalan özəl universitetlər üzrə koordinator İlyar Vahabovun da fəaliyyəti nöqsanlarla boldur. Bizə çatan informasiyaya görə, Təhsil Nazirliyinin nümayəndəsi Mikayıl Cabbarovun adından istifadə edərək bəzi özəl ali təhsil ocaqlarının rəhbərlərindən nəysə alır. Bu cür özbaşınalıqları yığışdırmaq lazımdır. TN şefinə çatdırmaq istəyirik ki, həm Faiq Şahbazlı, həm də İlyar Vahabov tutduqları qanunsuz əməllər nəticəsində milyonçuya çevriliblər. Sonda nazirdən xahişimiz budur ki, adıçəkilən şəxslərin fəaliyyətini hərtərəfli araşdıraraq dövlət büdcəsindən yeyilən pulların miqdarını aşkara çıxarsın. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.

gundelik-baku