BolgeXeber.Com » Analitika » Həmid Abbasov Kürdəmir torpaqlarını susuz qoyub

Həmid Abbasov Kürdəmir torpaqlarını susuz qoyub

27-09-2013, 16:05
Oxunub: 5 507 Mollakənd Mexaniki Suvarma İdarəsində dövlət əmlakı talan olunur
Qəzetimizin ötən saylarından birində Kürdəmirdə fəaliyyət göstərən Mollakənd Mexaniki Suvarma İdarəsinin fəaliyyətində yer almış bəzi nöqsanlara dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi material dərc olunmuşdu. Məlum olduğu kimi Kürdəmir rayonu iqlim şəraitinə görə respublikanın ən isti və quraq bölgələrindən biridir. Bu səbəbdən də rayon ərazisindəki bütün əkin sahələri suvarılan torpaqlardır. Mollakənd Mexaniki Suvarma İdarəsi 23971 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Lakin yerli fermerlər bu idarənin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Həmid Abbasov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Quraq keçən illərdə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. Redaksiyamıza əqdim olunan məlumatlarda həmçinin bildirilir ki, H.Abbasov öz vəzifəs səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından, idarənin resurslarından şəxsi məqsədlərlə istifadə edir, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır. Qeyd olunur ki, Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman sadə, lakin çox effektiv sxemdən istifadə olunur. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Digər tərəfdən isə idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da eyni üsulla nağdlaşdırılaraq mənimsənilir. Mənbə qeyd edir ki, Mollakənd Mexaniki Suvarma İdarəsinə hər ay təxminən 60-70 ton yanacaq ayrılır. Bu yanacağı idarə Ucarda yerləşən YSM bazasından almalıdır. Həmid Abbasovun rəhbərlik etdiyi idarədə görülən işlərə isə bu normanın yarısı belə artıqlaması ilə kifayət edir. Qalan yanacaq isə YSM bazası tərəfindən kənara satılır. Əldə olunan pul isə müəyyən olunmuş nisbətdə bu iki müəssisə rəhbəri arasında bölünür. Məlumatlarda bu da vurğulanır ki, H.Abbasovun daha bir gəlir mənbəyi kimi də idarənin balansında olan müxtəlif texnikanın müxtəlif fiziki şəxslərə icarəyə verilməsidir. Bildirilir ki, Mollakənd Mexaniki Suvarma İdarəsindən “Hyundai” markalı ekskavatorları bir ayı 5-6 min manata, JVC texnikasını isə təxminən 4-5 min manata icarəyə götürmək olar.

Məlumatlarda bildirilir ki, bütün bu maxinasiyaların hesabına H.Abbasov qısa müddətdə Kürdəmirdə “Embawood” salonunun yanında 2 mərtəbəli və uzunluğu 150 metr olan kommersiya obyektinə, Bakının “Vorovski” adlanan ərazisində şəxsi villaya, habelə Ukraynada şəxsi evə və kommersiya obyektinə sahib ola bilmişdir. Bütün bunlar isə Kürdəmirin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərinin, yerli fermerlərin son dərəcə narahatlığına səbəb olmuşdur. Onların fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda rayonun iqtisadi göstəricilərində nəzərəçarpan tənəzzül müşahidə oluna bilər.