BolgeXeber.Com » Analitika » Arif Əsgərov Zakir Zeynalovun ailəsi ilə anlaşıb?

Arif Əsgərov Zakir Zeynalovun ailəsi ilə anlaşıb?

28-09-2013, 09:20
Oxunub: 4 136 Dəmir Yolu idarəsinin rəisi dövlət rəhbərliyinin tapşırığından sonra Zeynalov qardaşlarına dəyən ziyanın ödəniləcəyinə söz verib
Milli Məclisin mərhum sədr müavini Zakir Zeynalovun övladları ilə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Arif Əsgərov arasında birinciyə dəymiş ziyanın ödənilməsi ilə bağlı anlaşma olub. A.Əsgərov Zeynalov qardaşlarının batmış pullarını qaytarmağa söz verib və bunun müqabilində mətbuata açıqlamaları dayandırmağı, oğlu Elnarın adını hallandırmamağı xahiş edib. Bu barədə “Yeni Müsavat”a etibarlı mənbələrdən məlumat daxil olub.
Yada salaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur. R.Hüseynov dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib.
Elnar Əsgərovun və onun xalası uşaqlarının bu misli görünməmiş maliyyə fırıldağının qurbanlarından biri də mərhum deputat Zakir Zeynalovun ailəsidir. Z.Zeynalov da A.Əsgərov kimi əslən Tovuz rayonundandır. O, Azərbaycanın görkəmli ziyalılarından və hüquqşünaslarındandır, Azərbaycanın indiki konstitusiyasının müəlliflərindən biridir.
Mərhum Zakir Zeynalovun ailə üzvləri üzləşdikləri fırıldaqla bağlı bundan əvvəl daxili işlər naziri Ramil Usubovun da qəbulunda olublar. Sonra isə Z.Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə başına gələnlər haqda müraciət ünvanlayaraq dövlət başçısından kömək istəyib.
Ç.Zeynalova prezidentə ünvanladığı məktubda yazırdı: “Hörmətli cənab prezident, təxminən 7-8 aya yaxındır ki, mən və oğlum Nazim evimizi satmışdıq. Fikrimizdə başqa ev almaq planı var idi. Lakin böyük oğlum Adil bir gün mənə bildirdi ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovla iş görəcək və ona müəyyən məbləğdə pul lazımdır. Belə ki, Elnarla aralarında olan danışığa əsasən müəyyən miqdarda vəsait qoymaqla yaxşı gəlir əldə etmək mümkün imiş. Adil məni inandırdı ki, Elnarla iş görsələr, pul geri qayıdarkən üstündə müəyyən məbləğ artıq qayıdar və bu da bizə qazanc olar. Pulları Adilə verdikdən sonra müvəqqəti olaraq kirayə evə köçməli olduq. Bir müddətdən sonra isə Adil mənə dedi ki, Elnar verdiyimiz pulu mənimsəyir və qaytara bilməyəcəyini deyir. Məsələ belə olunca dəfələrlə Arif Əsgərovla əlaqə yaratmağa çalışsam da bu heç cür mümkün olmayan bir işə çevrilirdi. Müraciətim və zənglərim cavabsız qalırdı. Hətta Arif Əsgərovun rəhbəri olduğu idarəyə dəfələrlə getməyimə baxmayaraq, məni qəbul etmədi və qapıdan qayıtmalı oldum. Günlərin birində nəhayət ki, Arif Əsgərovla telefonla danışa bildim və ona baş vermiş əhvalatı təfsilatı ilə bildirdim. Öz növbəsində isə Arif Əsgərov cavabında bildirdi: ”Bu məsələyə görə bir də məni narahat etməyin və oğlum Elnarın adını heç yerdə çəkməyin. Onsuz da heç nəyə nail ola bilməyəcəksiniz. Mənim sizə veriləsi pulum yoxdur. Kimə istəyirsiniz, hara istəyirsiniz, gedin və şikayətinizi edin. Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram. Danışığımız belə oldu və heç nəyi şişirtmirəm".
Məktubun sonunda mərhum deputatın xanımı prezidentdən dəstək istəyirdi.
“Yeni Müsavat”ı bilgiləndirən mənbənin sözlərinə görə, A.Əsgərovun geri çəkilməsinə səbəb dövlət rəhbərliyinin məsələyə müdaxiləsi olub. Məhz bundan sonra A.Əsgərov Zeynalov qardaşlarını çağıraraq onlarla anlaşma əldə edib. Bu məsələdə A.Əsgərovun patronu, nəqliyyat naziri Ziya Məmmədov da Zeynalov qardaşlarını müdafiə edib. Çünki qalmaqalda ölkənin tanınmış soyadlarından birinin adının hallanması onların ziyanına işləyirdi. Xüsusilə o halda ki, Zakir Zeynalov mərhum prezident Heydər Əliyevin yaxın adamlarından biri olub və indiki prezident də bu ailəni yaxşı tanıyır. Ona görə də nəqliyyat bosları Zeynalov soyadının qalmaqaldan kənarda qalmasında maraqlı olublar.
Düzdür, mənbənin iddiasına görə, Zeynalov qardaşları hələ pullarını geri ala bilməyiblər. Ancaq A.Əsgərov ziyanın qısa zaman ərzində ödənilməsinə təminat verib.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Z.Zeynalovun oğlu Adil Zeynalova zəng etdik. A.Zeynalov ilk sualımızı eşidən kimi “hələlik bir yenilik yoxdur, indi görüşdəyəm, bir neçə dəqiqədən sonra sizi yığaram” deyə telefonu qapatdı. Ancaq iş gününün sonuna kimi A.Zeynalov nəinki bizimlə əlaqə saxladı, hətta zənglərimizə də cavab vermədi. Bununla da dolayısı ilə A.Əsgərovla aralarında “anlaşma” olduğunu təsdiqləmiş oldu.
Bununla belə, Zeynalov qardaşlarının mövqeyini dərc etməyə hazırıq.